Ermənistanın turizm sahəsindəki məyusluğu: Çüzi artım...
Ermənistan həmişə Iddia edib ki, onun ölkəsinə gələn turistlərin sayı çox olub.
Adalet.az xəbər verir ki, Ermənistanın turizm komitəsinin məlumatına görə, noyabrda Ermənistana 152 976 turist səfər edib.
Eyni zamanda, ötən ilin noyabr ayında ölkəyə 149 919 turist gəlib.
Ötən ay ən çox turist səfəri Rusiya (43%), Gürcüstan (12%) və İrandan (8%) qeydə alınıb.
Rəsmi statistikaya görə, 2024-cü ilin 10 ayı ərzində Ermənistana 1,92 milyondan çox turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% azdır. Ermənistana ən çox turist Rusiya (43%), Gürcüstan (11%), İran (7%), həmçinin ABŞ (3%) və Hindistandan (2%) gəlib.
Ermənistan Turizm Komitəsinin rəhbəri Lusine Qevorqyanın jurnalistlərə müsahibəsində deyib ki, 2024-cü ilin sonuna kimi Ermənistana gələn turistlərin sayı 2 milyona çata bilər.
Xatırladırıq ki, ötən il Ermənistana ilk dəfə 2 milyondan çox turist gəlmişdi .
Qeyd edək ki, Azərbaycana da bu il turist axını olub. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn turistlərin sayı 2209,6 min nəfərə çatıb, bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,2% artım deməkdir.
Bu göstərici ölkənin turizm sektorunun inkişaf etdiyini və beynəlxalq marağın artdığını göstərir. Turistlərin əsasını isə Rusiya (28,5%), Türkiyə (16,2%) və Hindistan (9,1%) təşkil edib. Məlumatlara görə, gələn turistlərin 66,8%-i kişilər, 33,2%-i isə qadınlardır.
Öz növbəsində, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 32,8% artaraq 94 min nəfərə çatıb. Körfəz ölkələrindən isə turistlərin sayı 28,3% artaraq 365,3 min nəfərə yüksəlib.
Əntiqə Rəşid