adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Yanvar 2022 15:14
1984
LAYİHƏ

Füzuli - o gözəl məkan...

...Qarabağın ən gözəl və ən füsunkar guşələrindən biri də Füzulidir. O Füzuli ki, bir zamanlar erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Və biz bu ağrı-acını nə az, nə çox, düz 30 il yaşamalı olduq və düz 30 il Füzulinin dağları, dərələri, ormanları, çölləri, bulaqları üçün dodağımız dörd yerdən çatladı. Nə yaxşı ki, 1994-cü ilin yanvarın 5-də və 6-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Füzulinin Horadiz şəhərini və 22 yaşayış məntəqəsini erməni işğalından azad elədi. Və az bir vaxtda etmənilərin yandırdığı, yerlə-yeksan elədiyi Horadiz şəhəri və digər yaşayış məntəqələri yenidən tikildi, quruldu, bərpa edildi.

Ən möhtəşəm qələbəmiz isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında oldu. 44 gündə Azərbaycanın işğal altında olan 9 rayonu azad edildi. O cümlədən, 44 gündə Füzuli rayonunun işğalda olan bütün kəndləri də şəhər mərkəzi daxil olmaqla, ermənilərdən geri qaytarıldı və düşmən darmadağın edildi. Bax, bu gün deyə bilərik ki, Füzuli çox rahat və çox sakit bir həyat tərzi yaşayır.

Hələ öncədən onu qeyd edək ki, 1994-cü ildə işğaldan azad olunmuş Horadiz şəhərində və eləcə də digər 22 yaşayış məntəqəsində çox möhtəşəm işlər görülüb. Həmin kəndlərdə yenidən asfalt yollar inşa edilib. Yaşayış məntəqələrinə təbii qaz, su xətləri çəkilib. Bir sözlə, bütün infrastruktur bərpa edilərək ən müasir səviyyəyə çatdırılıb. Eyni zamanda rayon ərazisində yeni məktəblər, uşaq bağçaları, sosial obyektlər, möhtəşəm parklar və xiyabanlar inşa edilərək əhalinin istifadəsinə verilib.

Təkcə bir faktı qeyd edək ki, Füzulidəki Heydər Əliyev parkı və Bayraq meydanı qeyri-adi görünüşü ilə seçilir. Düzdü, bütün rayonlarda bu cür parklar və meydanlar var. Amma Füzulidə olan Heydər Əliyev parkı və Bayraq meydanı Allaha and olsun ki, çox möhtəşəmdir. Mən bir neçə dəfə İranda olmuşam. İranın Aslandüz yaşayış məntəqəsindən gecə Horadiz şəhərinə baxmışam. Sanki Parisə bənzəyir. Bunu tək mən demirəm ey, həm də Cənubda yaşayan azərbaycanlı qardaşlarımız deyirlər. Çünki bir zamanlar ilan mələyən bu təpəliklərdə çox möhtəşəm bir park salınıb, minlərlə ağaclar əkilib və güllər, çiçəklər bəslənib. Bax, bu möhtəşəm Bayraq meydanına elə gözəllik verən də məhz saydığımız bu amillərdir. İsti yay günlərində nəinki Horadiz şəhərində yaşayanlar, qonşu kəndlərin adamları da sərinlənmək üçün bax, bu möhtəşəm parklara gəlir. Hansı ki, Sovet dönəmində, yay günlərində Horadizdə dayanmaq olmurdu. Amma indi Horadiz nəinki Füzulinin, ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Çünki burda son 10 ildə on minlərlə şam ağacları və digər ağaclar əkilib və bu ağaclar da şəhərə qeyri-adi bir gözəllik və füsunkarlıq gətirir. Çox yox, bir dəfə Horadiz şəhərinə yolunuz düşsə, bu möhtəşəm gözəlliklərin şahidi olarsınız.

