adalet.az header logo
  • Bakı -°C
06 Yanvar 2026 10:29
150
GÜNDƏM
A- A+

İlham Əliyev jurnalistlərə səsləndi - "Xarici kəlmələrdən istifadə etməyin"

"Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir".

Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər. Çünki üçüncü-dördüncü nəsil azərbaycanlıların uşaqlarının artıq bəziləri ana dilini bilmirlər. Burada bir çox amillər birləşir. Əsas amillər əvvəl dediyim məsələdir və böyük xalq olduğumuz üçün mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur. Bu, əlbəttə ki, çətindir, çünki xaricdə yaşayan azərbaycanlıların, təbii ki, hər birinin imkanı yoxdur. Amma arzum budur və burada jurnalistlərdən çox şey asılıdır. Çünki, necə deyərlər, efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq", - deyə dövlət başçısı qeyd edib.