14 Dekabr 2022 09:43
2389
LAYİHƏ

Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib

Adalet.az xəbər verir ki,  “Zəfər Yolu” İctimai Birliyi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təşkil edilən ağacəkmə aksiyasına başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.

Sonra hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölmə rəisinin baş köməkçisi, mayor Ravil Qəniyev komandir, polkovnik-leytenant Emin Hümbətov adından qonaqları salamlayıb. Ulu öndər Heydər Əliyevin müdrik bir dövlət başçısı olaraq yaratdığı uğurlu ordu quruculuğundan danışıb. “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur. Azərbaycan Ordusunun hazırkı vəziyyəti bu sahədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir, güclü orduları sırasında yer tutmasına imkan verib. 44 günlük Vətən müharibəsində ordumuzun düşmən üzərində parlaq qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi bunun sübutudur”.

R.Qəniyev hərbi hissə komandiri polkovnik-leytenant Emin Hümbətovun uğurlu döyüş yolu keçdiyini də vurğulayıb. “Yuxarı komandanlıq tərəfindən qarşısına qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirir. Şəxsi heyyət arasında böyük hörmət və nüfuz qazanıb. Öz əzmkarlığı və humanistliyi ilə seçilən insandır. Deyərdim ki, şəxsi heyyət tərəfindən sevilən, cəsur, mərd, komandirlərdən biridir”.

“Zəfər Yolu” İB-in sədri Pərvanə Abdullayeva Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi istiqamətində gördüyü tarixi fəaliyyətindən söz açıb. “Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qorumaq hər kəsin borcudur. Eyni zamanda, bu idealogiyanın ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək gərəkdir”.

P.Abdullayeva onu da əlavə edib ki, Ulu öndər H.Əliyevin Qarabağla bağlı arzusunun gerçəkləşməsində onun siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun fədakarlığı, ümumxalq birliyi əsas rol oynadı. Nəticədə Qarabağ erməni işğalçılarından azad edildi. “Xalqımız parlaq Qələbə qazanıb. 30 illik Qarabağ həsrətinə son qoyulub. Allah Ulu Öndər Heydər Əliyevə şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa diləyirəm, veteranlarımıza can sağlığı arzu edirəm! Allah Cənab prezident başda olmaqla  ordumuzu, dövlətimizi, millətimizi qorusun”.

Daha sonra “Zəfər Yolu” İB-in İstanbul nümayəndəliyinin rəhbəri, xeyriyyəçi Natəvan Şadlinskayanın dəstəyi ilə şam ağacları əkilib.

Sonunda Hərbi Hissə tərəfindən bir qrup şəxslərə Fəxri Fərmanlar təqdim edilib. Xatirə fotoları çəkilib.