Ermənistan gerçəkliyi qəbul etməsə...

Azərbaycanın 44 günlük Zəfər müharibəsi tarixi gerçəkliyə çevrilib. Həmçinin bu Zəfərin parad təntənəsindən də artıq bir il vaxt keçib. Təbii ki, bütün bunlar dünya mediasında öz əksini tapıb. Yəni, baş verənlərdən kimlərinsə, xüsusilə ermənipərəst dairələrin xəbərsiz olması qeyri-mümkündür. Çox təəssüf ki, bu gerçəkliyi görmək istəməyən və yenə də öz köhnə ambisiyaları ilə çıxış edən ermənipərəst güclər və onların havadarları tarixi prosesləri geri qaytarmağa və durdurmağa cəhd edirlər. Amma hər kəsə gün kimi aydındır ki, tarix o zaman təkrar olur ki, onda xalq, dövlət öz keçmiş şöhrətini, keçmiş halal haqqını təsdiq edir. Deməli, bu mənada Azərbaycan dövlətinin öz halal haqqını təsdiqləməsi, öz ərazi bütövlüyünü təsdiq etməsi tarixin təkrarı sayıla bilər. Əks halda bu, hansısa məhdud dairənin boşboğazlığından qaynaqlanan fikir olar. Bir az da söylədiklərimizi şərh etsək, onda deyə bilərik ki, heç bir zaman dövləti və dövlətçiliyi olmayan, bütün tarixlər boyu xislətlərinə görə müxtəlif ünvanlara sığınan ermənilərin hansısa tarixi ədalətin danışması, tarixin təkrarını tələb etməsi absurddur. Bunu heç kim qəbul etmir və etməyəcəkdir.
Bəli, Azərbaycan prezidenti Ali Baş Komandan cənab İlham Əliyev bugünlərdə Qubaya səfəri zamanı bir daha Ermənistana və onları qanadı altına alanlara açıq şəkildə xəbərdarlıq etdi. Ali Baş Komandanımız bildirdi ki, "Bizə konkret vaxt desinlər. Birmənalı şəkildə Zəngilan dəhlizinin nə vaxt açılacağını bildirsinlər. Əks halda biz öz istəyimizi, öz haqqımızı öz gücümüzə bərpa edəcəyik".
O, elə həmin səfər zamanı ölkə başçısı Quba rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət zamanı ermənilərin son zamanlarda törətdiyi təxribatlardan da danışdı. Onların tez-tez öz fikirlərindən yayınması, təxribatlara əl atması, sayıqlamaları heç bir halda Azərbaycanın mövqeyinə nə təzyiq göstərə bilər, nə də təsir. Çünki Azərbaycan xalqı 30 il bu prosesin sülh yolu ilə həll ediləcəyinə ümid bağlamış və nəhayət Minsk qrupunun fəaliyyətsizliyini dünyaya bəyan etdikdən sonra öz gücünə torpaqlarını işğaldan azad etmişdir. Bu məsələdə Azərbaycanın haqlı ollduğunu dünyanın demək olar ki, əksər ölkələri ünvanladıqları təbriklərlə təsdiq etmişdilər. Deməli, Ermənistanın mənasız iddiaları, cəfəng tələbləri və qaraguruh fəaliyyəti göstərir ki, bu ölkə artıq özü öz daxilində boğulmaqdadır. Həm də bu daxili çəkişmə bir daha təsdiq edir ki, Ermənistan hakimiyyəti konkret fəaliyyət proqramına malik deyil. Ona görə də buradakı siyasi böhran hakimiyyəti qoruyub saxlamaq istəyən indiki iqtidarın zəifliyinin göstəricisidi. Məhz indiki Ermənistan iqtidarı konkret addımlar ata bilmədiyindən ölkədəki pozucu güclər də bundan yararlanır. Təbii ki, son nəticədə də Ermənistan iqtidarı həm orduya, həm də bütövlükdə ölkəyə nəzarəti itirdiyini göstərir. Nəzarətsizlik də təxribatların törədilməsinə açıq-aşkar şərait yaratmış olur. Bütün bunlar Ermənistanın daxili işi olsa da, törədilən təxribatlar birbaşa Azərbaycana yönəlir. Bu da Azərbaycan əsgərini, Azərbaycan ordusunu və bütövlükdə güc strukturlarımızı daha ayıq-sayıq olmağa, düşmənin təxribatlarını vaxtında almağa səfərbər edir. Burada kədərli bir nüans ondan ibarətdir ki, ermənilərin torpaqlarımızda basdırdıqları minalar dinc sakinlərimizi, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbçilərimizin həyatına təhlükə yaradır. Acınacaqlı hallardan biri də budur ki, Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi mina xəritələri də fəaliyyət üçün yararsızdı. Azərbaycanın bu sahə üzrə mütəxəssisləri açıq şəkildə bildirirlər ki, həmin xəritələr əməli işdə öz təsdiqi tapmır. Deməli düşmən tərəf öz xislətində qalmaqda davam edir.
