SALMAN CAVADZADƏNİN POETİK DÜNYASI
90 illik yubileyi münasibətilə...
Ədəbiyyatda bəzən müəllifin yaradıcılıq kimliyini müəyyənləşdirən əsas amil onun hansı janrda yazmasından daha çox, müxtəlif janrları hansı mənəvi-estetik məxrəcə gətirə bilməsidir. Belə müəlliflərin yaradıcılıq portreti bir janrın sərhədləri daxilində deyil, müxtəlif poetik istiqamətlərin kəsişmə nöqtəsində formalaşır. Salman Cavadzadənin yaradıcılıq irsinə bu prizmadan baxdıqda onun müəllim, idmançı, şahmatçı, məşqçi, şahmat bəstəçisi və qələm adamı kimi fəaliyyətlərinin ayrı-ayrı bioqrafik faktlar deyil, vahid bir dünyagörüşünün müxtəlif təzahürləri olduğu görünür.
Bu günlərdə onun 90 illik yubileyi münasibətilə Baş Ədliyyə müşaviri Ələmdar Məmmədovun “Salman Cavadzadə - 90” məqaləsini oxuyarkən müəllifin poeziyasına aid bir neçə nümunə xüsusilə diqqətimi çəkdi. Ələmdar Məmmədovun təqdim etdiyi Kəpəz və Göygöl mövzusundakı poetik tapmaca məndə Salman Cavadzadə yaradıcılığına maraq oyatdı:
Kəpəzdən gəlir əzəli,
Yeddidir göllər gözəli.
Yeddisindən biri “Zəli”,
Altısını tapın görək.
İlk baxışda sadə uşaq tapmacası təsiri bağışlayan bu dördlük əslində müəllifin poetik təfəkkürünün bir sıra xüsusiyyətlərini özündə ehtiva edir. Burada folklor kodu, coğrafi yaddaş, təbiət obrazı, didaktik funksiya və poetik oyun eyni mətn strukturunda birləşir. Kəpəz sadəcə coğrafi obyekt kimi deyil, poetik obraz kimi təqdim edilir; yeddi göl isə təbiət mənzərəsini estetik bütövlüyə çevirir.
Məhz bu tapmacadan sonra Ələmdar müəllimdən Salman Cavadzadənin kitabını istədim və o, mənə “Bir şahmatçının memuarı” kitabını verdi.200 səhifədən ibarət kitab (“Elm və təhsil” nəşriyyatı -2019)Beynəlxalq hakimlər İlham Əliyev və Şaiq Quliyevin ön sözü ilə açılır. Əlişir Nəvainin kitabın əvvəlində verilmiş:
İstərsən sultan ol, istərsən gəda,
Bir əsər qoymayıb getsən dünyada,
İtəcək şöhrətin, batacaq adın,
Səni anmayacaq doğma övladın.
- misraları isə kitabın konseptual açarlarından biri kimi çıxış edir.Bu epiqraf təsadüfi seçilmiş poetik fraqment təsiri yaratmır. Əksinə, kitabın ümumi ideya-semantik kodunu əvvəlcədən müəyyənləşdirir.
Yazımın əvvəlində Salman Cavadzadənin zəngin və çoxşaxəli ömür yoluna qısa nəzər salaq: S.Cavadzadə 1936-cı il oktyabrın 11-də Bakıda ziyalı ailəsində anadan olub. 1943-cü ildə ailəsi ilə birlikdə Bakıdan Gəncəyə köçüb. 1953-cü ildə Gəncə şəhər 2 saylı orta məktəbi bitirib, 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1960-cı ildə ali təhsilini başa vuraraq tarix, dil və ədəbiyyat müəllimi ixtisasına yiyələnib. Onun həyatında idman daha mühüm yer tutub. Gəncənin basketbol yığma komandasının 15 il kapitanı olan Salman Cavadzadə şahmat sahəsində də çox sayda uğura imza atıb. 1961-ci ildə Zaqatalada keçirilən şahmat üzrə Respublika Kubokunun komanda yarışında, 1979-cu ildə isə Naxçıvanda keçirilən şahmat spartakiadasında qalib olub. 1971-ci ildən Gəncə şahmat klubunun, 1979–2010-cu illərdə isə Gəncə şahmat məktəbinin direktoru vəzifəsində çalışıb.Uzun illər ərzində idman və şahmat sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1993-cü ildə Azərbaycanın Əməkdar məşqçisi, 1995-ci ildə isə Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb. Şahmat bəstəçiliyi üzrə Azərbaycan milli komandasının üzvü olan Salman Cavadzadə bu sahədə ölkə və beynəlxalq səviyyədə mühüm uğurlara imza atıb.
