HƏYATINI ALIN TƏRİNDƏ TAPAN ADAM - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1627 | 2023-10-12 10:54

Əvvəlcədən onu deyim ki, barəsində yazmağa başladığım bu adamı şəxsən tanımamışdım. Sadəcə bir neçə dəfə uzaqdan-uzağa görmüşəm. Belə bir adam haqqında yazmaq isə bütün qarabağlıların sevimlisi, Qarabağda haqqı olan Vasif Quliyevin təşəbbüsü olub. Belə ki, bir neçə gün bundan öncə  adətinə  uyğun olaraq  Vasif müəllim yenə  telefonuma zəng çaldı. Hal-əhval tutandan sonra:

- Qapını  bağla,  düş yanıma, - dedi.

Təbii ki, Vasifin sözü də, haqqı da mənim  üçün  önəmli  olduğundan dediyini  etdim.

Düşdüm  nəşriyyatın   3-cü  mərtəbəsindəki "Şuşa" nəşriyyatına, yəni Vasif Quliyevin otağına. Görüşdük, onunla  üzbəüz oturmuş  həmsöhbətini  mənə təqdim etdi:

- Vaqif  müəllimi  tanıyırsan?

Bu sualdan sonra  diqqətlə  baxdım  və xatırladım ki, mən  Vaqif müəllimlə bir neçə  dəfə Şuşada  qarşılaşmışam, özü də işğaldan öncə. Söhbətləşdik. Bir-iki kəlmədən sonra  yaddaş bərpa olundu. Vaqif müəllim də məni xatırladığını  söylədi və...
Vaqif Məhəmməd oğlu  Əmrahov 1956-cı ildə Laçın rayonunun Fərcan kəndində  anadan olub. Həyat elə gətirib ki, o, ömrünün böyük hissəsini  Şuşada  keçirib. Orta məktəbi də elə Şuşada  bitirib. Bu şəhərin hər kəs üçün yaxşı tanınan 4 nömrəli  məktəbində orta  təhsilini  başa vurub və həyata da vəsiqəni  bu məktəbin məzunu kimi qazanıb. Yəni 1973-cü ildə Şuşa şəhərində  fəaliyyət göstərən 92 nömrəli tikinti  idarəsində  fəhləliyə başlayıb. Sonra  Sovet ordusunda xidmət edib, necə deyərlər, iki ilini  başa vurduqdan sonra əvvəlki  ünvana, yəni  92 nömrəli  tikinti idarəsindəki  fəhləliyinə qayıdıb. 
Bunu ona görə  xüsusi  vurğulayıram ki, böyük bir  ailənin övladı olan Vaqif 9 uşağın  içində yaşca ən böyüyü idi. Ona görə də  valideynlərinə kömək etmək, uşaqların  böyüməsində yardımçı olmaq yükü onun da çiyninə düşmüşdü. O da bu yükü şərəflə  daşıyırdı. Artıq dövrün öndə olan təşkilatlarından biri, yəni Komsomol təşkilatı onu diqqətə almışdı. Fəallığı, işgüzarlığı Komsomolun bütün tədbirlərində xatırlanır, qeyd olunurdu. Ona görə də Fəxri fərmanlar, mükafatlar, Moskvaya Komsomolun qurultayına nümayəndə və sairə onun ömür kitabına yazılırdı. Bu da əməyə  könül  verən Vaqifi  daha da həvəsləndirirdi. Heç də təsadüfi deyil ki, artıq  21 yaşında  onun  Şuşada   ikiotaqlı mənzili vardı. Şəhərin 1 May  küçəsindəki  26 nömrəli binanın  3-cü mərtəbəsində olan mənzilində o, ailə qurmaq xoşbəxtliyini də  yaşamışdı. 
Vaqif müəllimin  həyatının ən unudulmaz anı  Ulu Öndərin  Şuşaya gəlişi ilə bağlıydı. Belə ki, Molla Pənah Vaqifin  məqbərəsinin  açılışı ilə  əlaqədar  olaraq Şuşaya  gələn Ulu Öndərimiz burada ictimaiyyətin  nümayəndələri ilə görüşərkən  bu cavan oğlan  onun diqqətini çəkmişdi. Özünəməxsus  şəkildə onu yanına  çağıran  Heydər Əliyev cənabları  Vaqiflə söhbət əsnasında öyrənmişdi ki, Şuşanın bu  gənc komsomolçusu  tikintidə çalışır, əmək qabaqcılıdır. Məhz həmin məqamda da ölkə rəhbəri Vaqifin təhsili ilə  maraqlanmışdı.  Biləndə ki,  Vaqif  orta məktəbi bitirib  əlini  çiyninə  qoyub demişdi:

