adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Iyun 2022 11:47
738
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: Normadan artıq yük daşıyan avtomobilər...

Onlar yolları dağıdırlar

Son 20 ildə respublikamızda avtomobil yolları dünya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə tikilib, əhalinin istifadəsinə verilib. Bu gün respublikamızın hansı regionuna, hansı əyalətinə avtomobillə getsən, heç bir çətinliklə və problemlə üzləşməzsən. Çünki bayaq dediyimiz kimi, Azərbaycanda avtomobil yolları dünya standartlarına uyğun inşa edilib.

Bakı-Astara, Bakı-Qazax, Bakı-Şamaxı-Ağsu, Biləsuvar-İmişli avtomobil yolları demək olar ki, çox rahat və təhlükəsizdir. Əgər 20-25 il bundan əvvəl o yollarla mənzil başına 6-7 saata çatmaq olurdusa, indi uzaq başı 4-5 saata respublikanın istənilən ucqar rayonuna getmək olur. Deməli, ölkəmizdə yol infrastrukturu çox yüksək səviyyədə öz həllini tapır.

Təəssüflə qeyd etmək istəyiriki ki, adını çəkdiyimiz yolların bir neçə istiqamətində normadan artıq yük daşıyan iri tonnajlı avtomobillər problemlər yaradır. Yəni həmin yolların müəyyən istiqaməti ağır yükə tab gətirməyərək sıradan çıxır.

Aydındır ki, yolların mühafizəsini qoruyan məlum qurum da fəaliyyət göstərir. Bu qurum yetərincə yolların dağılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirir. Ancaq bu da problemi tamamilə həll eləmir. Çünki bir çox şirkətlər və onların tabeliyində olan iri tonnajlı yük maşınları mövcud qaydalara əməl etmir, bir çox halda həmin avtomobillərə həddindən çox tikinti və inşaat materialları yığır və nəticədə respublikanın avtomobil yolları bərbad günə düşür.

Heç uzağa getməyək, Bakı-Quba avtomobil yolu 10 il bundan qabaq əsaslı surətdə betondan tikilərək istismara verilmişdi. Amma heç 10 il keçmədi, həmin yolun böyük bir hissəsi ağır tonnajlı yük maşınlarını normadan artıq yük aparması nəticəsində sıradan çıxdı. İndi yenidən Bakı-Quba yolunun tikintisi həyata keçirilir.

Havaların isti keçdiyi günlərdə isə ağır tonnajlı maşınlar normadan artıq yük daşıyaraq yolları daha tez sıradan çıxarır. Çünki isti yay günlərində asfalt örtük yumşalır, ağır yükə tab gətirmir və nəticədə yol dağılmağa başlayır. Bayaq dedik, artıq respublika əhəmiyyətli yolların bir neçə istiqamətində asfalt örtüklər sıradan çıxıb. Xüsusən də «Şadman», «Kamaz», «Kraz» markalı yük maşınlarına normadan artıq yük vurarkən avtomobilin ağırlığı və yükün çoxluğu yolları yararsız vəziyyətə gətirib çıxarır.

Axı bu yolların inşa edilməsinə dövlət milyonlarla manat vəsait ayırıb. Və eyni zamanda yol polis idə stasionar postlarda normadan artıq yük daşımasına qarşı ciddi mübarizə aparır. Belə ki, hər hansı yük maşınında normadan artıq yük olduqda, həmin avtomobil saxlanılır, mişar daşları boşaldılır və bundan sonra sürücü sükan arxasına keçərək maşını idarə edir. Əlbəttə, bu kimi hadisələrin baş verməsi son nəticədə ölkəmizin yol infrastrukturuna və büdcəsinə milyonlarla manat ziyan vurub. Düzdü, bəzi hallarda normadan artıq yük daşıyan fiziki şəxslər və onların rəhbəri olan hüquqi şəxslər məsuliyyətə cəlb olunurlar. Yəni İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə belələri cərimə edilir və inzibati məsuliyyətə cəlb olunur.

Normadan artıq yük daşıyan və yolları dağıdan sürücülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli də öz fikrini bildirib. O deyib ki, yay mövsümündə ağır çəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğraması ehtimalı yüksək olduğu üçün belə halların qarşısının alınması məqsədilə və yük daşıması ilə məşğul olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırırıq ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalıdır. Əks halda onlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Göründüyü kimi, Baş Dövlət Yol Polisi İdarəsi müxtəlif markalı iri tonnajlı yük maşınlarını idarə edən sürücülərin nəzərinə qanunun müvafiq maddəsini çatdırır. Daha doğrusu, onların maarifləndirilməsi üçün lazımi tədbirləri vaxtında həyata keçirir. Əgər yol polisi öz üzərinə düşən funksiyanı yerinə yetirirsə və iri tonnajlı avtomobillərin sürücülərinə xəbərdarlıq edərək bildirirsə ki, bu cür normadan artıq yük daşınması qanun pozuntusudur, deməli, hər bir yük daşıyan sürücü buna əməl etməli və respublika əhəmiyyətli yolların dağılmaması üçün məsuliyyətli olmalıdır.

Çünki bu yollardan biz istifadə edirik. Hər hansı avtomobil yolunun müəyyən istiqaməti yararsız hala düşürsə, onun yenidən təmiri üçün milyonlarla manat vəsait xərclənir. Üstəlik də yollar təmir olarkən sürücülər də vaxt itirir və müəyyən problemlər yaşayır. Ona görə də bütün sürücülər yük daşıyarkən normadan artıq yük vurmamalı, qanuna hörmətlə yanaşmalıdır.