14 Noyabr 2020 10:28
55852
MƏMLƏKƏT

Əli Nur: Ata, mən komandirəm, zabit şərəfim var

Bunu Xalq artisti Əli Nur şəhid oğlunun məzarı üstündə danışıb:

- 92-ci il idi. Rövşən doqquzuncu sinifdə oxuyurdu. Məktəbin direktoru zəng vurdu ki, Rövşən uşaqlarla sağollaşıb, Qarabağa döyüşməyə gedib. Mən Saray postuna getdim, ordan Ağdama zəng elədilər. Bir zabiti telefona çağırdılar. Dedi, burda bir uşaq var, amma Ağdama xalasıgilə qonaq gəlib. Dedim, yalan danışır, Ağdamda onun xalası yoxdu. Rövşəni Bakıya geri qaytardılar. İqtisad təhsili aldı. Amma zabit olmaq istəyirdi. Hərbi Akademiyanı bitirdi, 10 il rota komandiri olub ehtiyata buraxıldı. Sentyabrda döyüşlər başlayanda özünə yer tapa bilmirdi. Mən onu sakitləşdirmək istəyirdim. Dedi, ata, mən komandirəm, zabit şərəfim var, Bakıda yox, cəbhədə olmalıyam. Könüllü yazıldı. Onu Yasamal komissarlığından yola saldıq. Oğlu da yanımda idi. Vidalaşanda avtobusda qələbə işarəsi göstərdi. Bir dəfə zəng vurdu ki, Cəbrayıldayam. Sonra Zəngilanda olanda danışdıq. Axırıncı dəfə dedi, yeri dəqiq bilmirəm, lap yuxarı qalxacağıq. Şuşada şəhid oldu. Mən bu gün bütün Azərbaycan şəhidlərinin atasıyam. Bütün şəhid oğullar da mənim balalarımdır. Təki Vətən sağ olsun!