adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Dekabr 2023 09:00
11266
LAYİHƏ

İQTİSADİ ƏLAQƏLƏR GÜCLÜ OLARSA…

Hər bir dövlətin və ölkənin gücü ilk nöbvbədə onun iqtisadiyyatı ilə ölçülür. Yəni, həmin ölkənin iqtisadiyyatı güclüdürsə, heç şübhəsiz o dövlət daha sürətlə inkişaf edir, dünya iqtisadiyyatına inteqrasiya olunur. Əlbəttə, bu məsələlər heç də asanlıqla öz həllini tapmır. Çünki güclü iqtisadiyyat yaratmaq üçün hər bir dövlətin maddi-texniki bazası olmalı, yeraltı və yerüstü sərvətlərə yiyələnməli, üstəlik də həmin adını çəkdiyimiz məsələlər yüksək səviyyədə öz həllini tapmağa qadir olmalıdır. 

Heç şübhəsiz, Azərbaycanın da müstəqillik dövrünə qədəm qoyması ilə yanaşı, ölkənin iqtisadi həyatının əsaslı surətə dirçəlişinə çox böyük ehtiyac vardı. Bunlar bir yana, ölkəmiz həm də 30 ildən çox erməni işğalına məruz qalmış və ərazimizin 20 faizi erməni faşistləri tərəfindən zəbt edilmişdir. Belə bir çətin şəraitdə Azərbaycan çox çətin və çıxılmaz bir anlarla üzləşmişdi. Birincisi, öz müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək, ikincisi də güclü iqtisadiyyata sahib olmaq. Təbii ki, bu problemləri bir neçə ilin içərisində həll etmək, yoluna qoymaq elə də asan məsələ deyildi. Ona görə də, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə dəvət olunandan sonra bu problemləri həll etmək üçün çiynini çox ağır yükün altına verdi. Çünki Azərbaycan həmin dövrdə həm daxildən, həm də xaricdən böyük təzyiqlərə məruz qalırdı. Belə ki, bir çox ölkələr dövlətimizin zəif nöqtəsini bilib, öz maraqlarını təmin etmək üçün müxtəlif vasitələrdən istifadə edirdi. Bu cür vasitələrin gündən-günə artması gözlənilirdi. Amma Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində mövcud problemləri yoluna qoymağı bacardı. İlk növbədə o, ölkənin daxilindəki hərc-mərcliyi, qeyri stabilliyi nizamladı. Bundan sonra xarici dövlətlərlə yaranmış bir çox problemləri zaman-zaman həll etməyə başladı.

Deməli, bütün məsələlər Heydər Əliyevin uzaqgörən və müdrik siaysəti ilə öz axarına düşdü. İlk növbədə ölkəmizə çox böyük gəlir gətirəcək neft və qaz yataqlarının dünyanın ən məşhur şirkətləri ilə istismar edilməsi və məhsulun hazırlanması üçün Bakı-Ceyhan layihəsinin gerçəkləşməsinə çox böyük ehtiyac vardı. Amma bu layihənin həyata keçməsinə bəzi böyük dövlətlər əngəl törədir və işlərin həll olunmasına imkan vermirdilər. Çünki bu layihənin həyata keçirilməsi elə ilk növbədə Azərbaycanın dünya iqtisadiyyatına  inteqrasiyasına böyük təkan vermək idi. Heç şübhəsiz, xarici və daxili qüvvələrin təzyiqinin artacağı istisnasız deyildi. Buna görə də Ulu Öndər həmin məsələləri də nəzərə almış və dünyanın məşhur neft şirkətləri ilə Bakı-Ceyhan layihəsinin həyata keçirilməsinə nail olmuşdur. İngiltərənin «BP» şirkəti ilə imzalanmış bu böyük neft müqaviləsi ölkəmizin gələcəyi üçün çox uğurlu vədlər verirdi. Elə hər şey də gözlənildiyi kimi oldu. Azərbaycanın dünya miqyaslı Bakı-Ceyhan neft kəməri bir müddətdən sonra istismara verildi. Üstəlik də digər layihələrin gerçəkləşməsi üçün çox uğurlu addımlar atıldı. Çünki Azərbaycan həm neft, həm də qaz yataqları ilə çox zəngin bir dövlətdir. Sonrakı layihələrdə Azərbaycan qazının Avropaya ixracı da böyük uğur kimi həyata keçirildi, bütün bunlara bizim dostlarımız sevindilər, düşmənlərimiz isə xar oldular. Azərbaycanın Avropa və dünya iqtisadiyyatına inteqrasiaysı bax bu böyük layihələrin gerçəkləşməsindən sonra daha geniş vüsət aldı. 

