Əmanət faizlərinə gələn ildən vergi tətbiq oluna bilər - Deputat açıqladı
Gələn ildən bank əmanətlərindən əldə olunan faiz gəlirlərinin vergiyə cəlb edilməsi gündəmə gələ bilər. Milli Məclisin deputatı Vüqar Bayramov əmanətlər üzrə mövcud vergi güzəştlərinin daha 3 il müddətinə uzadılmasını təklif edib.
Adalet.az xəbər verir ki, deputat bu barədə Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, fiziki şəxslərin banklarda milli valyutada yerləşdirdikləri depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bundan başqa, milli valyutada olan əmanət 18 ay və daha artıq müddətə yerləşdirildikdə və əsas məbləğ 18 aydan tez olmayaraq geri qaytarıldıqda, faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir.
Lakin Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsi ilə nəzərdə tutulan güzəştin müddəti bu ilin sonunda başa çatır. Deputatın diqqətə çatdırdığına görə, müzakirə olunan dəyişikliklər paketində həmin müddətin uzadılması nəzərdə tutulmayıb.
Bu isə o deməkdir ki, güzəşt müddəti artırılmasa, gələn ildən bir bankda milli valyutada yerləşdirilən əmanətlər üzrə aylıq 200 manatdan artıq faiz gəlirləri vergiyə cəlb edilə bilər. Məsələn, aylıq faiz gəliri 500 manat olan əmanət üzrə 300 manatlıq hissəyə gəlir vergisi tətbiq olunacaq.
Vüqar Bayramov hesab edir ki, güzəştlərin davam etdirilməsi həm əhalinin gəlirlərinin qorunması, həm də bank sektorunda uzunmüddətli depozitlərin payının artırılması baxımından əhəmiyyətlidir.
Deputat qeyd edib ki, hazırda bankların ümumi öhdəliklərinin 76,4 faizini, yaxud 41,8 milyard manatını depozit portfeli təşkil edir. Bu portfelin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin əmanətlərinin payına düşür. Fiziki şəxslərin əmanətlərinin isə 64,7 faizi müddətli depozitlərdən ibarətdir.
Onun sözlərinə görə, vergi güzəştlərinin tətbiqindən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.
Deputat vurğulayıb ki, 2030-cu il üçün əsas hədəflərdən biri biznes kreditlərinin bank sektorundakı payını artırmaqdır. Bunun üçün bankların uzunmüddətli depozit resurslarına ehtiyacı var. Bu baxımdan, vergi güzəştlərinin yalnız qısamüddətli fiskal gəlir prizmasından deyil, uzunmüddətli iqtisadi nəticələr nəzərə alınmaqla qiymətləndirilməsini vacib sayır.
Vüqar Bayramovun fikrincə, hər 1 milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz dividend gəliri və həmin gəlirin 10 faiz dərəcəsi ilə vergiyə cəlb olunması nəzərə alınarsa, güzəştlərin uzadılmasının iqtisadi səmərəsi mümkün fiskal gəlirdən daha yüksək ola bilər.
Deputat təklif edib ki, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinin vergidən azad edilməsi daha 3 il müddətinə uzadılsın. O bildirib ki, bu təklif Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da səsləndirilib.
Digər Xəbərlər
16 Noyabr 2026 16:52
Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur
16 Noyabr 2026 13:20
"Növbəti dövrlərdə iqtisadi artım özəl sektora söykənəcək" - Nazir
16 Noyabr 2026 13:09
Gələn il manatın məzənnəsi necə dəyişəcək? - AMB sədri açıqladı
16 Noyabr 2026 13:07
Taleh Kazımov bankların hazırkı vəziyyətindən danışdı
16 Noyabr 2026 13:05
"Vətəndaşların manata və bank sektoruna inamı artmaqda davam edir" - AMB sədri
16 Noyabr 2026 12:16
Gələn il bələdiyyələrə ayrılacaq dotasiyanın məbləği açıqlandı
16 Noyabr 2026 12:08
Dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir
16 Noyabr 2026 10:47


Bakı -°C

