adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Dekabr 2021 13:34
1090
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU «Yada düşdü»-dən yazdı

Günümüzün mətbuat arenasında özünəməxsus yeri olan və hətta mən deyərdim ki, artıq bu yeri möhkəmlətmiş, necə deyərlər möhürləmiş «Yada düşdü» bu il üçün sonuncu sayı ilə oxucularının görüşünə gəlib. Bu məqamda mənə elə gəlir ki, jurnalın rəhbərliyi və yaradıcı kollektivi oxucuların bu illə vida mərasimində «Yada düşdü»nün iştirakını diqqətdə saxlayıb. Ona görə də jurnal oxucularının qapısını ürəklə döyübdü.

Jurnalın bu sayında bir-birindən maraqlı yazılar dərhal diqqəti çəkir. Xüsusi ilə bu sayda Azərbaycanın tacı olan Şuşa ilə bağlı yazıların yer alması son dərəcə önəmlidir. Ənənəsinə sadiq qalan yaradıcı kollektiv həmişəki kimi jurnalı oxuculara təsisçinin «Salam, əziz oxucum» müraciəti və şeiri ilə, yəni «Rəssam, mənim şəklimi çək» təqdim edib. Növbəti səhifədə «Yada düşdü» kollektivinin Azərbaycan prezidentinin yubileyinə, yəni 60 illiyinə ünvanladığı təbrik yer alıb. Növbəti səhifədə isə Türkiyə Cümhur Başqanının Azərbaycana səfəri ilə bağlı Əsəd Cahangirin yazdığı «Xoş gəldin» şeiri, Milli Məclisin sədri Sahibə Qafarovanın «İlham Əliyev Zəfəri – xilaskarlıq missiyası» yazısı, Milli Məclisin deputatı Səttar Möhbalıyevin «İlham Əliyevin Zəfər salnaməsi», Millət vəkili, yazıçı-publisist İmamverdi İsmayılovun «Şuşanın günəşi...» məqalələri, həmçinin xalq yazıçısı Anarın «Nizami bizimlədir, buradadır...» yazısı, həmçinin xalq şairi Nəriman Həsənzadənin «Şuşalı günlər», Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə müsahibə, Kəmalə Mirzəyevanın «Ölüm sevinməsin qoy» məqaləsi, yazıçı-publisist Hüseynbala Mirələmovun «Qıpçaq gözəli» poeziyasevərlər üçün Tağı Sadiqin, Musa Urudun şeirləri bu sayda yer alıbdır. Ümumiyyətlə, «Yada düşdü»nün masamız üzərində olan sayında kifayət qədər oxunaqlı materiallar yer alıbdır. Onların arasında jurnalın təsisçisi və baş redaktoru Nəzakət Məmmədlinin 60 illiyi ilə bağlı sevilən yazıçımız Seyran Səxavətin «Özünə oxşayan şəkil» məqaləsi, Şəmistan Nəzirlinin, Azər Turanın, Minaxanım Nuriyeva Təkləlinin, Şəbnəm Həsənli – Qəribovanın, millət vəkili Qənirə Paşayevanın, Dilarənin yazıları yer alıbdır.

Bütün bu materialların hamısını böyük zövqlə oxuculara təqdim edən jurnalın yaradıcı kollektivi maraqlı ilustrasiyalardan, fotoşəkillərdən də istifadə edib. Zənnimcə jurnalın bu sayında «Yada düşdü» kollektivinin Nəzakət Məmmədlinin 60 illiyinə ünvanladığı təbrik də orijinaldır. Bir oxucu olaraq mən də həmin təbrikə qoşulmaqla «Yada düşdü»yə yeni ilin daha uğurlu olmasını arzu edirəm.