08 Iyul 2024 12:16
498
SİYASƏT

Ermənilərin "Pezeşkian" təlaşı, yaxud, Xamenei  kimi "sevirsə" - TƏHLİL

Hazırda Ermənistanda ən çox müzakirələr yeni seçilmiş İran prezidenti Məsud Pezeşkianinin iki qonşu və düşmən dövlətdən hansına daha yararlı olacağı mövzusundadır. Əslində isə İranda azərbaycanlı namizəd Məsud Pezeşkianın prezident seçkilərində qalib gəlməsi Ermənistanda panika ilə qarşılanıb.


Ermənistanın nüfuzlu nəşri olan "Hraparak" yazır ki, Pezeşkianinin İrandakı qələbəsindən çoxları narahatdır. O özünü azərbaycanlı hesab etdiyi üçün bu narahatçılıq bəlkə də əsassız deyil.
Yadınızdadırsa, əvvəllər Baydenin prezident seçkilərində mümkün məğlubiyyətindən narahat idik, sonra Makronun məğlubiyyətindən narahat olduq. Narahatçılığımız hər zaman var.
Bizi narahat edən detallar isə çoxdur. Belorus prezidenti Lukaşenko çoxdan “azərbaycanpərəst”dir, Putin isə “Ərdoğanın müttəfiqidir”. Bəlkə də bütün bu narahatlıqlar məqsədəuyğundur, lakin biz bir neçə əsrdir ki, düzgün nəticəyə gəlməmişik.

Düşünsək ki, Tehranda, Vaşinqtonda, Moskvada, Tbilisidə, Ankarada eyni vaxtda hakimiyyətə azərbaycanpərəst qüvvələr gəlsə, Ermənistan necə olacaq. Sonra düşünürük ki, Ermənistanda real dövlət təfəkkürünə malik erməni hökuməti olarsa, siyasətləri və səriştəli addımları, həmin ölkələrdən müttəfiqlər qazanması sayəsində Ermənistan öz maraqlarını savadlı qüvvələrlə qoruya biləcək.

Nəşr özünün ikinci variantını da müzakirəyə buraxaraq yazır:" Yox , əgər, Tehranda, Vaşinqtonda, Moskvada, Tbilisidə, Ankarada eyni vaxtda hakimiyyətlərə ermənipərəst qüvvələr, əsl ermənipərəstlər gələrsə, amma Ermənistanda indiki kimi fəlakətli hakimiyyət olsa, bizi itkilərdən, faciələrdən heç nə xilas edə bilməyəcək, biz müttəfiqsiz həmişə "zəif və tək" olacağıq.
Ona görə də, əvvəlcə öz hökumətimizin xüsusiyyətlərinə diqqət yetirməliyik. Qalanları idarə edilə bilən vəziyyətə gətirmək lazımdır".

Nəşr problemi real olaraq öz hökümətində görür və cəmiyyətin diqqətini bu səmtə- Paşinyana qarşı yönəldir.

İranşünas alim, professor Vartan Voskanyanın bu mövzuda həyəcanı "axmaq bir nüans" yaradıb. Baxmaraq ki, Məsud Pezeşkian atasının da, anasının da azərbaycanlı olduğunu deməklə yanaşı, “Azərbaycanlı olmağımla fəxr edirəm” Amma xəstə təxəyyüldən qidalanan Vartan bunu özü bildiyi, özünə sərf etdiyi kimi yozub. Alim Vartan narahat soydaşlarına dəstək olmaq , onları sakitləşdirmək məqsədi ilə ağlına gələn ən gülməli və absurd fikirlərini öz sosial şəbəkə hesabında paylaşıb və yazıb ki, Bakıdakı barbar rejimin təbliğat maşınının təsiri ilə aramızda belə bir fikir yarandı ki, guya Pezeşkian azərbaycanlıdır: İranın yeni prezidenti təbii olaraq Atrpatak (?) nəslindən olan iranlıdır”

Amma başqa cür düşünənlər də var. Məsələn, erməni jurnalist Robert Ananyana görə, Pezeşkiani Ermənistan üçün faydalı olacaq.
Ananyanın fikrincə, əvvəlki İran höküməti Ermənistan-ABŞ hərbi əməkdaşlığından narahatçılığını biruzə verirdisə, indi bu çox güman ki olmayacaq: "Əvvəllər İran Ermənistanın Avropaya inteqrasiyası ilə razılaşırdısa, indi Vaşinqtonla İrəvan arasında hərbi əməkdaşlığın artmasına ehtimal ki, mane olmayacaq. İranın qırmızı xətti Ermənistanda Qərb hərbi kontingentinin yerləşdirilməsi idi. Yeni seçilmiş islahatçı Prezident Məsud Pezeşkianın dövründə İranla Qərb arasında münasibətlərin yaxşılaşacağını deməyə əsas var. Bu, həm də Avropa istəkləri olan Ermənistan üçün əla olacaq. Ermənistan ABŞ-la hərbi-siyasi əməkdaşlığı dərinləşdirməyə çalışır". İranın yeni rəhbərliyinin bu prosesə mane olmaması vacibdir".

Qeyd edək ki, İranda keçirilən prezident seçkilərində etnik azərbaycanlı Məsud Pezeşkianinin qalib gəlmə ehtimalı erməni ekspertlərini lap əvvəldən bərk narahat edirdi. Çünki əvvəllər Pezeşkian Qarabağ münaqişəsindən danışarkən bir neçə dəfə Ermənistanın əleyhinə fikirlər səsləndirmişdi. Düzdür, İranda prezidentin kimliyi və şəxsi mövqeyi ölkənin siyasətinə köklü təsir edə bilmir, amma hər halda, əhəmiyyətsiz amil də deyil.


P.S. Din xadimlərindən təşkil olunan, İslam İnqilabı dəyərlərinin qorunub saxlanılması, yayılması və rəhbərin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərən "Mübariz Ruhanilər Cəmiyyəti"nin üzvü Əhməd Salik açıqlaması hardasa ermənilərin narahatçılığını azacıq da olsa sakitləşdirib. Beləki, Salik Məsud Pezeşkianın yalnız Əli Xameneinin seçkidən əvvəlki çıxışında təyin etdiyi prinsiplər və qaydalar çərçivəsində fəaliyyət göstərməli olduğunu bildirib:"Bu sistemi saxlamaq ümmətçilik hərəkatının birliyini qorumaq və rəhbərliyin əmrlərini yerinə yetirməkdən keçir"
Yəqin ki, əziz oxucular, son 30 ildə Əli Xameneinin Azərbaycana, türklüyə, Qarabağa olan münasibəti də göz qabağındadır. artıq şərhə ehtiyac görmürük. Görək gələcək, ilk addımlar nə deyir.


Əntiqə Rəşid