İkibaşlı qartal - ikibaşlı söhbət

"Siz dediniz ki, bizim ikibaşlı qartal iki tərəfə, Şərqə və Qərbə baxır. Amma hələ Cənub da var”.
Bu fikri Rusiya Prezidenti Vladimir Putin təxminən, bir ay öncə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib.
Bəs ikibaşlı qartal Rusiyaya necə “uçub” gəlib? Məsələ ondadır ki, əsrlərdir Rusiya dövlətinin milli atributuna çevrilmiş ikibaşlı qartal simvolunun slavyan mədəniyyəti, mifologiyası ilə heç bir əlaqəsi yoxdur. Bu rəmzi Rusiyaya türklər daşıyıb.
Tarix təkcə döyüşlərdən və sülh müqavilələrindən ibarət deyil. O, həm də rəmzlərin, nişanların, gizli mənaların tarixidir. Bəzən bir bayraq, bir tamğa, yaxud elə söz açdığımız ikibaşlı qartal simvolu minlərlə sözün mənasını bir baxışda izah edir.
İkibaşlı qartal rəmzini bu gün bir neçə dövlətin gerbində görmək mümkündür: Rusiya, Serbiya, Avstriya, Albaniya...
Amma çox adam bilmir ki, bu qədim mifoloji simvol bir vaxtlar iki imperiyanın — Bizans və Səlcuq Türklərinin güc nişanı olmuşdu.
Qartalın qədim izi
Tarixən, ikibaşlı qartal nişanı tam olaraq, nə Bizansa, nə də Avropaya aiddir. Onun izlərinə eramızdan minillər öncə Şumer və Het mənbələrində rast gəlinir. Qartal simvolu Səma və güc tanrısının təzahürü idi. O, həm ilahi qoruyucu, həm də hökmranlığın simvolu kimi təsvir olunurdu.
Bizans imperatorları ikibaşlı qartal rəmzini XI əsrdə öz gerblərinə həkk etdilər. Qartalın iki başı onların həm Şərqə, həm də Qərbə hökmranlıq iddiasını ifadə edirdi. Lakin o zaman heç kimin ağlına gəlməzdi ki, bu simvol nə vaxtsa türk hökmdarlarının rəmzinə çevriləcək.
Türk tamğasından imperiya rəmzinə
Oğuz tayfaları, o cümlədən Qınıq boyu, yəni gələcək Səlcuqlar öz nişanlarını “tamğa” adlandırırdılar. Hər türk tayfasının öz tamğası vardı. Bu, həm nəsil tanıma vasitəsi, həm də mülkiyyət nişanı sayılırdı. Tamğa bir növ möhür demək idi.
Türk tayfaları güclənib daha çox ərazilər fəth edir, dövlətin sərhədlərini genişləndirirdilər. Bir tamğalar çoxluğu artıq bir imperiyanı təmsil edə bilməzdi. Odur ki, Rum torpaqlarına, yəni Anadolunun mərkəzinə qədər gələn Səlcuqlar yeni simvol axtarmalı oldular. Bu yeni simvol isə güc və hökmranlıq ifadə edən bir rəmz olmalı idi. Nəhayət, Bizansı fəth edən Səlcuqlar onların bayrağında əks olunan ikibaşlı qartal simgəsini öz bayraqlarına daşıdılar. Beləliklə, bizanslılar da səlcuq imperiyasının təəbəliyini daha rahat qəbul etdilər.
Qartalın dirçəlişi
Beləcə, XIII əsrin əvvəllərində, I Əlaəddin Keyqubadın dövründə ikibaşlı qartal Səlcuq memarlığında da görünməyə başladı. Konya qalasının daş bəzəklərində, Diyarbəkir qalasının divarlarında indiyə qədər ikibaşlı qartal təsvirləri qalmaqdadır. Artuqoğulları dövründə ikibaşlı qartal təsviri sikkələrin üzərinə də vurulurdu.
Qartal təkcə bir quş simvolu deyildi. O, Bizans-Səlcuq dövlətinin sanki ümumi varislik manifestinə çevrilmişdi. Səlcuqlar yerli xalqların tarixinə, mədəniyyətinə, dini inanclarına toxunmadıqları üçün bəzi Qərb mənbələrində Səlcuq dövlətini Bizansın (Şərqi Roma) varisi də adlandırırlar. Səlcuqlar Anadoluda Roma-türk mədəniyyətinin sintezini yaratdılar. Hətta səlcuqların idarəetmə sistemi o dərəcədə alicənab idi ki, ayrı-ayrı bölgələrdə romalı məmurlar və keşişlər də rəhbərlik edirdilər. Bu səbəbdən romalılar türklərə qaynayıb qarışmağa başladılar.
Roma mədəniyyətini qoruyan türklər
Beləcə, ikibaşlı qartal həm yeni türk hakimiyyətinin rəmzi, həm də xalqlar arasında siyasi körpüyə çevrildi. Qartalın iki başı həm də Şərqlə Qərbin arasında, islam və xristian sivilizasiyasını özündə birləşdirən bir imperiyanın nişanı kimi yüksəlirdi.
Vaxt gələcək bu iki qütbdə ədaləti bərqərar etmək üçün türklər öz ikibaşlı qartalına yenidən sahib çıxacaqlar.
Murad Köhnəqala
Digər Xəbərlər

“Azərsun Holdinq” “Kaşalata” kafedə maarifləndirici təlim təşkil edib - FOTO

Eşşəklər arpa yeyir, atlar həstərlə saman

Bu itlərdən təlimlərdə istifadə edilə biləcək

Dünya 6 dəqiqə qaranlığa qərq olacaq - Unikal hadisə

500 milyard dollar sərvəti olan ilk insan kimi tarixə düşdü

Quzu ətinin kiloqramı 22 manatdır, amma lülə kabab üç manat

“Sosial şəbəkələrdə şər - böhtan, şantaj kimi çirkin əməllərə yol verənlər dindarlardır”