“Bir şahmatçının memuarı”nın birinci hissəsində Salman Cavadzadənin nəsil şəcərəsi, ailə yaddaşı, sevdiyi klassiklər, idman fəaliyyəti, şahmat dünyası haqqında publisistik yazıları yer alır.Kitabın ikinci hissəsi isə Salman Cavadzadənin yaradıcılıq portretinin başqa bir qatını açır. Burada poetik tapmacalar, şeirlər, satirik hekayə, aforizmlər, tərcümələr və mahnı mətnləri bir araya gətirilir. Bu janr müxtəlifliyi təsadüfi parçalanma təsiri yaratmır; əksinə, müəllifin dünyanı müxtəlif verbal formalar vasitəsilə qavrama strategiyasını nümayiş etdirir.
Salman Cavadzadənin tapmacaları onun poetik irsinin ən xarakterik qatlarından biridir. Tapmaca folklorun ən qədim intellektual-estetik janrlarından biri olmaqla, oxucunu hazır informasiya ilə təmin etmir, onu mənanın bərpası prosesinə cəlb edir. Bu xüsusiyyət Cavadzadənin tapmacalarında didaktik məqsədlə birləşir.
Məsələn:
Həm gözəldir, həm uca,
Həm qədimdir, həm qoca.
Ətrafı göl, baş haça,
Yeddi gözəl arasında.
Burada Kəpəz obrazının qurulmasında epitet, metaforik təcəssüm və say simvolikası mühüm rol oynayır. “Gözəl”, “uca”, “qədim”, “qoca” sözləri dağ obrazını sadəcə təsvir etmir, ona insan xarakteri qazandırır.
Cavadzadənin tapmacalarında biliklə poetik obrazın sintezi xüsusilə nəzərə çarpır. Əliağa Vahidin yaradıcılığına həsr olunmuş tapmacada:
Adı ağa, özü ağa, sözü xan,
Füzulidən sonra dahi qəzəlxan.
Qəzəlləri unudulmur heç zaman,
Qəzəl ustasısan, təksən, vahidsən.
- misraları vasitəsilə müəllif yalnız şəxsiyyəti araşdırmır, həm də onu ədəbi kontekstə yerləşdirir.Burada tapmaca mikroədəbi portret funksiyası qazanır. Əliağa Vahid adı tapmacanın cavabı olmaqdan çıxaraq Füzuli ənənəsi ilə əlaqələndirilir. Bu isə müəllifin ədəbi yaddaşının klassik poeziya xətti üzərində qurulduğunu göstərir.
Coğrafi və tarixi məlumatların poetik mətnə daxil edilməsi də Cavadzadə yaradıcılığının səciyyəvi xüsusiyyətidir:
Bir qitənin rəngini qırmızı boyayıblar,
Burda qədim zamandan məskunlaşıb hindular.
İki yerə bölünüb - şimalı, cənubu var,
Kolumb tapsa da onu, başqa bir ad qoyublar.
Bu nümunədə didaktik diskurs poetik formanın daxilində fəaliyyət göstərir. Coğrafi bilik, tarixi fakt və bədii obraz eyni semantik müstəvidə birləşir.Müəllifin poetik strategiyasının özəlliyi də məhz bundadır: o, oxucuya bilik vermək üçün poetikliyi qurban vermir, poetikliyi biliyin yadda qalma mexanizminə çevirir.Bu baxımdan onun tapmacalarını maarifçi poeziyanın janr transformasiyası kimi də səciyyələndirmək mümkündür.
Cavadzadənin yaradıcılığında uşaqlıq və məktəb illəri xüsusi nostalji semantika daşıyır:
Evdən çıxmaq istəyəndə anamızı tovlayardıq,
Əlimizlə tikdiyimiz cındır topu qovlayardıq,
“Qaçma-tutma”, “Dirə-döymə”, “Çilingağac” oynayardıq,
Silinməyən xatirədir əziz məktəb illəri,
Tərtəmizdir, bakirədir əziz məktəb illəri.
Bu misraların əsas poetik dominantı nostalji diskursdur.Lakin burada nostalji yalnız keçmişə həsrət deyil. “Qaçma-tutma”, “Dirə-döymə”, Çilingağac” kimi ifadələr müəyyən tarixi dövrün məişət və oyun mədəniyyətini qoruyan mədəni yaddaş markerləri kimi çıxış edir.
Cavadzadənin sevgi lirikasında diqqət çəkən məqam hissin konkret məkana bağlanmasıdır:
Közsüz alışdıran, odsuz yandıran,
Xumar gözlərinə, qaşına qurban.
Səni bəxş eyləyən, səni yaradan,
Toğana kəndinin daşına qurban.
Burada lirik subyektin məhəbbət hissi yalnız sevgiliyə yönəlmir; sevgilini yaradan məkana da keçir.
