Fəxri Hacıbəy: " Ağdam Çay Evi deyiləndə 37 ildir yadımıza böyük kişilər düşür" -MÜSAHİBƏ
Düz 37 il əvvəl Ağdamın mərkəzində sonralar Ağdamın simvollarından birinə çevriləcək bir tikilinin təməli qoyuldu. Belə bir tikili nə paytaxtda, nə də respublikanın heç bir rayonunda tikilməmişdi. Azərbaycan üçün qeyri-ənənəvi bir sənət əsəri də demək mümkündür. Bu Ağdamın məşhur çay evi idi.
Mövzu ilə bağlı dövrün bu yeniliyinə şahid olmuş tanınmış jurnalist. hazırda Almaniyada yaşayan Fəxri Hacıbəy ( Fəxrəddin Hacıbəyli) Adalet.az-ın suallarını cavablandırır.
- Siz bir dəfə Ağdam çay evi ilə bağlı sosial şəbəkə hesabınızda paylaşım etmişdiniz, təxminən 5-6 əvvəl. Ötən gün səhifənizi ələk-vələk elədim o paylaşımı tapa bilmədim.
- Hesabım dəfələrlə bağlandığı, paylaşımlarım silindiyi üçün başqa səhifə açmışam. Yəqin bu səbəbdən tapa bilməmisiniz.
-Onda mən sual verim siz mənim suallarımı cavablandırın. Fəxri bəy, necə oldu ki, belə bir unikal bina, çay evi məhz Ağdamda tikildi?
- Bəlkə sizin də yadınıza gələr, sovet dönəmində sərxoşluq və alkoqolizmlə mübarizə ilə bağlı yeni qanunlar qüvvəyə mindi. Təxminən 80-ci illər idi. Spirtli içkilərin satışı kısıtlandı. SSRİ-də yeni siyasi, iqtisadi və ictimai mühit formalaşmağa başlanması sovet adamının alkoqolizmdən əziyyət çəkməsini əngəlləmək məqsədi daşıyırdı. Həmin dövrlərdə bir çox rayonlarda idman meydançaları, istirahət zonaları, yay düşərgələri və s. ictimaiyyətin diqqətini çəkən, alkoqolizmdən uzaqlaşdıran tədbirlər planı həyata keçirilirdi. Təbii ki, rayonumuz da SSRİ-nin bir parçası olduğu üçün bu tədbirlər planından yan keçə bilməzdi. Beləliklə, Ağdam Çay Evinin tikilməsinə qərar verildi.
- Səhv etmirəmsə, məhz bu qərardan sonra Abdal Gülablı sanatoriyasının da layihəsi hazırlandı.
- Ümumiyyətlə, Ağdam həmişə tikinti meydanı olub. Həmişə yenilik, quruculuq işləri rayon ərazisində düz işğala qədər səngiməyib.
-Maraqlıdır, belə maraqlı bir arxitekturaya malik çay evinin tikilməsi kimin təklifi olub?
- Bəli "Çay evi"nin yaranmasının maraqlı tarixçəsi var və o vaxt ən çox müzakirə olunan mövzu da bu idi . Böyüklərimizin söhbətindən eşitmişdim, deyirdilər ki, günlərin birində üzərində Çin memarlığının görüntüsü olan bir jurnal AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. O bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır.
Bu məqsədlə Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini xahiş edir. Şəkil Sadıq Murtuzayevin də xoşuna gəlir və Xudu müəllimin sözünü yerə salmır. Birinci katib rayonun imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi həmin dövrdə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışan Rəşid Məmmədova həvalə edir. Həm də tikiləcək bina gələcəkdə onun rəhbərlik etdiyi təşkilatın balansına veriləcəkdi.
-Allah hər birinə rəhmət eləsin, Ağdamı öz varlığı qədər sevən insanlar....
- Amin! Beləliklə, Xudu müəllimin katiblə söhbətində obyektin gələcək təyinatı da müəyyən edildi: obyekt "Çay evi" kimi fəaliyyət göstərəcəkdi. Qeyd edim ki, tikinti işlərini isə Ağdamda baş memar işləyən Naiq Səmədov aparırdı.
-Fəxri bəy, unikal hissələrindən biri də onun günbəz hissəsidir. O günə qədər respublikada heç bir iaişə obyektinin damı günbəz formalı olmamışdı.
- Hə, "Çay evi"nin tikintisində ən çətin işi - günbəzin sinklənmiş dəmirlə vurulması idi ki, onu da Ağdamda məşhur dəmirçi sayılan Mamed kişi başa gətirdi. Bilirsiniz də, ağdamlılar olduqca cəsur, eyni zamanda baməzə adamlardı. Bu tikintidən sonra Mamed kişi də məşurlaşdı, dillərə düşdü. Həm cəsurluğuna, həm işinin öhdəsindən layiqincə, əsl usta kimi gəlməsinəhəm də baməzə olmasına görə bir ayrı hörmətə layiq oldu.
