adalet.az header logo
  • Bakı -°C
23 Iyun 2026 10:04
94
SAĞLAMLIQ
A- A+

Elektron səhiyyədə inqilab: Tibbi məlumatlar vahid mühitdə toplanacaq

“Tibbi Rəqəmsal Əkiz Sisteminin tam tətbiqindən sonra vətəndaşların ilk hiss edəcəyi əsas dəyişiklik səhiyyə xidmətlərinin daha rahat, sürətli və əlaqələndirilmiş şəkildə təqdim olunması olacaq”.

Adalet.az xəbər verir ki, bunu "Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinə görə bu gün bir çox hallarda vətəndaşlar müxtəlif tibb müəssisələrində aparılmış müayinələrin nəticələrini, analiz cavablarını və digər tibbi sənədləri hər müraciət zamanı yenidən təqdim etməli olurlar:

“Tibbi Rəqəmsal Əkiz Sistemi isə müxtəlif səhiyyə informasiya sistemlərində formalaşan məlumatları vahid platformada birləşdirərək bu prosesləri əhəmiyyətli dərəcədə sadələşdirəcək. Sistem daxilində məlumat mübadiləsi beynəlxalq təcrübədə geniş tətbiq olunan FHIR (Fast Healthcare Interoperability Resources) standartlarına uyğun şəkildə həyata keçiriləcək ki, bu da müxtəlif informasiya sistemləri arasında məlumatların təhlükəsiz, çevik və strukturlaşdırılmış formada paylaşılmasını təmin edəcək. Nəticədə həkimlər pasiyentin tibbi tarixçəsinə daha operativ çıxış əldə edəcək, bu da daha əsaslandırılmış klinik qərarların qəbuluna şərait yaradacaq. Məlumatların vahid mühitdə əlçatan olması təkrar analiz və müayinələrin sayının azalmasına, vaxt itkisinin minimuma enməsinə və xidmətlərin daha səmərəli təşkilinə imkan verəcək”.

Mütəxəssis qeyd edib ki, sistemin mühüm komponentlərindən biri olan e-Randevu xidməti də vətəndaşların səhiyyə xidmətlərinə çıxışını daha da asanlaşdıracaq:

“Bu xidmət vasitəsilə vətəndaşlar yalnız həkim qəbuluna elektron qeydiyyatdan keçmək deyil, eyni zamanda həkimlərin onlayn konsultasiyalarına qoşulmaq imkanı əldə edəcəklər. Beləliklə, tibbi məsləhət almaq, müalicə prosesini planlaşdırmaq və bəzi hallarda məsafədən tibbi xidmətlərdən yararlanmaq daha rahat və əlçatan olacaq. Gələcəkdə vətəndaşlar öz sağlamlıq məlumatlarını vahid platformada izləyə, tibbi tarixçələrinə daha rahat çıxış əldə edə və profilaktik tədbirlər barədə vaxtında məlumat ala biləcəklər. Beləliklə, Tibbi Rəqəmsal Əkiz Sistemi səhiyyə xidmətlərinin daha müasir, əlçatan və vətəndaş mərkəzli şəkildə təqdim olunmasına töhfə verəcək”.