adalet.az header logo
  • Bakı -°C
11 Sentyabr 2026 11:16
45
SAĞLAMLIQ
A- A+

İİV illərlə simptomsuz qala bilər – mütəxəssisdən mühüm açıqlamalar

İİV infeksiyası uzun illər heç bir klinik əlamət olmadan davam edə bilər. Şəxsin özünü sağlam hiss etməsi isə onun infeksiyanı ötürmədiyi anlamına gəlmir.

Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodiki şöbəsinin həkim-metodisti Səbinə Nəbizadə bildirib.

Mütəxəssisin sözlərinə görə, İİV infeksiyasının əsas xüsusiyyətlərindən biri onun uzun müddət latent, yəni klinik əlamətlər olmadan davam edə bilməsidir.

“Yoluxmadan sonra xəstəlik illərlə simptomsuz gedə və şəxs özünü tam sağlam hiss edə bilər. Lakin bu müddət ərzində virus orqanizmdə aktivliyini davam etdirir, immun sisteminə, xüsusilə CD4 limfositlərinə təsir göstərərək onların sayını tədricən azaldır”, – deyə S.Nəbizadə qeyd edib.

O bildirib ki, vaxtında başlanılan və müntəzəm qəbul edilən antiretrovirus terapiyası qanda virus yükünü təyin olunmayan səviyyəyə qədər endirə və infeksiyanın ötürülmə riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Həkim-metodist tibb işçilərinin də İİV-dən qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, xüsusilə invaziv tibbi prosedurlar zamanı əlcək, maska, qoruyucu geyim və eynəkdən istifadə olunmalı, iynə və digər kəsici alətlərlə işləyərkən diqqətli davranılmalıdır.

S.Nəbizadə əlavə edib ki, tibb işçisi peşə fəaliyyəti zamanı təsadüfi zədələnərsə və İİV-lə yoluxma riski yaranarsa, dərhal təmasdan sonra profilaktika – PEP üçün müraciət etməlidir.

Mütəxəssis İİV-lə yaşayan şəxslərdə opportunistik, yəni fürsətcil infeksiyaların yaranma riskinin də yüksək olduğunu bildirib. Buna səbəb virusun immun sisteminin əsas hüceyrələrindən olan CD4 limfositlərini zədələməsidir.

Onun sözlərinə görə, immun sisteminin zəifləməsi nəticəsində orqanizm müxtəlif patogen və şərti patogen mikroorqanizmlərə qarşı əvvəlki müdafiə qabiliyyətini itirir. Opportunistik infeksiyalar tənəffüs yolları, həzm sistemi, dəri və yumşaq toxumalar, mərkəzi sinir sistemi və digər orqanlarda özünü göstərə bilər.

S.Nəbizadə qeyd edib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olan İİV-lə yaşayan şəxslər monitorinq planına uyğun olaraq opportunistik infeksiyalara görə müayinə olunur və onların profilaktikasına cəlb edilirlər.

Mütəxəssis ART preparatlarına qarşı rezistentliyin yaranmasının əsas səbəblərindən birinin müalicə rejiminə düzgün riayət edilməməsi olduğunu da diqqətə çatdırıb.

“Rezistentlik əksər hallarda ART-nin özbaşına dayandırılması, preparatların müntəzəm qəbul edilməməsi və müalicə rejiminə düzgün riayət olunmaması səbəbindən ortaya çıxır”, – deyə o bildirib.

Onun sözlərinə görə, rezistentlik aşkarlandıqda müalicə sxemi dəyişdirilə bilər. Bu zaman virus yükü, CD4 limfositlərinin sayı və əvvəlki preparatlara cavab kimi kliniki-laborator göstəricilər nəzərə alınır.

Səbinə Nəbizadə İİV-lə bağlı stiqmanın da diaqnostika və müalicə prosesinə mənfi təsir etdiyini vurğulayıb.

O qeyd edib ki, cəmiyyətdə ayrı-seçkilik və mənfi münasibət insanların səhiyyə xidmətlərinə müraciət etməkdən çəkinməsinə, nəticədə infeksiyanın gec aşkarlanmasına və müalicəyə daha gec başlanmasına səbəb ola bilər.

Mütəxəssis stiqmanın aradan qaldırılması üçün əhali arasında maarifləndirmənin artırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ümumi əhali və risk qrupları arasında maarifləndirmə tədbirləri, tibb işçiləri üçün təlimlər və İİV-lə yaşayan şəxslərə dəstək proqramları həyata keçirilir.