İki Nurlan bir amal: Bizə qələbə sevinci yaşadanların cənnətdəki doğum günü...

Azərbaycanın müzəffər ordusu 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu.
Adalet.az xəbər verir ki, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bax elə bu səbəbə görə Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.
Əlbəttə, qələbə qurbansız olmaz, deyiblər. Yurduna-yuvasına vuröun olan Azərbaycan igidləri öz canları bahasına bu qələbəni bizə yaşatdılar.
Kapitan Nurlan Mustafayev
İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin əməyi danılmazdır. Onlar arasında şəhid olanlar da var ki, hər biri bizim üçün əzizdir.
Nurlan Mustafayev adını xatırlayanda isə Hadrut ugrunda gedən döyüşlərin qəhrəmanı şəhid kapitan gözümüzün qarşısına ilk gələnlərdən olur.
Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Hamlet və Rahilə Mustafayevlərin ailəsində anadan olub. 1997-2005-ci illərdə Nəsimi rayonunun P. Saleh adına 159 nömrəli tam orta məкtəbini bitirib.
Nurlanın özü də uşaq vaxtı atasını itirib. Anası Rəhilə xanım deyir ki, öz təkidi ilə C.Naxçıvanski adına Hərbi Məktəbə yollanır. Daha sonra, təhsilini H.Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirir. Və elə bu yol da onun taleyini tamamilə dəyişir. Almaniyada təhsilini bitirdikdən sonra Nurlan Azərbaycana dönərək Xüsusi Təyinatlı Qüvvələrin zabiti olur. Nurlan, Ruminiya, Gürcüstan kimi ölkələrdə, qardaş Türkiyədə keçirilən “Efes 2018” hərbi təlimlərdə iştirak edir. Kəşfiyyaçı kapitan 4 xarici dil bilirdi.
Kapitanımız 2020-ci ilin mart ayında böyük arzularla ailə qurur. Düzdür bəlkə də, bu gün bir çox arzuları yarımçıq qalsa da, unutmaq olmaz ki, o Xüsusi Təyinatlı idi və onun ən böyük arzusu da elə vətənlə bağlı idi.
Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Özündən geridə isə acılı-şirinli çoxlu xatirələr qoyan şəhidimiz ilk öncə şərəfli zabit adını bizə yadigar buraxdı, daha sonra 7 ay idi ki, ailə qurdugu, şəhid xanımı adını daim çiyinlərində daşımalı olacaq həyat yoldaşını, şəhid anası adını hər zaman müqəddəs biləcək gözüyaşlı anasını və birdə şəhid olmasından 6 ay sonra dünyaya gəlmiş, atasını yalnız şəkillərdən tanıyacaq balaca Nurlanı... Şəhidimizin hər bir əmanəti bizim üçün əzizdir...
XTQ-nin şəhid kapitanı, dağ kəşfiyyatçısı Nurlan Mustafayev ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Əsgər Nurlan Ağakişiyev
Nurlan Etibar oğlu Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub.
Qazi ata oğlunun şəhidliyini bu cür qürurla qarşılayır:
- Mən qazi olmuşdum, amma indi şəhid atası oldum. Oğlum mənim üzümü ağartdı. Hal hazırda özüm də vuruşmağa hazıram. Bu baradə Hərbi Komissarlığa da müraciət etmişəm. Bu məsələni uzadıb övladlarımıza çatdırmışıq. Artıq bəsdir...
Nurlan döyüşlərin 3-cü günündə, 29 sentyabrda şəhid olub, səhərisi dəfn edilib.
2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.
Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Nurlan Ağakişiyev ölümündən sonra “Ağdamın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Əziz Nurlanlarımız. igidlərimiz, Şəhidlərimiz! Sizin sizin simanızda bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Cənnətdəki ilk doğum gününüz mübarək olsun!
Əntiqə Rəşid