adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Avqust 2022 18:26
699
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: - Sevgisi də Polad olan...  

Bu sevgilər heç vaxt sarsılmır

 

Onu təkcə yazıçı, publisist, şair kimi deyil, həm də insan kimi özümə çox doğma bilmişəm. Demək olar ki, «Azərbaycan» nəşriyyatında onunla keçən illərim həyatımın ən dayanıqlı, ən yaddaqalan və mən deyərdim ki, həm də ən güvənli illəri olubdur. O, şəxsən mənim üçün böyük qardaş, yaxşı dost və həm də ləyaqətli bir həmkar idi. Sözümüz-söhbətimiz, dağımız-aranımız, ailəyə-övlada münasibətimiz, həyata baxışımız da üst-üstə düşürdü. İkimiz də sakit, bir kənarda oturmağı, söhbət etməyi, dünyanın gəlişindən, gedişindən tutmuş evimizə, yazı-pozumuza qədər hər şey barəsində fikir bölüşməyi çox sevirdik. Sadəcə o, hərdən bir balaca mənə meydan verirdi və deyirdi ki, sən şair kimi sevgidən daha yaxşı yazırsan. Ardınca da əlavə edirdi ki, " Sənin sevən , ilham pəriləri ilə göz-gözə duran vaxtlarındı. Sevginin və gözəlliyin qədrini bil!"

Bəli, mən onu  demək olar ki, hər gün xatırlayıram və hər səhər doğmaların adına etdiyim duada onun da yeri var. Elə bu səhər də onu düşünə-düşünə kitab rəfimdən «Dəvənin quyruğu»  kitabını  götürdüm.... Bu kitabda   onun şeirləri də yer alıb. Bir fəsildi burda şeirlər. Hamısı da doğmalarına yazılmış ürək sözüdü, duyğuların ifadəsidi. Mən indi barəsində fikrimi ifadə etməyə çalışacağım bir şeiri təkrar-təkrar oxudum. Şeirin fonunda maraqlı bir rəsm də var. Bir qadının saçları arasından görünən sifətinin bir hissəsi, bir də arxa planda kölgə kimi bir oğlan. Bilmirəm, bu rəsmi çəkməyi o özü rəssamdan xahiş edib, yoxsa şeiri oxuyan rəssam bu şəkli çəkib?! Amma hər iki halda çox uğurlu seçim edilib. Və mən...

Elə o kölgəsi görünən oğlanın yerində dayanıb o saçlarının arasından çöhrəsinin bir hissəsi görünən gözlərə baxa-baxa onun şeirini oxuyuram. O, yazır ki: 

 

Bir kimsə yox səndən qeyri

Baxsan, mənim ürəyimdə.

Həmişə tər bir çiçəksən,

Bağsan, mənim ürəyimdə.

 

Bir anlıq özünüzü sevgi yaşında (mənim inancıma görə sevginin yaşı yoxdur! – Ə.M.) təsəvvür edin və elə o yaşda da sevdiyinizi kənardan müşahidə edərək hansı hisslər keçirəcəyinizi və yaxud keçirtdiyinizi xatırlayın, təsəvvür edin. Onda mütləq sizin gözünüzə ancaq o görünəcək və bu dünyada sizin ürəyiniz adlı bu məkanda ondan başqa kimsə olmayacaq. O çiçəklərin ən gözəli, gözəllərin mələyi kimi görünəcək gözünüzə. Çünki siz ona sevginizin gözü ilə baxırsız. Bu isə artıq bir ömrün başlanğıcı deməkdi, özdə fərqli və mənalı ömrün... Mən öz-özlüyümdə həmin ömrü məhəbbət, sevgi ömrü adlandırmışam. Və  dünyada onun  ən uzunömürlü olmasını Allahdan diləmişəm. Hətta gileylənib demişəm ki:

 

İndi payız fəsli deyil, mən bilən

Bəs niyə tökülüb gülü, sevgimin?

Sazaqmı boylanan, qarmıdı gələn,

Soyuyub, üşüyüb külü sevgimin!

 

Yəqin ki, bu misralardan sonra nə dediyimi, nəyə işarə vurduğumu siz də anladınız, duydunuz. Və ola bilsin ki, sizlərdən kimsə iç dünyasına çəkilib öz-özünə bu misraların daha qabarıq və daha içdən gələn formasını ürəyində səsləndiribdi. Mən bunu təbii qəbul edirəm. Çünki söhbət sevgidən gedir. Bax, bu məqamda mən şair dostumun hələ 40 il bundan öncə yazdığı və kitabında çap etdirdiyi misraların işığında onun da sevgisini görürəm. Onun  niyə məhz bu şeirə həmin rəsmi sifariş verdiyini də anlayıram. O yazıb ki:

 

Həyatında min bir tufan,

Sən – Yaradan, sən – Uçuran!

Zirvəsində Vüqar duran

Dağsan, mənim ürəyimdə.