- Cavan oğlan, komsomolçusan, qabaqcıl fəhləsən, amma bu  bəs eləmir. Sən həm də ali təhsilli mütəxəssis olmalısan.  Bizim cavanların  hamısı  təhsil almalıdır. 

Bu sözlər Vaqifi  ruhlandırmış və o vaxtkı  İnşaat Mühəndisləri İnstitutuna  daxil olmuşdu. İkinci dəfə  Ulu Öndərlə görüşəndə isə artıq o, tələbə idi. Görünür, tale xoşbəxtliyi artıq onu tapmışdı. Belə ki, 1980-ci ildə Vaqif Əmrahov Azərbaycan SSR Ali Sovetinə  deputat  seçilmişdir. X çağırış  Ali Sovetin  deputatı  olan Vaqif Əmrahovun  Şuşa  üçün, şuşalılar  üçün gördüyü işlər o dövrün sakinlərinin   hər birinin  yadındadır. Məhz fəallığı, camaatın, el-obanın xeyir-duasını  qazanmağı onun ikinci dəfə, yəni  XI çağırışda da Ali Sovetin  deputatı  olmasına  imkan verdi. Beləliklə, 10 il, yəni 1980-90-cı illərdə Vaqif Əmrahov  şuşalıları  Ali Sovetdə  təmsil etdi. Bu günün  özündə də  keçmiş  xatirələrini  mənimlə  bölüşən Vaqif Əmrahov  bildirir ki, həyatda  ən böyük  arzusu Cıdır düzündə kanat yolu   çəkmək  olub. Lakin mənfur  qonşularımız, Qarabağın  erməni rəhbərliyi  buna  imkan verməyib. O, bu  istəyini dəfələrlə  respublikanın əlaqədar təşkilatları  qarşısında  qaldırsa da, o vaxtlar Dağlıq Qarabağ rəhbərliyi  hər dəfə  layihəni  görməməzliyə  vurublar…

Bəli, bu gün  Mərdəkanda qaçqın  kimi  məskunlaşan, amma  artıq  azad Şuşanın  xoşbəxtliyini  yaşayan Vaqif  Əmrahov  heç nə  üçün  təəssüflənmir. Ona görə ki,  Şuşa  azad olub. Ona görə ki,  Qarabağ bizimdir! Deməli, onun 3 övladı da, 6 nəvəsi də şuşalı günləri böyük xoşbəxtliklə  yaşaya  biləcəklər, özü də  yeni  doğulan  Şuşanın.
Söhbətimizin  sonunda Vaqif  müəllim  vurğuladı ki,  mən həyatın bütün   sərt üzünü  görmüşəm. Kiçik yaşlarımdan  əllərim  qabarlı  olub, heç vaxt heç kimin  haqqına   əl uzatmamışam. Bu gün də  bircə istəyim  var - Şuşanın işğalından bir az öncə  dördotaqlı  mənzil  almışdım Haqverdiyev  küçəsində, istəyim odur ki, yenidən  həmin  ünvanda  həyatımın qalanını şuşalı kimi  yaşayım.

... Hə, bütün  həyatı alın təri olan,  zəhmət olan və heç kimin qapısını  heç vaxt  döyməyən, çox cüzi təqaüdü ilə yaşayan  Vaqif  müəllimin gözəl arzusuna  biz də  xeyir-dua veririk:

- Şuşalı günlərin ürəyincə olsun, Vaqif müəllim! 


 

TƏQVİM / ARXİV