Fərid Hüseynlə küdəmirli oxucuların görüşü keçirildi - FOTOLAR
18 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, yazıçı-publisist, araşdırmaçı Fərid Hüseynlə kürdəmirli oxucuların görüşünü keçirildi.
Görüşü Muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verərək Fərid Hüseynin əsərlərinin onun dünyagörüşü, həqiqi yaşantıları və bədii ilhamının vəhdətindən yaranmasından, yazıçının tarixə, klassik irsimizə, müasir dünyada cərəyan edən ədəbi, ictimai-siyasi hadisələrə, zaman, məkan anlayışına analitik yanaşmaqla yanaşı, ənənəyə sadaqətindən, müasir sərbəst şeirlərilə özünəməxsus üslub yaratmaq məharətindən bəhs etdi.
Tədbirin qonağı şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu çıxış edərək çağdaş Azərbaycan sərbəst şeirinin gənc nümayəndəsi Fərid Hüseyni gənc yazarlar içərisində ən məhsuldar yazıçı adlandırdı və onun bədii, publisistik, tədqiqat əsərlərini çox yüksək qiymətləndirdiyini bildirdi. Fərid Hüseynin klassik ədəbi araşdırmalarını həm özündən əvvəlki, həm də gələcək nəsillər üçün dəyərli töhfə olduğunu, bu əsərlər içərisində “Səmərqənd divanı” silsiləsini 32 illik müstəqillik dönəminin ən qiymətli əsərlərindən biri kimi dəyərləndirdi.
Mərkəzi Aran Regional İdarəsinin Kürdəmir rayon üzrə nümayəndəsi Vaqif Alıyev özünəməxsus üsluba və istedada malik olmasından, əsərlərində mövzu və süjet xəttinin həyatiliyindən, tərcümələrinin orijinallığından bəhs etdi.
Gənc yazıçı, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səxavət Sahil çıxışında ilk olaraq Fərid Hüseynin şəxsiyyətinin bütövlüyündən, dostluğa sədaqətindən, yardımsevərliyindən söhbət açdı. Səxavət Sahil daha sonra Fəridin klassik ədəbi irsə dərindən bələdolmasından danışdı və qeyd etdi ki, Fərid Hüseyn əsərlərində klassik ədəbiyyat yalnız özünü forma olaraq büruzə verir, klassik düşüncəni çağdaş ədəbiyyatla birləşdirir.
Tədbirdə Fərid Hüseynin şeirlərinə hazırlanmış videoçarxlar nümayiş olundu və tədbir iştirakçıları gənc şairin şeirlərindən nümunələr səsləndirdilər.
Sonra şair söz alaraq yaradıcılığı, həyatı, əsərlərinin sujet xətti və yazılma səbəbləri haqqında oxucularına geniş məlumat verdi. Görüşün sonunda şair oxucuların ona ünvanladığı sualları cavablandırdı və maraqlı görüş üçün muzeyin əməkdaşlarına və oxucularına minnətdarlığını bildirdi.
Görüşün sonunda gənc yazara gül dəstələri təqdim edildi. Fərid Hüseyn yeni nəşrdən çıxmış kitablarını muzeyə və oxucularına hədiyyə etdi. Oxucular yazıçını əhatəyə alaraq xatirə şəkilləri çəkdirdilər.