26 Iyun 2023 10:32
8937
GÜNDƏM, MÜSAHİBƏ

Erməni mediasının  "ulduz"u  KƏŞFİYYATÇI ELNUR  - MÜSAHİBƏ 

Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu hər zaman sosial şəbəkələrin erməni seqmentində təkrar- təkrar müzakirəyə çıxarılır, onların məsuliyyətə cəlb olunması və ya terror vasitəsilə öldürülməsi üçün öz hökümətlərinə çağrışlar olunur.
Bunlardan biri polkovnik-leytenant. Ramil Səfərov Macarıstandakı Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Xüsusi Təyinatlı gizirimiz Sərxan Məmmədov 2016 Aprel döyüşlərində Talış kəndi istiqamətində yaraladığı erməni mayoru Ayk Torosyanı təkbətək döyüşdə məhv etmişdi.


Elə həmin vaxtda , yəni 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanın hücumunun qarşısı alınarkən Seysulan kəndi istiqamətində isə gizir Elnur Fərzəliyev əsgər Karam Sloyanı təkbətək və əlbəyaxa döyüşdə məhv etdi.
Bu gün qonağım, həmsöhbətim gizir Elnur Fərzəliyevdir.


- Elnur bəy, əvvəlcə bir sualıma cavab verin, sonra söhbətimizi davam etdirək. Niyə məhz hərçi olmaq istədiniz!


- Hərbçi olmaq uşaqlıqdan arzum olub.Balaca vaxtı tay- tuşlarım məftildən “maşın”, araba düzəldib sürərdilər, mən taxtadan, məftildən tapança düzəldirdim və filmlərdə gördüyüm hərbçi qəhrəmanlar kimi həmin tapançanı da şalvarımın arxasından belimə taxardım. Balaca vaxtı ən çox baxdığım Silvester Stallone olub. (Rembo, Rokki) . Böyüyə-böyüyə qorxu hissini də atdım, hərbçi olmaq istəyim də coşub kükrədi. Daha doğrusu, taleyimizə elə hadisələr yazıldı ki, özümü hərbçidən başqa heç bir sahədə görməz oldum.


- Nə hadisələri?


- Bilirsiniz, biz ağdamlıyıq! Daha doğrusu atam Ağdamda, anam Tərtərdə doğulub. 1987-88 çi illərdən başlayaraq yurdlarımıza qarşı erməni təxribatları, basqınlar, dinc insanlara hücum, qətllər hər bir qarabağlı kimi bizim evdə də hüznlə qarşılandı. Atam Qəzənfər müəllim Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun batalyonunda döyüşlərə atıldı. Yadınıza gələr bəlkə də, Milli Qəhrəmanımız Çingiz Mustafayev Xocalı şəhidlərini kameraya alarkən qucağında uşağı gətirib vertolyota təhvil verən atamdı.

Qarabağ müharibəsi əlili olaraq atəşkəsdən sonra da bizi vətən üçün yetişdirdi. Unuda bilmədiyim bir xatirəmi danışmaq istəyirəm: O vaxt - Xocalı hadisəsi baş verəndə atam evimizə iki körpə qızcığazı ilə birlikdə soyuqdan donmuş Məlahət adlı bir qadını gətirdi. Bildik ki, ailənin başçısı ermənilər tərəfindən əsir götürülüb, qadını və onun övladlarını isə xilas etmək çox çətinliklə mümkün olub. Həmin uşaqların gözlərindəki o qorxunu, o dəhşəti bu günə qədər unutmamışam . Həmin günlərdə nəinki tək o ailənin, elə bütün xocalılıların müsibətlərini məktəbli olsamda dərindən anladım, mənə ağır təsir etdi. O hadisə də, elimizdən obamızdan köçkün düşməyimiz də məndə düşmənə qarşı nifrəti birə beş artırdı.


- Atanızın ötən ay dünyasını dəyişdiyini eşitdik və çox üzüldük. Allah rəhmət eləsin!


-Allah dünyasını dəyişmiş bütün qazilərimizə və şəhidlərimizə də rəhmət eləsin!


