16 Dekabr 2024 17:40
462
HÜQUQ

Hakim vəzifəsinə namizədlər belə seçiləcəklər

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Adalet.az xəbər verir ki, Qanuna əsasən, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil olunacaq. İmtahanlar və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndiriləcək. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər.

Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayacaq.

Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək.

Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən ediləcək.

Daha bir dəyişikliklə Məhkəmə-Hüquq Şurasının hüquqlarının artırılması ilə bağlıdır.

Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.