10 Aprel 2024 12:38
801
GÜNDƏM

Həzrəti Əlinin cavabı... - Elxan Şükürlü yazır

Bir gün bir nəfər əziz Peyğəmbərimizin (s.) “Elm şəhərinin qapısı” adlandırdığı, böyük iman, zəka və cəsarət sahibi Həzrəti Əlidən soruşur: “Bayram nədir?”

İmam cavab verir: “Günahsız keçirə bildiyi hər gün insan üçün bayramdır”.

Bəli, İslamda bayram kimi qeyd edilən hər bir hadisənin mahiyyətində belə, İnsana hansısa hikməti, dəyəri, mühüm əxlaqi-mənəvi keyfiyyəti aşılamaq, çatdırmaq, xüsusən də onu günahlardan, pis əməllərdən çəkindirib yaxşılığa, xeyirxahlığa doğru yönəltmək niyyəti, məqsədi yatır.

Hər bir müsəlman üçün yerinə yetirilməsi vacib əməllərdən sayılan orucluğun mahiyyətində isə İnsanın bütün bəla və qəbahətlərinin qaynağı olan nəfsiylə, tamahıyla mübarizəsinin, fiziki və mənəvi paklığının onun həm özünə, həm də başqalarına, bütövlükdə cəmiyyətə faydasını anlatmaq hikməti durur.

Təsadüfi deyil ki, əziz Peyğəmbərimiz (s.) “Nəfsə qarşı mübarizə ən böyük cihaddır” deyir, bu cihadda qələbə üçünsə iman və təqva zirehini geyməyi, şükür və səbirlə silahlanmağı vacib sayırdı...

Mən də əyninə iman və təqva zirehini geyib, səbir və şükürlə silahlanaraq, öz nəfsiylə mübarizə aparan və onu yenməyi bacaran, yaxşılığı, mərhəməti, səxavəti, ədaləti və ləyaqəti həyatına meyar edən bütün dostlarımı bu Ramazan Bayramı münasibəti ilə səmimiyyətlə təbrik edirəm!

İman və təqva zirehiniz deşilməz, nəfsiniz üzərində zəfəriniz daimi, dualarınız qəbul, mükafatınız isə hər şeyə qadir Allahdan olsun!

Unutmayın və əmin olun: Allah nəfsinə qalib gələnləri mütləq və mütləq mükafatlandırar!

Allah bu Ramazan Bayramını bütün İslam Ümmətininin əfv edildiyi, günahlarının bağışlanıldığı, birləşdirildiyi və yüksək tərəqqiyə götürüldüyü xeyirli, uğurlu bir başlanğıca çevirsin!

Ramazan Bayramınız mübarək!