- Həqiqi hərbi xidmətə 1995-ci ildə çağırıldınız və ürəyinizdə çoxdan bəslədiyiniz fikirləri reallaşdırılmağa imkan yarandı. Oxucularıma burada bir açıqlama verim, çünki mən deyəcəyimi Elnur bəy təvözəkar olduğu üçün deməyəcək.Deməli, məktəbli ikən xalqına qarşı baş vermiş vəhşiliklərin fonunda ölümdən qorxmaz olan tez bir zamanda xidmətdə olduğu hərbi hissənin ən peşəkar hərbçisi kimi tanındı.

Kiçik çaplı hərbi əməliyyatlarda o qədər cəsarətli və peşəkarcasına davranırdı ki, qarşıdakı düşməni çaş-baş salır, onları itki vermədən zərərsizləşdirirdi. Kəşfiyyatçı olaraq xidmətini davam etdirir, ürəyindəki qisas hissi isə azalmaq əvəzinə daha da artırdı. Çünki o dövrdə yaralarımız qan verirdi, ellərimiz çətin günlərini yaşayır, şəhid tabutları bitib-tükənmir, analar qara geyinirdi.
Komandanlığın tapşırıqlarını qüsursuz yerinə yetirir, hərbi kəşfiyyat əməliyyatlarında uğur üstünə uğur qazanırdı Bəzən dostları öz aralarında onu “gözəgörünməz”, “fontamas” adlandırırdılar. Artıq bu xüsusiyyətləri ilə komandanlığın diqqətini özü də bilmədən üzərinə çəkmişdi. E.Fərzəliyevin cəsurluğu yayılmağa hərbi hissəni aşmağa başladı . 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir. Təltif olunması və bu dahi şəxsiyyət, müasir Azərbaycan Ordusunun qurucusu ilə şəxsi görüşü bugünədək bacarıqlı kəşfiyyatçının həyatını işıqlandıran, ən çətin məqamlardan cəsarətlə çıxmasına kömək edən bir amil olur. Onun hər günü düşməndən intiqam, qisas almaq hissi ilə keçirdi. Məhz buna görə də indiyədək qulluq etdiyi hərbi hissənin “Şərəf lövhəsi”ni Elnur Fərzəliyevin şəkli bəzəyir.


- 1998-ci ildə ordudan təxris olundum. Amma düşmənin torpaqlarımızda at oynatmasına dözə bilmədim. Həm sağlamlığını qurban vermiş atam - qazi Qəzənfər Fərzəliyevin yurd həsrəti, həm döyüşlərdə şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş dayım Mehrac Mahmudovun və bundan əlavə 20 –yə qədər şəhid qohumlarımın qisası məni geri-orduya çağırdı sanki... Yenidən kəşfiyyatçı peşəsini seçib, orduya qayıtdım . Kəşfiyyatçı fəaliyyətim dövründə heç vaxt düşmən tərəfindən aşkar edilmədim! Bu da peşəkar kəşfiyyatçıların əsas özəlliyidir.


- Kəşfiyyatçı demişkən, Mehrac Mahmudovu xatırlamadan keçmək olmaz. Bu arada sizin dayılarınız haqqında Azərbaycanda bilməyən yoxdu.


- Bəli, dayım Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyirdi. Erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlir.

1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt M.Mahmudov batalyona rəsmi qəbul edilmədiyi halda belə bu faciəyə dözə bilməyib, hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərdi. Sonradan 02 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. M.Mahmudov Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən özü məhv edib. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərib. 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub.


- Nəhayət 2016-cı ildə Aprel döyüşləri başladı...

- Elə bilirəm ki, bir kəşfiyyatçı olaraq məndən xoşbəxt insan yoxdu. Çünki 2016-cı ilin Aprel döyüşlərində əsl qisas günü kimi taleyimə yazıldı. Ordumuz həm “məğlubedilməz erməni” mifi darmadağın etdi, həm 2000 hektardan çox ərazini işğaldan azad etdi, həm də 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Burada mənim az da olsa, payımın olması əlbəttə ki məni çox sevindirdi.


- Karam Sloyanla harda qaşılaşdınız? Bu arada xəbəriniz var ki, erməni mediasının "ulduz"una çevrilmisiniz?

