FUTBOLUMUZU DÜNYAYA TANIDAN KOMANDA - Aqil ABBAS yazır

AQİL ABBAS
126 | 2025-08-28 13:26

Çox çətin və gərgin oyun oldu. 95 dəqiqədə bəlkə də bir ilin adrenalini yaşadım. Və bu adrenalin təkcə mənə yox, bütün «Qarabağ»sevərlərə ləzzət elədi. Oyunu uduzsaq da, iki matçın nəticəsinə görə Çempionlar Liqasına vəsiqə qazana bildik. 

Buna görə Möhtərəm Prezident İlham Əliyev də «Qarabağ» komandasını təbrik etdi. Bu da təbii ki, həm Qurban Qurbanova, həm də futbolçulara güclü bir motivasiya verdi. 

«Qarabağ» bir daha bütün dünyaya sübut elədi ki, Azərbaycanda futbol var. Qurban Qurbanovun  ayğır atları Avropanı tapdalaya-tapdalaya gedir. İnanırıq ki, Çempionlar Liqasında da «Qarabağ» öz sözünü deyəcək. Qurban xocanı və onun rəhbərlik etdiyi  komandanın  bütün  oyunçularını  bağrıma basır və təbrik edirəm. 

«Qarabağ»ın Avropadakı oyunlarına həmişə qurban demişəm və doğulduğum kənddə, Ağcabədinin Bayat elinin Kolanı kəndində kəsdirdib paylatmışam. 

Allah bütün qurbanları qəbul etsin! 

TƏQVİM / ARXİV