İlham Əliyev Məhəmməd bin Zayed Al Nəhyanı təbrik etdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin qətiyyətli liderliyiniz altında ölkədə aparılan irimiqyaslı quruculuq işlərini, möhtəşəm və nümunəvi inkişafı görməkdən böyük sevinc duyuruq. Bütün bunlar Sizin çoxşaxəli fəaliyyətinizin, müdrik rəhbərliyinizin, Vətənə və xalqa yorulmadan göstərdiyiniz xidmətin bəhrəsidir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr xalqlarımız arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimada, anlaşmaya və dəstəyə əsaslanır. Ötən dövr ərzində bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə çatması məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, görüşlər, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Sentyabr ayında Sizin Azərbaycana rəsmi səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına yeni təkan vermişdir. Səfər çərçivəsində imzalanmış bir sıra sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” dövlətlərarası əlaqələrimizi daha yüksək pilləyə qaldırmış, əməkdaşlığımızın ənənəvi sahələri ilə yanaşı yeni istiqamətlər üzrə də birgə fəaliyyətimizi genişləndirmişdir. Eyni zamanda səfər zamanı işğaldan azad olunmuş Qarabağ regionunu ziyarət etməyiniz xüsusi rəmzi məna daşıyır və biz bunu qardaşlığımızın və həmrəyliyimizin bariz nümunəsi olaraq dəyərləndiririk.
Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir. İqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim firavanlıq və rifah arzulayıram".
Digər Xəbərlər
10 Dekabr 2025 19:42
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi
10 Dekabr 2025 19:32
Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
10 Dekabr 2025 19:00
Ceyhun Bayramov Macarıstana getdi
10 Dekabr 2025 18:52
İlham Əliyev Donald Trampa TƏŞƏKKÜR ETDİ
10 Dekabr 2025 18:46
Hikmət Hacıyev Qaluzinlə görüşdü
10 Dekabr 2025 17:30
Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb
10 Dekabr 2025 16:28
Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI
10 Dekabr 2025 15:19


Bakı -°C