- O vaxta qədər mən canlı düşmən də gətirmişdim, öldürüb də gətirdiyim də vardı. Amma bu bir başqa olay idi. Kəşfiyyata getmişdim. Bildiyiniz kimi kəşfiyyatçılar ağır silah götürmür. Yüngül silahlarla silahlanırlar. Xüsusən soyuq silahlarla. Seysulan istiqamətində ermənilərə məxsus səngərdə qarşılaşdıq. Əlbəyaxa döyüşdə başını bədənindən ayırdım. Dayımın və digər şəhidlərin qisasını aldığımı düşünüb başı özümlə gətirdim. Sonradan erməni mediası yazırdı ki, Sloyanı başsız basdırıblar. Bu hadisə ermənilərə çox ağır təsir bağışladı. Siz demiş "ulduz"a döndüm.(gülür)

Hətta erməni mediası yazdı ki, mayın 28-də Karam Sloyan Ermənistan prezidenti tərəfindən ölümündən sonra 1-ci dərəcəli “Döyüş Xaçı” Dövlət Ordeni ilə təltif edilib. Adına abidə ucaldılıb. Məni də Ermənistan dövləti adından İnterpola şikayət etdilər,  başıma isə 300000 dollar qiymət qoydular. Yadıma düşür: Ruhu şad, məkanı cənnət olsun Pəncəli Teymurov qardaşımın , elə onun da başına 1 milyard dramla (təxminən mənim başıma qoyduqları qədər) pul qoymuşdular.


- Elnur bəy, erməniləri Sloyanın başsız bədənindən çox sizin Ali Baş Komandan İlham Əliyev ilə görüşünüz qəzəbləndirdi. Niyə?


- Ali Baş Komandan bu döyüşlərdə fərqlənən bir qrup hərbi qulluqçularla görüş keçirdi və mən orda idim (Gülür) Görüş zamanı fərqlənən döyüşçülər Prezident tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıldı. Həmin mərasim erməni mediasının bütün resurslarında manşet oldu.


- Ölümdən qurtardığınız dostlarınız haqqında da danışardınız...

- Borcumdur! İki dəfə ən yaxın dostlarım yanımda yaralanıblar və hər iki hadisə zamanı onları ölümdən qurtara bilmişəm. Onlardan biri  "Azərbaycan Bayrağı" ordenli Emin Orucov, digəri isə aprel hadisələrində ağır yaralanmış Rizvan Qarayevdir. Hər iki səngər yoldaşımı, qardaşımı salamlayıram!


-İndi də könüllü döyüşdüyünüz 44 günlük müharibədən danışın...

- 27 sentyabrda müharibə başlayanda mən Qubada bir şirkətdə rəhbər vəzifədə işləyirdim. Məni dayandırmaq olardı? Müdiriyyətə müharibəyə gedəcəyimi  xəbər verib bir başa Füzuli bölgəsindən müharibəyə qatıldım. Füzuli, Zəngilan, Qubadlı istiqamətindəki döyüşlərin hamısında iştirak etmişəm . Sonra gizir Xanı var, Zahid var- qəhrəman kəşfiyyatçılarımız, dostlarım, qardaşlarım! Onlar mənə zəng vurdu ki, Elnur,  könüllü batalyon yaradırıq gəl, döyüşlərə Ağdamdan qatılacağıq. Ondan sonra da son günə qədər Ağdam bölgəsində döyüşlərdə iştirak etdim.
Azərbaycan Ordusunun və xalqının möhtəşəm qələbəsi hərb tariximizdə qürurumuzu göylərə qaldıran bir olay oldu! 44 günlük müharibədə 30 illik sinəmizə enmiş başımız ucaldı Və çox xoşbəxt hərbçiyəm ki, bu günləri gördüm!


Son olaraq, qeyd edim ki, baş çavuş Elnur iki oğul atasıdır. Deyir, əgər separatçılar yenə “qaşınsalar” gedib məmnuniyyətlə onları “qaşıyacam!: “Prezidentimiz dəfələrlə deyirdi ki, erməni əsgəri ölmək istəmirsə Qarabağa gəlməsin! İndi mən də əlavə edirəm ki, başınızın üstünüzdə başdırılmağınızı istəyirsinizsə, xalqımıza qarşı təcavüzü dayandıracaqsınız!”
Təşəkkür edirik, ruhu şad olmuş şəhidlərimiz! Təşəkkür edirik, sağlamlığını vətənə qurban vermiş qazilərimiz! Təşəkkür edirik, Elnur Fərzəliyevin timsalında 1987- 2023-cü ilə qədər vətən uğrunda döyüşən igidlərimiz!

 Əntiqə Rəşid