HƏSƏNQULU: KAREN ŞAHNAZAROVDAN ÖTRÜ BURNUNUN UCU GÖYNƏYƏNLƏRƏ
Əslən Bakıdan olan məşhur kinorejissor Karen Şahnazarov mətbuatda verdiyi müsahibələrin birində Bakı üçün, burdakı dostları üçün darıxdığını bildirir. Və deyir ki, dəvət eləsələr məmnuniyyətlə Bakıya gələr.
Gəl, qaqa, gəl, niyə gəlmirsən?! Filipp Kirkorovdan əskiksən, o Zaradı-nədi, ondan əskiksən və ya «Sülh platforması»na «minib» Bakıya gələn o biri ermənilərdən əskiksən? Əksinə, artıqsan. Özü də heç onlar bakılı da deyillər.
Yox, səhv elədim, deyəsən gələnlərdən biri gəncəli idi. Gəldi, getdi Gəncədəki qonşuları ilə çay içdi, bir az da qucaqlaşıb ağlaşdılar.
Biri də Binəqədidən idi, gəldi evində qalan qaçqınları verdi məhkəməyə, «naş qumannıy sud» da qaçqınları tökdü çölə və evi qaytarıb verdi adı yadımdan çıxan həmin erməniyə.
Gəl, qaqa, gəl. Səni Bakıda gül-çiçəklə qarşılamaq istəyən çoxdu. Bəlkə ayağının altına xalı atan da oldu.
Gəl, qaqa, gəl. Gəl, sən də Bakıdakı evinizin məhkəmədə davasını qaldır, «naş qumannıy sud» da həmin evi qaytarıb versin sənə, özəlləşdir, ver kirayəyə. Hər halda eviniz şəhərin babat yerində və babat binada olar.
Düzdür, atan Georgi Şahnazarov Qorbaçovun köməkçisi olub və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalında da müstəsna xidmətlər göstərib. Amma bu, 30-32 il əvvəl olub ey. Çox şeyi unutduğumuz kimi bunu da unutmuşuq.
Gəl, qaqa, gəl. Həsrətini çəkənlərin gözlərini yolda qoyma. Amma gələndə COVİD-19-la bağlı sağlamlıq kağızı da al ki, 14 günlük karantinə düşməyəsən.
Günah səndə deyil ey, sənin nənənə tamah salan İbrahim xandadı!