28 Sentyabr 2024 19:07
65
DÜNYA

"İsrailin bu cəhdlərinə son qoyulmalıdır" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin təcavüzünə qarşı hərəkətə keçməyə çağırıb. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə lideri özünün X hesabında yazıb. 

O, qeyd edib ki, İsrailin Qəzza və Ramallahda həyata keçirdiyi siyasətini Livan və digər region ölkələrinə yaymaq cəhdlərinə son qoyulmalıdır: "Livan və Livan xalqı İsrailin oktyabrın 7-dən bəri davam etdirdiyi soyqırım, işğal və işğalçılıq siyasətinin yeni hədəfidir.

İsrailin vəhşi hücumları nəticəsində son bir həftə ərzində çoxlu sayda livanlı, o cümlədən uşaqlar öldürülüb. Heç bir vicdan sahibi belə bir qırğını qəbul edə, bəhanə edə və ya haqq qazandıra bilməz. İsrail hökuməti öz qırğınlarına silah və sursat dəstəyi verən güclər tərəfindən ərköyünləşdikcə daha da ehtiyatsızlaşır, bütün bəşəriyyətə, bəşəri dəyərlərə və beynəlxalq hüquqa meydan oxuyur.

Qlobal sülhü, sabitliyi və təhlükəsizliyi təmin etmək vəzifəsi olan bütün strukturları və insan haqları təşkilatlarını, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını sürətli tədbirlər görməyə çağırırıq.

Hesab edirik ki, İslam dünyası bu hücumlara qarşı daha qətiyyətli mövqe tutmalıdır".