adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Mart 2023 10:20
548
GÜNDƏM

“Etdiyim hərəkət bir ömür boyu övladlarımın...”-Ərinin dostuna görə ailəsi dağılan qadın  

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında növbəti qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Validənin (adı şərtidir) həyat hekayəsini təqdim edəcəyik. O, həyat yoldaşının dostu olan şəxs tərəfindən ailəsinin dağıdıldığını bildirib. Bu işdə həm özünü, həm də həyat yoldaşını günahkar bilir. Validə olanları əməkdaşımıza belə nəql edib:

“Həyat yoldaşım Rusiyada işlədiyi üçün ilin çox ayını orda olurdu. Mən də iki övladımla və qayınanamla yaşayırdım. Yoldaşımın dost dediyi bir nəfər qonşumuz var idi. Həyat yoldaşım evdə olanda bir yerdə oturub-dururdular. Tez-tez bizə gəlib-gedirdi. Həyat yoldaşım çox vaxt Rusiyadan pul göndərəndə dostuna zəng vurub deyirdi ki, “arvadımı banka apar pulu alsın və ordan da bazara gedin”.  Ərimin dostu dediyim şəxs də bu cür edirdi”. 

“Elə münasibətimiz yaranmışdı ki, alt paltarlarımı da...”

“Bu cür gediş-gəlişlə bizim də aramız açıldı. Telefon nömrəmi verdim və yazışmağa başladıq. Ondan sonra hisslərimə hakim ola bilmədim və artıq sevgi münasibətlərimiz yarandı. Gecələr qayınanam yatandan sonra bizə gəlirdi və görüşürdük. Bu minvalla münasibətimiz davam edirdi. Heç kim də bizdən şübhələnmirdi. Ərim Rusiyadan pul göndərəndə yenə birlikdə gedib bankdan götürürdük və ordan da bazara gedirdim. Elə münasibətimiz yaranmışdı ki, alt paltarlarımı da o seçib aldırırdı”. 

“Kənddə çox böyük bir biabırçılıq yaşandı...”

“Günlərin bir günü gecə otaqda onunla görüşəndə telefonun fanarını yandırdığını gördüm. Soruşanda dedi ki, qaranlıq olduğu üçün yandırmışam. Amma ağlıma gəlmirdi ki, o məni kameraya çəkər. Mən də ona inandım və sevişdik. Bir müddət sonra kəndin uşaqlarının əlinə bizim bir intim videomuz düşdü. Orda hər şey açıq-aşkar görünürdü. Onda həyat yoldaşım da Rusiyadan qayıdıb gəlmişdi, evdəydi. 
Məcbur olub evdən atamgilə qaçdım. Məlum oldu ki, görüşdüyüm adamın arvadı ərinin telefonunda bu videonu görüb və bizi ifşa etmək üçün bütün kənddə yayıb. Kənddə çox böyük bir biabırçılıq yaşandı, camaat yığışıb həmin adamı kənddən qovdular. Mən isə atamgildə idim. Həyat yoldaşım nə mənə, nə də dostuna bir söz demədi. Biz o hadisədən sonra boşandıq. Ərimin dostu isə bir neçə ay həbsdə yatdı. İndi isə azadlıqdadır”. 

“Elə ailəmizin dağılmağına birinci səbəbkar ərim...”

“Onu demək istəyirəm ki, həyat yoldaşım mənə diqqət yetirmədi. Həmişə rus qadınlarının arxasına düşdü. Təkliyimdən istifadə edən o adam da evimizə girib məni yoldan çıxardı. Elə ailəmizin dağılmağına birinci səbəbkar ərim, ikinci isə özüməm. İndi elə bir dövrdür ki, dost dediyin adamı evinə salırsan və sonra başqa hadisələr olur. İkimiz də ayrı yaşayırıq, uşaqlarımız böyüyür. Amma etdiyim hərəkət bilirəm ki, bir ömür boyu övladlarımın başında qaxıncdır”.   
   
Vasif Əlihüseyn