Fəxri adı – İntiqam Mehdizadə
O, hər şeydə yaxşı nümunə idi...
2003-cü ildən bəri yaxından bələd olduğum, tanınmış jurnalist, yazıçı, ssenarist, uzun illər Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsində çalışmış, “Bulaq” verilişinin redaktoru olmuş, televiziyada "Gənclik və idman" redaksiyasına rəhbərlik etmiş Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, "Qızıl qələm" mükafatlarına layiq görülmüş İntiqam Mehdizadəni deyirəm.
Yazıya hədsiz dərəcədə həssaslıqla yanaşırdı. Yetmiş yeddi yaşında da kiçik bir mətndən ötrü özünü oda-suya vururdu. Bircə hərf səhvinə görə qanı qaralırdı. Sözarası hansısa yazının adını çəksəm, sabah onu tapıb gətirirdi. Sənəd işlərinə çox diqqətli və məsuliyyətli idi. Bir imzadan ötrü bir gündə iki-üç dəfə uzun yol gedib gəlirdi: "təki iş düzəlsin" deyirdi. Yazı, efir, peşəkarlıq, onunçün hər şey idi. Namusla işləməkdən başqa heç nə bilmirdi. Yaxşı ki, bilmirdi, yoxsa İntiqam Mehdizadə olmazdı ki... yoxsa yoxluğuna təəssüflənənlər tapılmazdı. Onun fəxri adı da İntiqam Mehdizadə idi.
Böyüdüyüm mühitdə nənələr çox olub, o vaxtlar onların əfsanə, rəvayət və nağıllarına marağım olmadığından dinləmirdim. İnanclarına isə acıqlanırdım. "Filankəs uğursuz adamdır", "filankəsə bədnəzər dəyib" və s. Boş-boş şeylərlə vaxtımı aldıqlarını düşünürdüm. Hərdən təəssüflənirəm. Bəzən elə məqam olur ki, nənələrin işlətdikləri ifadənin məqamı çatır, haqlı olduqlarını dərk edirəm. Onları dinləyib nələr yaza bilərdim! Heyif ki, gecdir. Elə indicə onların bir yanaşmasının gerçək olduğu qənaətinə gəldim. Kasıbın çalışıb çabalamağına baxmayaraq məhsulunun olmaması varlının əkib-becərmədiyi torpağında öz-özünə bitən faydalı bitkiləri görəndə nənələr deyirdilər, var varı sevər. (Əslində, atalar sözüdür, mənsə nənələr sözü kimi təqdim etdim) Bunun nə demək olduğunu o zamanlar anlamırdım. Orden-medalları qatar-qatar düzülən adamları gördükcə, İntiqam müəllimə isə layiq olduğu fəxri adın verilməməsini xatırladıqca fikirləşirəm ki, doğrudan da var varı sevirmiş, yoxsa bir adama nə qədər medal, titul verilərmiş.
Vaxtilə İ.Mehdizadənin işçisi olub onun yazdığı qonorarla dolananlar yüksək yerlərdə vəzifə tutan “əməyi dar”lar əməyi genişmiş kimi təltif edildilər, İntiqam müəllimsə haqq etdiyi adı gözləyə-gözləyə 2022-ci ilin iyun ayının səkkizində sevdiyi İsmayıllıda dünyadan köçdü.
Bu yazı onun haqqında yazdığım mətnlərdən ən kiçiyi, amma ən ağrılısıdır. Ruhunu şad etmək istədim...
Pərvanə Bayramqızı


Bakı -°C