 

Zənnimcə, ürəyində Vüqar Dağı olan, ümid dağı olan sevgi dünyanın bütün ucalıqlarından uca, bütün gözəlliklərindən gözəldi. Ona görə də şair dostum o Vüqarı özünə həm sığınacaq, həm güvənc, həm ümid, həm də bütövlükdə həyat kimi qəbul edib. Şükürlər olsun ki, onun bu qərarı özünü elə həyatda da təsdiqləyibdi. Təsdiqini tapan sevgi isə büdrəyən, yıxılan, yarı yolda qalan, tərk edilən sevgilərin önündən başını dik turaraq keçir. Mən o sevgilərə sözün yaxşı mənasında həsəd aparmışam. Ona görə də yazmışam ki:

 

Ümid didiklənib, kədər doğulub,

Ürəyə yüz yerdən xətər toxunub.

İçimdə hıçqırıb, səsi boğulub,

Elə bil tutulub dili sevgimin.

 

Özünü ifadə edə bilməyən və yaxud da etmək istəməyən sevginin yeri ürək olsa da, o ürək günün birində yaşamına nöqtə qoyur. Söhbət burda həm fiziki, yəni fizioloji, həm də mənəvi yanaşmadan gedir. Ola bilsin ki, ürək döyünsün, amma o döyüntü nəyi ifadə edir, o döyüntü nə üçündür, kimin üçündür? Bax, elə bu sualın cavabı artıq ürəyin yaşayıb-yaşamadığını göstərir. Şair dostum mənim qabartdığım sualların cavabını özünün Vüqarlı sevgisi ilə ifadə edir. O sevgi də bu cür misralanır:

 

Mən gedərəm piran kimi,

Qabağında qurban kimi.

İldırımlı leysan kimi -

Yağ sən, mənim ürəyimdə.

 

Bəli, bütün hallarda öndə olmaq, piran olmaq, bütün çətinliklərdən qalib çıxmaq dəyanətli, dözümlü olanların, sevgisini vüqara çevirənlərin işidi. Necə deyərlər, bir mərd gözəlin, bir mərd aşiqin  bərabərliyi qələbənin rəhnidi, təminatçısıdı. Onunla vuruşmaq, ona qalib gəlmək heç də asan deyil. Axı ürəklər bir vurur! Mən də o bir vuran ürəyin sevgisinə bir Məcnunluqla yanaşaraq, öz-özümə deyirəm ki:

 

Dünyaya sevinib gülməyə gəldi,

Qarğışa tuş olub, gülləyə gəldi.

Anlaya bilməmiş gül nəyə gəldi,

Döydü qapımızı ili sevgimin...

 

Həqiqətən, niyə, nə üçün sualları ağırdı, çətindi. Xüsusilə, sevgidə. Biz hər birimiz yaşadığımız sevginini niyə və nə üçününü çözə-çözə, öyrənə-öyrənə sevgimizlə bərabər ucalır və bu ucalıqdan qürurla zövq alırıq. Özümüzün iç dünyamızın özəlliklərini bir-birini tamamlayan varlıq kimi qəbul edirik. Məhz bu dediyim fikirlərin kökündə mən yazıçı, publisist, şair Poladın özünü gördüm. Və bir daha anladım ki, onun sevgisi də sarsılmazdı, adı kimi. Görünür, bunu başqalarına da xatırlatmaq üçün Polad yazıb:

 

Ey gözümün ovu, ilki!

Daim şad ol, daim gül ki,

Polad yoxsa, onda bil ki,

Yoxsan, mənim ürəyimdə.

 

Zaman axıb getsə də, biz içimizdəki sevgini ancaq boy ölçüsünü, artım gücünü hiss edəndə bir növ həm rahatlıq tapırıq, həm də xoşbəxtlik, həm güvən tapırıq, həm də ümidli arzulara qol açırıq. Deməli, bütün bu dediyim hallarda bizi yaşadan həmin o sevgi... Təəssüf ki, bəzən o adamı  həyatdan da küsdürə bilir, ümidsizliyə, özünəqapanmaya da yönəldir. Onda təklənmək, tənha qalmaq, heç kimin gözünə görünməmək, dörd divarla danışmaq, bir də xatirələri çözmək və nəhayət, yuxudan hövlnak oyanmaq... Bax, bunlar sirdaşımız olur. Mən də bu nöqtədə həmişə öz-özümə, indi isə sizə üz tutmuşam:

 

Əbülfət, güvəncin ötən an olub,

Sənin ağladığın quru can olub.

Bu qəfil gedişdən ruhun qan olub,

Çıxıbdı əlindən əli sevginin.

 

Doğrudu, həyat davam edir. Sizinlə razılaşıram. Amma bu  davam edən həyatda sevgi varsa, onun davam etməsi çox-çox gözəldi. Sevgi yoxdursa...   fikrin davamını  özünüz fikirləşin.

P.S. Bu yazıda  fikirlərimi bölüşdüyüm mərhum publisist, yazıçı - şair qardaşım, dostum Polad Qasımov idi.