Fərdi məhəbbətin coğrafi məkana bağlanması nəticəsində poetik semantika genişlənir: sevgili obrazından yurd obrazına, yurd obrazından isə Vətən konseptinə doğru keçid yaranır.
Kitabın ikinci hissəsindəki satirik hekayə müəllifin nəsr imkanlarını nümayiş etdirən maraqlı nümunələrdəndir.Əziz Nesinə ehtiramla başlayan hekayədə Gəncənin tarixi və mədəni potensialı ilə real mənzərəsi arasındakı ziddiyyət satirik optikadan keçirilir.Satiranın poetik mexanizmi burada kontrast üzərində qurulur: Nizami şəhəri ilə onun bugünkü problemləri üz-üzə gətirilir.Bu məqam Azərbaycan satirik ədəbiyyatının ənənələri ilə səsləşir. Sabirin sosial satirası, Cəlil Məmmədquluzadənin satirik publisistikası, Əbdürrəhim bəy Haqverdiyevin nəsrindəki ironik müşahidə, Nəcəf bəy Vəzirovun komediyalarında sosial qüsurların ifşası, Süleyman Sani Axundovun satirik-tənqidi üslubu geniş bir ədəbi ənənə yaradır.
Kitabda yer alan aforizmlər müəllifin həyat müşahidələrinin yığcam ifadə formasıdır:
Qələm ustaları daim ucalar,
Qılınc ustaları torpaqda yatar.
Bu iki misrada qələm və qılınc metonimik qarşılaşdırma vasitəsilə iki fərqli qüvvə modelinə çevrilir. Bir tərəfdə mənəvi yaddaş yaradan söz, digər tərəfdə fiziki gücü təmsil edən qılınc dayanır.
Başqa bir nümunədə:
Yaxşılıq kök atar, açar gül olar,
Pislik tüstülənər, sönər kül olar.
Burada müəllif antitez və metaforik transformasiya vasitəsilə əxlaqi fikri poetik obraz sisteminə daxil edir. Yaxşılıq “kök”dən “gül”ə doğru inkişaf edən həyat modeli, pislik isə “tüstü”dən “kül”ə doğru gedən məhvolma modeli kimi təqdim edilir.Aforizmin mahiyyəti də burada üzə çıxır: geniş həyat təcrübəsi minimum sözlə maksimum semantik yük daşımağa çalışır.
Cavadzadənin yaradıcılıq diapazonunun daha bir mühüm istiqamətini mahnı mətnləri və tərcümələr təşkil edir. Xarici bəstəkarların və müxtəlif xalqların mahnılarının mətnlərini Azərbaycan dilinə uyğunlaşdırması onun musiqi ilə söz, fərqli mədəniyyətlərlə milli poetik düşüncə arasında əlaqə yaradan intermedial təfəkkürə malik olduğunu göstərir. Müəllifin söz və musiqisi özünə aid olan “Bu sevda” və “Şahmat himni” isə bu yaradıcılıq istiqamətinin artıq müəlliflik müstəvisinə keçdiyinin nümunəsidir.
Salman Cavadzadənin poetik dünyasının əsas semantik mərkəzlərindən biri Vətən anlayışıdır.Torpaqlarımızın işğalda olduğu illərdə yazdığı:
Yandırır, batırır, qırır, məhv edir,
Xoşbəxtlik yerinə ancaq dərd verir.
Sülhü nə Şərq verir, nə də Qərb verir...
- misralarında dövrün siyasi reallıqlarına münasibət ifadə olunur. Burada müəllif sülhün xarici qüvvələrdən gözlənilməsinə skeptik yanaşır və milli iradə ideyasını önə çəkir.Onun Qarabağla bağlı misralarında isə gələcəyə inam motivi aparıcıdır:
Güzəranlar gözəlləşib gözəl günlər gələcək,
Bağımızda bar-bərəkət bərabər bölünəcək,
Qarabağda qalibiyyət qazanacaq qəhrəman,
Azadlıqda arxalıdır, anayurd Azərbaycan!
Bu misralara sonrakı tarixi hadisələrin fonunda nəzər saldıqda, müəllifin Qarabağla bağlı arzusunun gerçəkləşdiyinin şahidi oluruq. Onun poetik intizarında ifadə olunan gözəl günlər gəldi, güzəranımız dəyişdi, bağımız bar-bəhər verdi, ən başlıcası isə illərlə işğal altında qalan torpaqlarımız azadlığına qovuşdu.
Elə bu ovqatla müzəffər Azərbaycan xalqının dəyərli oğlu Salman Cavadzadə haqqında yazımı yekunlaşdırıram. 90 illik yubileyi münasibətilə Salman Cavadzadəni ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq axtarışları və qələmindən doğacaq daha neçə-neçə dəyərli əsər arzulayıram.
İradə AYTEL


Bakı -°C

