adalet.az header logo
  • Bakı -°C
31 Avqust 2026 11:14
67
SAĞLAMLIQ
A- A+

Fizioterapiya ilə bağlı vacib məqamlar – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

“Fizioterapiya müasir tibbdə xəstəliklərin müalicəsi ilə yanaşı, reabilitasiya və profilaktika prosesində də mühüm rol oynayır”.

Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə Mikayılzadə fizioterapiyanın tətbiq sahələri və prosedurlar zamanı diqqət edilməli məqamlarla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, fizioterapiya müxtəlif fiziki amillərdən istifadə etməklə orqanizmin funksional imkanlarının bərpasına, ağrıların azalmasına, hərəkət qabiliyyətinin yaxşılaşdırılmasına və həyat keyfiyyətinin yüksəldilməsinə kömək edir.

Mütəxəssis qeyd edib ki, fizioterapiyanın tətbiq sahələri kifayət qədər genişdir. Bu üsullardan terapevtik, nevroloji, pediatrik, kardioloji və pulmonoloji xəstəliklərin müalicəsi və reabilitasiyasında istifadə olunur. Bəzi hallarda kəskin xəstəliklər zamanı və onkoloji pasiyentlər üçün də fərdi yanaşma əsasında bərpa proqramları tətbiq edilə bilər.

Ülviyyə Mikayılzadə vurğulayıb ki, fizioterapiya prosedurları bütün pasiyentlərə eyni qaydada təyin edilə bilməz. Prosedurdan əvvəl xəstənin ümumi vəziyyəti, yaşı, əsas və yanaşı xəstəlikləri nəzərə alınmalıdır.

Onun sözlərinə görə, qalvanizasiya və elektroforez bəzi hallarda hətta 1-2 aylıq körpələrə, ultrasəs 2-3 yaşdan sonra, induktotermiya isə 5 yaşından etibarən tətbiq oluna bilər.

Fizioterapevt yaşlı insanlar üçün fiziki aktivliyin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Açıq havada piyada gəzmək, yüngül idman və dozalanmış məşqlər ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə, həmçinin əzələ və oynaqların tonusunun qorunmasına müsbət təsir göstərə bilər.

Mütəxəssis əməliyyatdan sonrakı reabilitasiyanın müddətinin isə hər pasiyent üçün fərqli olduğunu diqqətə çatdırıb.

“Adətən əməliyyatın ikinci günündən müalicəvi bədən tərbiyəsinə, xüsusən də tənəffüs məşqlərinə başlayırıq. 7-10 gündən sonra yüngül masaj, lazer və maqnitoterapiya, üçüncü həftədən isə bəzi elektroterapiya prosedurları tətbiq oluna bilər”, – deyə o qeyd edib.

Ülviyyə Mikayılzadə hərəkətsiz həyat tərzindən uzaq durmaq üçün gündəlik fiziki aktivliyə, düzgün qidalanmaya və açıq havada gəzintilərə üstünlük verilməsini tövsiyə edib.

Fizioterapiya seanslarından sonra yaranan ürəkdöyünmə, hərarət, tətbiq olunan nahiyədə qızartı, şişkinlik və ya ağrı kimi hallarda isə dərhal həkimə məlumat verilməsinin vacibliyi bildirilib.

Mütəxəssis qeyd edib ki, fizioterapiya seansları xəstəliyin gedişindən asılı olaraq hər gün, günaşırı və ya həftədə iki dəfə təyin edilə bilər. Müalicə kursu zamanı seanslar arasında uzun fasilələrin verilməsi tövsiyə olunmur.

Bildirilib ki, ehtiyac yarandıqda fizioterapiya kursunun təkrarlanma müddəti tətbiq olunan prosedurun növündən asılıdır. Palçıq müalicəsinə 5-6 ay, balneoloji müalicəyə 4 ay, elektroterapiyaya isə 2-3 aydan sonra yenidən müraciət etmək mümkündür.