Onu da qeyd edək ki, hər bir xarici dövlət o ölkəyə, o məmləkətə sərmayə qoyur ki, həmin yerdə sabitlikdir və qanunların aliliyi təmin edilir. Buna görə də İngiltərənin, İtaliyanın, Türkiyənin, Rusiyanın, Macarıstanın, Bolqarıstanın və eləcə də digər Avropa dövlətlərinin Azərbaycana maraqları daha da artdı. Çünki onlar gördü ki, artıq İngiltərə kimi böyük bir dünya gücünə malik olan dövlət Azərbaycanla çox möhtəşəm layihələrin həyata keçməsi üçün müqavilələr imzalayır və bu müqavilələrə heç şübhəsiz güclü iqtisadiyyatı olan ölkəmizin nüfuzunu beynəlxalq aləmdə daha da yüksəldirdi. Bu gün demək olar ki, Avropanın və eləcə də digər ölkələrin şirkətləri Azərbaycana çox böyük maraq göstərir. Bəlkə də onların sayı yüzlərlədir. Tək neft sahəsindəki yeniliklərlə deyil, sosial, mədəni və kənd təsərrüfatı sahələrində də Azərbaycana çox böyük maraqlar yaranıb. Çünki ölkəmiz bu gün neftdən asılı vəziyyətdə deyildir, onun pambığı, tütünü, kənd təsərrüfatı məhsulları və eləcə də dünyanın diqqətini cəlb edən digər sərvətləri vardır. Bura turizmi də əlavə etsək, birmənalı olaraq deyə bilərik ki, ölkəmizdə bütün sahələrdə xarici dövlətlərin sərmayə qoymağa maraqları artıb. 

Bir fikri də xatırlatmalıyıq ki, artıq Azərbaycan özünün ərazi bütövlüyünü tamamilə bərpa edib. Yəni, Qarabağda çox böyük təbii sərvətlər və eləcə də kənd təsərrüfatı üçün unikal şərait vardır. Əlbəttə, bu şəraiti heç şübhəsiz dünya iqtisadiyyatına inteqrasiya olunduğu üçün xarici dövlətlər də yüksək qiymətləndirirlər. Öz flora və faunası ilə, füsunkar gözəlliyi, ecazkar görünüşü ilə dünyanın diqqətini özünə cəlb edən Qarabağ sözün həqiqi mənasında böyük bir iqtisadi zonadır desək, yanılmarıq. Çünki burada həm taxılçılığı, həm pambıqçılığı, həm də üzümçülüyü inkişaf etdirmək mümkündür. Bu mənada həmin işğaldan azad olunmuş rayonlarda yeni zavodların, fabriklərin, emal sexlərinin inşasına çox böyük münbit şərait var. Belə olan yerdə əlbəttə, xarici ölkələrin Azərbaycana marağı daha da artacaq, onlar ölkəmizə daha böyük məbləğdə sərmayə qoyacaqlar. 

Avropa ölkələri arasında ölkəmizə maraq göstərən dövlətlərdən biri də İtaliyadır. Çünki İtaliyanın Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən onlarla şirkətləri var. Bu şirkətlər də yaxşı bilirlər ki, hər hansı sahəyə sərmayə qoysalar, onlar bir neçə ildən sonra böyük gəlir əldə edəcəklər. Artıq bu gəliri əldə edən İngiltərə, İtaliya, Türkiyə, Rusiya, Macarıstan, Bolqarıstan və digər dövlətlər Azərbaycanda yeni layihələrin həyata keçməsinə böyük maraq göstərirlər. 

Eyni zamanda, qardaş Türk dövlətləri ilə - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanla da çox böyük iqtisadi əlaqələrimiz yaranıb. Bu iqtisadi əlaqələrə İranı da əlavə etsək, deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazda strateji cəhətdən çox önəm kəsb edən bir ölkədir. İndi bizim İranla, Zəngəzur dəhlizi layihəsinin həyata keçməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşaasına başlanılıb. Həmin yol Naxçıvandan keçərək, Türkiyəyə, oradan da Avropaya doğru uzanacaq. Bununla yanaşı, bu istiqamətdə həm dəmir yolu, həm də avtomobil yolu çəkiləcək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün daha bir töhfəsidir desək, yanılmarıq.                                       

 

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.