- Yadımda ikən deyim: Təxminən 1980-85- il idi. Bizim kənddə də rayonda unikal olan "günbəz "restoranı tikilib istifadəyə verildi. O vaxt mən məktəbli idim deyə, açılış mərasimində əllərimizdə gül -çiçək açılışda iştirak etmişik. Sonradan bildim ki, "Günbəz"in dam hissəsi olan günbəzini usta Mamed düzəlib. Yəni, Ağdamda yüzlərlə dəmirçi ola-ola, bu işin öhdəsində ancaq Mamed kişi gəlib. Yəqin o da öz sənətinin bilicisi, Allahın vergili bəndəsi olub.
- Bir maraqlı hadisəni də binanın üstünü vuran dəmirçi Mamed nəql edirdi. Mamed kişi illərlə evinə telefon çəkilməsi üçün növbə gözləsə də, məsələ həll olunmurmuş, kişini get-gələ salıblarmış. Binanın günbəzşəkilli damını dəmirlə örtmək həm məsuliyyətli, həm də təhlükəli olduğundan bu işi kimsə üzərinə götürmür, bircə Mamed kişi sinəsini irəli verir ki, işi mən üzərimə götürürəm. Onu S.Murtuzayevin yanına gətirirlər.
- Bacararsanmı bu işi?
- Allah qoysa, Sadıx məllim!
Razılaşırlar və otaqdan çıxarkən, qəfildən yadına düşür ki, katibin qəbuluna düşmək çətindir, elə burda ikən evinə telefon çəkilməsi məsələsini də xahiş eləsin!
İş iki gün çəkir. İkinci gün işini bitirib evə gələn Mamed kişi evə artıq telefon çəkildiyini görür və ilk zəngi S.Murtuzayevdən alır. Təbii ki, çay evindəki işini layiqincə yerinə yetirdiyinə görə təşəkkür zəngi.
- 1986-cı il iyulun 26-da "Çay evi"nin açılış mərasimi olur. Çox təntənəli, maraqlı... Ağdamlılar deyir ki, orda bir çaynik çay içmək üçün respublikanın elə bir bucağı yoxdur ki, o bölgədən insanlar Ağdama axnaşmasınlar.
- Ağdam işğal olunandan sonra,"Çay evi" Ağdamın ən çox yada düşən, xatırlanan tikililərindən biri oldu. Həm unikallığına görə, həm də sözün həqiqi mənasında BÖYÜK kişilərin bu işdə əməyi olduğuna görə Ağdam Çay Evi xüsusi məna kəsb edirdi. Çörək Muzeyi, Cümə məscidi, İmarət, "Qarabağ bülbülləri" və digər Ağdama məxsus olan müqəddəs bildiklərimiz də var. Amma "Çay evi" simvola çevrildi. Allah qəvi düşmənləri xar eləsin, necə ki, edir!
- Fəxri bəy, əslən şuşalı olan, amma Ağdamı elə ağdamlılar qədər sevən "Ağdam Çay evi"nin direktoru bir Şamil Həsənov vardı. Məşhur musiqişünas Firudin Şuşinskinin əmisi oğlu... Yadınıza düşdü?
- Əlbəttə, "Sarı Şəmil"" 1986-cı ildən 1993-cü ilə qədər “Ağdam çay evi”ndə direktor işləyib. Elə insanlar var ki, adi bir peşə ilə də adamın yaddaşına həkk olunur. Onun vəfat etməsini sosial şəbəkədən öyrəndim. 2020-ci ildə.Yazmışdılar ki, Ağdamın azad olunmasını eşidib, sevinib, xatirələrə qapılaraq ürək tutmasından rəhmətə gedib. Ağdam belə bir möcüzə yer idi. Bir görən, ilk baxışdan valeh olurdu, sevirdi. Allah Mamed kişiyə də Şamil müəllimə də rəhmət eləsin.
- Sizcə yeni qurulan Ağdamda o məşhur "Çay evi" yenidən qurulacaqmı?
- 2015-ci ildə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Allahverdiyevin təşəbbüsü ilə Quzanlıda çox gözəl və göz oxşayan bir "Çay Evi" tikildisə, Ağdamda da tikiləcək! Hətta keçmiş çay evindən də füsünkar, unikal, respublikanın heç yerində indiyənə qədər olmayan arxitekturaya məxsus bir tikili olacaq! Hamı yenə o çay evinə, siz demiş axnaşacaq))...Buna əminəm.
- Maraqlı müsahibə üçün təşəkkür edirəm, İnşallah Ağdam şəhərində, "Çay evi də növbəti görüşümüzə qədər!"
Söhbətləşdi: Əntiqə Rəşid