10 Avqust 2023 12:36
1844
MÜSAHİBƏ, İDMAN

Gənc idmançı: “Məsləhət gördülər ki, idmandan uzaqlaşım, amma…” - MÜSAHİBƏ

 

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. İdmanla məşğul olmaq birbaşa sağlamlığa xeyirdi. Lakin idmanı sənətə çevirmək, bu artıq peşəkarlıq tələb edir. Həmsöhbətimiz gənc idmançı Rəhim Əliyev də idmanı hobbidən sənətə çevirən insanlar sırasındadır. O, 6 dəfə Azərbaycan çempionu, 4 dəfə peşəkar Heydər Əliyev kubokunun qalibi, AFSO- interkantinental dünya kəməri qalibi, dünya 2-si və “Qızıl əlcək” idman klubunun yetirməsi Kikboksing idman növü üzrə döyüşçüdür. Müsahibimiz gənc olmağına baxmayaraq öz sahəsində kifayət qədər uğur qazanmış idmançıdır.

- Görünür, idmanı çox sevirsiniz ki, onu hobbidən peşəyə çevirmisiniz…  

- Əslində idmanı əvvəldən sevmişəm. Əvvəldən heç başqa işim olmayıb. Ancaq idmanla məşğul olmuşam. Xüsusilə idmanın kikboksing növünü sevmişəm. İdmanın bu növü həmişə mənə maraqlı olub.
 

- İdmanda uğur qazanmağı fitri istedada bağlayırsınız, yoxsa bu, zəhmətin bəhrəsidir?

- Əslində fitri istedad da lazımdır. Ancaq bununla iş bitmir. Daha çox çalışmaq, zəhmət çəkmək, hər gün məşq etmək böyük uğurlara bir addım yaxınlaşmaq deməkdir. Uğura gedən yolda 70% zəhmət dayanır, 30% fitri istedad. Fikrimcə hər kəsdə fitri istedad var, ancaq onu üzə çıxarmaq zəhmətin işidir. Bunu da hər adam bacarmır. Mənim üçün əziyyətdən başqa hər şey yalandır. Yəni əziyyətin sənə qazandırdığı uğuru heç nə və heç kəs sənə verə bilməz. Fitri istedad müəyyən bir yerə qədərdir. Onu inkişaf etdirməyəndə Allahın sənə verdiyi istedad da tükənir.Yəni belə deyək, dəmir işləndikcə cilalanır, qaldıqca paslanıb- cürüyür.
 

- Uşaqlıq illərində hər kəsin əfsanəyə çevirdiyi bir insan olur ki, böyüyüəndə ona oxşamaq istəyir. İdmanı sevmək üçün kimi əfsanəyə çevirmisiniz?

- Daha çox döyüş növlərini sevmişəm. Hətta filmlərdə belə döyüş səhnələrini görəndə həyəcanla izləyirdim. İstəyirdim ki, onun yerinə mən döyüyüşüm (gülür).

Həmişə Brüs Lini çox bəyənirdim. Ola bilsin ki, bu idman növünə marağım da ondan yaranıb. Mən belə düşünürəm.
 

- Sevdiyiniz bu peşədə ailənizdən dəstək görmüsünüz, yoxsa istəyinizə qarşı çıxıblar ?

- Uşaqlıqda çox kök olmuşam. Qorxaq olduğum üçün köklüyümdən istifadə edib məni çox döyürdülər.. Ona görə də əmim məni idmanla məşğul olmağa məcbur etdi. Yəni daha çox əmimin təkidi oldu ki, idman edim.

Əvvəllər məşq etməkdən çəkinirdim, sonra idman bir növ vərdişə çevrildi. Sualınıza əsaslı cavabım bu olardı ki, əmimin sayəsində bu peşə ilə məşğul olmuşam.
 

- Sizcə, idmana qazanc mənbəyi kimi baxmaq olar?

