24 Fevral 2023 12:36
352
GÜNDƏM

Hökumətin barmağı... - Zaur Əhməd yazır

Hökumətimizin işıq gələn yerə barmaq tıxamaq kimi bir adəti vardır. Nə deyə bilərik, barmaq onun, işıq onun...

Amma bir şeyi deyim ki, bizim camaat fərasətli və zəhmətkeşdir. Xüsusən pul qazanmaq məsələsində dünyada nadir xalqlarındanıq ki, mütləq mənada hər işdə bir qazanc yeri yarada bilirik.

Elə qadınlarımız var ki, Rusiyadan, İrandan, Türkiyədən mal gətirib satırdılar. Xeyli ailə bu yolla dolanırdı. Amma hökumət yoldaş zaman-zaman bu cür işıq gələn yerlərə barmaq tıxadı. İndi də “Trendyol”a məhdudiyyət qoymaq istəyirlər. Hökumət abi deyir ki, guya "Trendyol"un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər.

Amma bu dəfə hökumətin işıq gələn yerə barmaq tıxamaq adətinə başqa məna vermək istəyirəm. Yəqin ki, Koroğlu dastanını hamı oxuyub. Alı kişi qır atı 40 gün, 40 gecə qaranlıq tövlədə saxlayır. Amma oğlu Rövşən, yəni, bizim Koroğlu səbri çatmır damdan deşik açıb ata baxır. İçəri işıq düşdüyü üçün qır atın qanadları çıxmır, yoxsa qanadlı at olacaqdı. Yəni, vaxtında tövlənin işıq gələn yerinə barmaq tıxansaydı, qıratın qanadı olardı.

Bizim hökumət abi də işıq gələn yerə barmaq tıxayır ki, içəri işıq düşməsin. Bəlkə də bizi mələk kimi qanadlarımızın olmasını istəyirlər. Şəxsən mən bu hökumətdən ne desəniz, gözləyirəm. Belə baxanda, hökumətimiz pis hökumət deyil, sadəcə. biz onu anlamırıq...