adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 13:20
61
İQTİSADİYYAT
A- A+

"Növbəti dövrlərdə iqtisadi artım özəl sektora söykənəcək" - Nazir

"Dövlətin investor rolundan tərəfdaş roluna keçid şəraitində özəl kapital üçün imkanların genişləndirilməsi mühüm şərtdir. Bu istiqamətdə mövcud investisiya təşviqi mexanizmi ilə yanaşı, sahələr və klasterlər üzrə yeni və ünvanlı vergi təşviqləri davam etdirilir. Buna misal olaraq bu yaxınlarda qəbul olunmuş innovasiya, startap və texnologiya parkları üzrə 20 ilədək müddəti əhatə edən vergi güzəştləri paketini qeyd edə bilərik. Əlavə olaraq, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə İşçi qrup yaradılıb, özəl sənaye zonaları və dövlət-özəl tərəfdaşlığı modelləri genişləndirilir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək:

"Bu kontekstdə dövlətin iqtisadiyyatdakı başlıca rolu birbaşa investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçir. Bu keçidin ilkin nəticələri artıq müşahidə olunur. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyalar 18 faizədək artıb. Bu meylin davamlı olması üçün iqtisadi artımın yeni mənbələrinin işə salınması tələb olunur. Bu baxımdan daxili tələbin struktur transformasiyasının önəmi qeyd edilməlidir. Dövlət hər il əhəmiyyətli həcmdə mal və xidmət satın alır və bu alışların bir hissəsi idxal hesabına təmin olunur. Yerli istehsalı mövcud olan və ya yaradıla bilən məhsullar üzrə dövlət satınalmalarının yerli istehsala yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Əczaçılıq və rəqəmsal həllər bu baxımdan bariz nümunədir. Bu sahələr üzrə alışlar yerli istehsalçılar üçün sabit bazar formalaşdırmağa başlayıb. Bu istiqamətdə müvafiq tədbirlər görülür. Dövlət sifarişlərinin mövcud yerli istehsala yönləndirilməsi və perspektivdə iri dövlət satınalmalarının müəyyən hissəsinin ölkə daxilində istehsalının lokalizasiyası mexanizmi üzərində işlər gedir".