Hər iki ölkə arasında mövcud olan durum üçtərəfli bəyanatı imzalayan Rusiya üçün də əlavə problemlər yaradır. Elə ona görə də Soçiya görüşündə Rusiya prezidentinin səsləndirdiyi fikirlər Ermənistanda Paşinyan hakimiyyətinin əleyhdarlarını Rusiyaya qarşı da yönəldibdi. Artıq bu ölkədə Rusiyadan qopmaq, xilas olmaq barəsində fikirlər açıq-aşkar səsləndirilir. Hətta Ermənistanın Qərbə üz tutması barədə də çağırışlar da edilir. Elə bununla bağlı mətbuata açıqlama verən ekspertlər birmənalı şəkildə vurğulayırlar ki, Ermənistan özü-özünü məhvə aparır. Bu ölkənin yaşamaq üçün çıxış yolu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan keçir. Amma Ermənistanın daşnaqsütyun havalı xadimləri, siyasətçiləri bu çıxış yolunu özləri bağlayırlar. Yəni onlar ərazi iddiaları ilə, soyqırım ifadələri ilə Türkiyəni və Azərbaycanı daha sərt mövqe tutmağa sövq edirlər. Baxmayaraq ki, Türkiyə prezidenti dəfələrlə arxivlərin açılmasını və yalançı erməni soyqırımı ilə bağlı iddialara aydınlıq gətirməsini istəmişdir. Ermənilər isə öz yalanlarının üzə çıxacağından qorxaraq hər dəfə bu çağırışı eşitməməzliyə vurmuş, ondan yan keçmişdilər.
Bu gün dünya mediasında geniş şəkildə şərh edilən məqamlardan biri də Rusiya-Türkiyə münasibətləri və həmin münasibətlərin fonunda Cənubi Qafqazdakı siyasi durumdur. Təbii ki, bu məsələdə əsas yeri Azərbaycan-Ermənistan münasibətləri tutur. Yəni, 44 günlük müharibə zamanı Azərbaycanın yanında olduğunu bəyan edən Türkiyənin regionda atdığı addımlar Ermənistanı və ona havadarlıq edənləri öz mövqelərinə, öz siyasətlərinə yenidən baxmağa məcbur edir. Belə ki, cənab Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana səfərbəri, xüsusilə Şuşa, Zəngilan və Füzuliyə səfərləri bu torpaqların əsl sahiblərinə qaytarıldığına birmənalı təqdimatdır. Həm Türk mediasının, həm də bütövlükdə dünya mediasının bu səfərlər barədə informasiyaları geniş şəkildə yayımlaması, eləcə də işğaldan azad olmuş bölgələrimizə müxtəlif ölkələrin siyasi fiqurlarının səfərləri, buradakı reallıqları öz gözləri ilə görməsi Ermənistanı daha da ağır duruma gətirib çıxarır. Yəni, hər kəs özünü yazıq durumda təqdim edən Ermənistanın çirkin oyunlarının, vandalizminin şahidi olur. Bölgədəki real faktlar, mənzərələr özü-özlüyündə işğalçının əqidəsini və əməlini ortaya qoyur. Belə olan halda bu gün təxribatlarından yenə də çəkilməyən Ermənistanın yenidən dəmir yumruqla baş-başa gəlməsi ehtimalı daha da artır. Azərbaycan prezidenti, cənab İlham Əliyevin də vurğuladığı kimi, "Ermənistan gerçəkliyi qəbul etməli və bizimlə normal qonşuluq şəraitində yaşamaq yolunu tutmalıdır. Əks halda dəmir yumruq yenə də onların başına dəyəcəkdir".
Əbülfət MƏDƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər

“Qarabağ Zəfərindən Turana doğru” kitabının təqdimatı keçirilib

“Qayıdış yolçuları: Vətənə addım-addım”: Böyük Qayıdışın təbliği

XƏZƏRYANI ÖLKƏLƏRİN DƏNİZÇİLRİNƏ MÜRACİƏT

"Sahibkarlar Forumu" keçirilib

“Füyuzat”la Türkçülük və İstiqlalın tarixi yazıldı

Ailə dəyərlərinə olan təhdidlərin uşaqların psixologiyasına vurduğu ziyanlar

“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” görülür