- Düşünürəm ki, müəyyən müddətdən sonra olar. Yəni əziyyət çəkirsənsə, niyə də olmasın… Ancaq o dediyimiz “müəyyən müddət” heç də az zaman deyil. İnsandan çox illəri alır. Ancaq qısa bir zamandan az məşq edib, idmana qazanc mənbəyi kimi baxmaq mümkün deyil. Onda uğur qazanmaqdan çox, uğursuzluğa düçar olarsan.
 

- Bildiyimiz qədəri ilə idmandan əlavə digər işiniz də var… Yəni idman və digər işiniz. Rahatlıqla ikisinə də zaman ayıra bilirsiniz?

- Deyərdim ki, o biri işim də idmana yaxın sahədir. Ancaq ən çox idmana vaxt ayırıram. Çünki hər şeyi- adımı da, işimi də, yaxşı dostlarımı da idmana görə qazanmışam. Müəyyən üzrlü səbəblərə görə bir müddət idmandan uzaqlaşmışdım.
 

- İdman insanlar üçün həm də şöhrətin bir addımlığıdır... Bəs sizin üçün necə ?

- Doğru deyirsiniz. Elə insanlar var ki, qızların xoşuna gəlsinlər deyə idmanla məşğul olurlar. Maddiyyatdan və fiziki sağlamlıqdan daha çox bunu düşünürlər.
 

- Görünür ətrafınızda idmana o prizmadan yanaşan tanışlarınız çoxdur…

- Bəli, əlbəttə. Həm də saysız- hesabsız (gülür)…
 

- Bəs siz ?

- Məndə sırf həvəsdir. Mən idmanı zamanla çox sevdim. İdmana işim kimi baxıram. Bəzən elə olub ki, uzaqlaşım, hətta evdən də məsləhət gördülər ki, idmandan uzaqlaşım, amma bacarmadım. Mən idmandan uzaqlaşa bilmərəm. Yaddaşımda yaranan problemlərə görə, aldığım zərbələrə görə evdəkilər çox istəyirdilər ki, idmandan ayrılım.
 

- İdmançılar fiziki zərbələri normal qəbul etməlidirlər. Çünki bu gözləniləndi axı…

- Bəli, mən buna reallıq kimi baxırdım. Ancaq evdəkilər qəbul etmirdilər.
 

- İdmandakı fiziki zərbə daha ağırdı, yoxsa həyatdan aldığınız mənəvi zərbə?…

- İdmankı zərbələrin ağrısı keçir. Ancaq həyatın vurduğu zərbələrin nə ağrısı keçir, nə yeri sağalır… Çətin olur, hətta bir müddət çox çətin olur. O qədər çətin olur ki, heç kəsdə və heç nədə müsbət bir şey görə bilmirsən… Amma yenə də həyat davam edir…
 

- İdmançı olmasaydınız hansı peşəninin sahibi olardınız?

- Heç vaxt böyük vəzifə arzusunda olmamışam. Heç vaxt böyük arzularla yaşamamışam. Həmişə istəmişəm ki, özüməməxsus sakit bir həyatım olsun. Dediyim kimi çox adi peşələri seçərdim: satıcı, ofisiant v.s Yuxarı qalxmaq üçün çox şeylərdən keçməlisən. Mən də əbədiləri ötərilərə qurban vermərəm. Bir müddət ətrafımda tanışlar olduqca çox idi. Hamısını dost bilirdim. Ancaq zaman göstərdi ki, onlar heç də dost deyillər. Əvvəllər ətrafımda olanları çətin zamanda yanımda görmədim.
 

- İdman Rəhim Əliyevə nə verib?...

- Maddi tərəfdən bizim idman sahəsində o qədər də güclü büdcə yoxdur. Başqa ölkələrdə var, sadəcə bizdə hələ zəifdir.
Mənəvi tərəfdən isə çox şey əldə etmişəm. Mən idmanla məşğul olmayana kimi “heç kim” olmuşam. İdmanın sayəsində mən “mənəm”. Düşünürəm ki, həyatda ən böyük uğurum məhz budur.

Əntiqə Kərimzadə