adalet.az header logo
  • Bakı -°C
13 Avqust 2026 16:44
89
KRİMİNAL
A- A+

İş adamının qətlinin sifarişçisi Moldovada tutuldu - Azərbaycana gətirildi

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Samux rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Əsgərov Ruslan Əli oğlunun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Ruslan Əsgərov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qeyd edək ki, həmin cinayət işi üzrə daha əvvəl iki şəxs - Mehdiyev Elvin Qardaşəli oğlu (icraçı) və Yusifov Tural Ərəstun oğlu (köməkçi) barəsində ibtidai istintaq Samux rayon prokurorluğu tərəfindən yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mehdiyev 18 il, T.Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Xatırladaq ki, Ruslan Əsgərov Ukraynada yaşayıb və oradan Azərbaycana köçərək məskunlaşan iş adamı Aytəkin Hüseynovun qətlinin sifarişində ittiham edilir.