adalet.az header logo
  • Bakı 12°C
16 Sentyabr 2023 13:42
1256
MARAQLI

Ermənilər Əsgəran yolunu bağladı-Generala şikayət olundu

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı bir müddətdir ki, 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:

Vağadu davası

Əvvəli ötən sayımızda

 Ermənilər Əsgəran yolunu bağladıqlarına görə Ağdamdan generalın başçılığı ilə iki dəstə top-tüfənglə silahlanmış qoşunun müşayiəti ilə arabalarla Qalaya azuqə və sursat gətirdilər. General Qalada olarkən Xəlfəli kəndindən gələn müsəlmanlar generala şikayət etdilər ki, ermənilər kəndi atəşə tuturlar. General onların səbirli olmasını məsləhət gördü və ermənilərin cəzalandırılacağını söylədi.
General göstəriş verdi ki, bundan sonra kimdə tüfəng və yaxud tapança tutularsa, yəni həmin adam üç ay həbs olunacaq, ya da üç min manat cərimə verəcək. Bu məqsədlə general bir dəstə kazakla şəhəri dolanırdılar. Bundan sonra general on iki at qoşulmuş bir divar dağıran top və xeyli kazakla gəlib hündür bir dağ başında dayandılar. Həmin yerdən ermənilərin bir neçə kəndi aydın görünürdü.
General əmr etdi ki, Şuşakəndə, Kərgicahana, Qaybalıya və Daşkəndə həmin topdan atəş açsınlar. Kazaklar həmin topdan bu kəndlərə yetmiş dəfə atəş açdılar. Mərmilər düşən yerlərdə hər şeyi darmadağın edərək toz-torpağı asimana qaldırırdı. Ermənilər divanxanaya 30-40 nəfərlik nümayəndə göndərib barışıq izhar etdilər. Bundan sonra dükanlar alış-veriş etməyə başladılar. Erməni tayfası  müsəlmanlara əziyyət vermək üçün Əsgəran yolunu bağlasalar da, həqiqətdə bu zülmü müsəlmanlara yox, özlərinə edirdilər. Ona görə ki, müsəlmanların evlərində qabaqcadan tədarük etdikləri malları və ərzaqları çox idi. Lakin ermənilər və müsəlmanlar dəyirmanları yandırdıqlarından Qalada un get-gedə azalırdı. Qalada olan qəriblər, miskinlər və kazıblar üçün vəziyyət daha da gərginləşdi. Çünki demək olar ki, bütün çörək dükanları bağlanmışdı. Amma evlərdə və bazarlarda buğda və darı hələ çox idi. Odur ki, camaat əlacsız qalıb evlərdə əl dəyirmanları, yəni kirkiləri işə salmağa məcbur oldular. Buğdanı əl dəyirmanı ilə çəkib un edirdilər. Bazar və dükanlarda isə bişmiş noxud və lobya satırdılar. Amma əl dəyirmanı az olduğuna görə xalq bir qədər undan korluq çəkirdi. Bir gün təsadüfən qədim evin həyətindən cüt əl dəyirmanı çıxdı. Bu əl dəyirmanı həyətdə torpağa basdırılmışdı. Bunların tapılması xalqın işini yüngülləşdirdi. Belə ki, hər kəs istədiyi vaxt əl dəyirmanını aparıb istifadə edə bilərdi. Amma bu erməni tayfasının bazarında azuqə və yemək tapılmırdı. 

Əgər müsəlman bazarında və dükanlarında qəndin bir kirvənkəsi 6-7 şahı idisə, erməni dükanlarında dörd abbası idi. Müsəlmanlarda buğdanın bir pudu yeddi abbası idisə, ermənilərdə 14 abbası idi. Digər ərzaq malları və əşyalar da müsəlman dükanlarına nisbətən erməni bazarında olduqca baha idi. Odur ki, onlar müsəlmanlardan daha çox korluq çəkirdilər. 

Müsəlmanlarla ermənilər arasında barışıq elan olundu.  Bu barışıq ermənilər üçün böyük savab iş kimi qiymətləndirildi. Onlar dəstə-dəstə müsəlman bazarlarına qolaraq dəsmal-dəsmal, çuval-çuval, qoltuq-qoltuq hər cür ərzaq malları, yeməli şeylər, quru meyvələr və bişmiş çörək alıb sevinə-sevinə evlərinə aparırdılar. Sən demə, onlarda heç nə yox imiş. Bir həftədə müsəlman bazar və dükanlarında neçə min manatlıq ərzaq və quru meyvə alveri oldu”. 

Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı. 
Vasif Əlihüseyn