Füzuli Rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevlə söhbət edəndə həmişə deyir ki, gördüyünüz nə abadlıq, quruculuq, möhtəşəm işlər varsa, hamısı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əməyinin bəhrəsidir. Çünki cənab prezident həmişə bizim rayona, bizim camaata çox böyük kömək göstərib, arxa durub. Və bizim camaat da qolunu çırmalayıb, o böyük layihələrin həyata keçirilməsində qüvvə və bacarıqlarını əsirgəməyiblər. Füzuliyə gedən insanlar bir şeyin də şahidi ola bilərlər. Yolboyu bütün kəndlərdə 9 il bundan qabaq çinar ağacları əkilib. O çinar ağacları artıq indi çox böyüyüb, yolun sağında və solunda gözəl bir mənzərə yaradır. Hətta isti yay günlərində kimsə istiyə düşsə, o çinar ağaclarının kölgəsində dincələ bilər. Ümumiyyətlə, Füzulinin 1994-cı ildə işğaldan azad olunmuş bütün kəndlərində yollarda elə çinar ağacları əkilib.

Onu da qeyd edək ki, rayonda ən müasir standartlara cavab verən Füzuli Diaqnostika Mərkəzi neçə illərdi ki, fəaliyyət göstərir. Burda tibbin ən yeni nailiyyətləri olan müasir avadanlıqlar və cihazlar quraşdırılıb. Yəni insanlar əvvəllər olduğu kimi, müayinə üçün Bakıya yox, elə Füzuli Diaqnostika Mərkəzinə üz tuturlar. Bu isə o deməkdir ki, rayon əhalisinin sağlamlıq məsələsi də dövlətin və hökumətin prioritet vəzifələri sayılır. Bununla yanaşı, son vaxtlar rayonda daha möhtəşəm bir xəstəxana kompleksi - Füzuli Mərkəzi Rayon Xəstəxanası istifadəyə verilib. Xəstəxanada 44 günlük Qarabağ savaşında yaralanmış əsgərlərimiz ən çətin vəziyyətdə müayinə olunub, müalicə edilib və cərrahiyyə əməliyyatları aparıb. Füzuli həkimləri 44 günlük müharibədə əsl mücadilə və mübarizə aparıblar. Belə ki, onlar neçə-neçə ağır yaralanmış əsgərlərimizi ölümün pəncəsindən xilas ediblər və həyata qaytarıblar. Təbii ki, müharibə şəraitində həkimlərin işləməsi o qədər də asan deyildir. Çünki həkimlər bəzən döyüş mövqeyindən yaralı əsgərlərimizi çıxararkən özləri şəhid olurdular. Bax, Azərbaycan həkimləri 44 günlük Böyük Vətən Savaşında belə bir çətin yol keçiblər. Onlar həyatlarını təhlükəyə atmaqla yaralı əsgərlərimizi ölümdən xilas ediblər.

Şükürlər olsun ki, indi Füzulinin bütün yaşayış məntəqələri öz əlimizdədir. Və həmin kəndlərdə minatəmizləmə əməliyyatları və infrastruktur işləri həyata keçirilir. Hətta Füzulinin işğaldan azad edilmiş bir çox yaşayış məntəqələrində demiya torpaqlarda taxıl da əkilib. Onu da qeyd edək ki, Füzuli rayonu ötən il 100 min tondan çox taxıl istehsal edib. Bu il isə daha böyük məhsuldarlıq əldə ediləcək. Ən azından ona görə ki, işğaldan azad olunmuş bir çox yaşayış yerlərində əkin sahələrinə taxıl səpilib və o taxıl cücərməyə başlayıb.

Bu gün Füzulidə çox möhtəşəm abadlıq və quruculuq işləri davam edir. O möhtəşəm işlərdən biri isə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Həmin mərasimdə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı indi fəaliyyətini uğurla davam etdirir. Artıq demək olar ki, Hava Limanı müxtəlif ölkələrdən məmləkətimizə gələn təyyarələri qəbul edir. Bu isə o deməkdir ki, Füzuli artıq dünyada tanınır. Çünki bu rayon gündən-günə abadlaşır, yenidən qurulur və möhtəşəm işlər görülür. Cənab Prezident İlham Əliyevin dediyi kimi, "Biz işğaldan azad olunmuş şəhərlərimizi və kəndlərimizi əvvəlkindən də gözəl tikib xalqımıza təhvil verəcəyik". Bəli, bu həqiqətən də belədir. Bu gün tək Füzulidə deyil, işğaldan azad olunmuş bütün rayon və kəndlərimizdə möhtəşəm və bənzəri olmayan işlər görülür...

 

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.