23 May 2024 17:45
1446
ƏDƏBİYYAT

Kamalə Abiyeva QURBANƏLİ QULUZADƏDƏN YAZDI

Onun haqqında məlumat toplamağa çalışıram. Müxtəlif xəbərləri oxuyuram: Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ savaşının şəhidi.

Torpaq azadlığı, ərazi bütövlüyü uğrunda savaşmaq, şəhid olmaq qürurvericidi.Həm də ağrılıdı. Müharibə səbəbkarlarını lənətləyirsən. Müharibənin aldığı canlar sarsıdır bütün varlığını.

2001-ci il 25 iyunda Bakının Binə qəsəbəsində dünyaya gəlib Qurbanəli Elşad oğlu. Ailənin ilki olub. Uşaqlıqdan yunan-roma güləş növü ilə məşğul olub. Şeir yazıb.

 Binə qəsəbəsində Birinci savaşın şəhidləri Rasim Sadıxov adına 136 və  Əmirəhməd Quliyev adına 121 nömrəli məktəbdə oxuyub.

Xuraman Cəfərova  136 nömrəli məktəbdə Qurbanəliyə dərs deyən müəllimlərdən biridir: İllərdir məzunu olduğum məktəbdə işləyirəm. Yüzlərlə məzunum olub. Qurbanəli müəllimlərin yaddaşında qalan, sevilən şagirdlərdən olub. Çox sakit, mədəni, təhsilə önəm verən, müəllim adını uca tutan bir ailədə böyüyüb. Özü də elə idi: sakit, mədəni, çalışqan, dürüst. Onda bir kobud hərəkət görmədim illər ərzində.  Üzündə nur vardı. Həmişə o nurlu simasını xatırlayıram. Müəllimin də, xalqın da sərvəti Qurbanəli kimii oğullardır.

Sinif rəhbərinin qəfil ölümündən sarsılan Qurbanəli məktəbini dəyişir.
121 nömrəli məktəbdə də  şagird kimi kollektivin hörmətini qazanır. Onun haqqında bütün müəllimləri, dostları danışmaq istəyirdi. Uşaq birliyinin rəhbəri Sevda Əliyeva kövrəlir: Qurbanəli hamımızın sevimlisi idi. Şeir yazırdı. Utancaq olsa da, son zəngdə bədahətən şeir deməyini unutmuram.  O, bizim fəxrimiz olub həmişə.  Təşkilatcı Elnarə Kərimova, psixoloq Samirə Rzayeva  danışdıqca Qurbanəli Quluzadəni görürdüm elə bil: sevimli, məsuliyyətli, mədəni, diqqətli, çalışqan...

121 nömrəli məktəbdə Qurbanəlinin sinif rəhbəri olan Əvəz Rüstəmov Birinci Qarabağ savaşının iştirakçısı olub. Könüllü özünümüdafiə batalyonunda döyüşüb. 1994-cü ildə tərxis olunandan bu günə kimi müəllim işləyir. Vətənpərvər şagirdlər yetişdirib. Onların çağırışaqədərki hərbi hazırlığına xüsusi diqqət yetirir. Ona görə məzunları həqiqi hərbi xidmət zamanı həmişə fərqlənir, təşəkkürnamələr alırlar: 1991-94-də döyüşlərdə olmuşam. Bütün hadisələrin, çətinliklərin canlı şahidi olsam da, məğlub kimi yaşamaq ağır gəlirdi. Özümü günahkar bilirdim.  Tez-tez bu haqda danışardıq. Şagird gündəliklərində olan qara işğal tarixlərinə baxa bilmirdim.  Çox çətin idi. Bunları hiss edirdi Qurbanəli. “Müəllim, narahat olma, o torpaqları biz azad edəcəyik”-deyirdi əminliklə. Səsində, özündə bir inam vardı. O torpaqları azad etməliydik. Şagirdlərimi də, öz övladlarımı da buna hazırlayırdım. İki oğlum da İkinci Qarabağ savaşına yollandı. O da buna hazır idi. Onun qələbəyə inamı məlhəm kimiydi, məlhəm də oldu.  

27 sentyabr 2020-ci ildə savaş başlayanda Qurbanəlinin həqiqi hərbi xidmətindən bir il ötürdü. Xidmətə gedəndə “Torpaqları azad etməyə gedirəm” demişdi doğmalarına. Hiss etmişdi qalib olacağını.  Füzuli, Cəbrayıl, Hadrutun azadlığı uğrunda döyüşlərdən keçdi igid əsgərimiz. 21 oktyabrda Xocavəndin azadlığı uğrunda gedən ağır döyüşlərdə  aldığı qəlpə yarasından şəhid oldu.

Eışad Quluzadə: Oğlum sanki müharibə olacağını bilirdi. Əsgər getmədən “torpaqları biz azad edəcəyik” deyərdi. Arada zəngləşirdik. Müharibə başlayanda heç nə bildirmədi. Son danışıqlarımızda elə halallıq istəyirdi. Öz özümə sual verirəm ki, o niyə bizdən halallıq istəyirdi? Biz ondan halallıq istəməliyik. Nə deyim? Təki şəhidlərimiz bizə halallıq versin. Təki Qurbanəli kimi bu vətəni düşmənlərdən qoruyan oğullarımız çox olsun.

Əmisi Xeybərin sözlərinə görə Qurbanəli əsgər getməyini gözləyirdi, hazırlaşırdı. Tez-tez “Əmi, mən əsgər gedim, erməniləri torpaqlarımızdan çıxaracayıq”- deyirmiş əmisinə:  Bilmirəm, hardan idi bu hiss onda? Müharibə başlayanda da qələbəyə əminliklə danışardı. Deyirdim ki, onları qoymayın bir addım da qabağa gəlsinlər. “İrəli nədir? Biz irəli gedirik, bir qarış da geri çəkilmirik. Hər qarış torpağımızı da azad edəcəyik”-belə olurdu cavabı.

Quluzadə Sahib: İndi yanımızda deyil qardaşım, çətindi. Amma mən onun qələbə sevincli, qürurlu səsini eşidirəm elə bil.  Hərbi xidmət zamanı da, müharibədə də deyirdi ki, əlayam.  “Bütün torpaqları azad edəcəyik” – sözü bu idi.. Gedişim kimi dönüşüm də olacaq, amma qalib kimi. Qalib oldu. Onun yaşadığı qürur güc verir bizə.  Ordumuz həmişə belə güclü olsun. Heç vaxt məğlub olmayaq.Ən böyük arzum budur.

Şəhidlər haqqında yazanda dostları, döyüş yoldaşları, müəllimləri, ailə üzvləri ilə söhbətləşməli olursan. Asan olmur. Ən çətini analardı. Nə deyəcəyini, söhbətə necə başlayacağını bilmirsən.

 Elmira xanım: Çox sakit, sevimli idi oğlum, bir başqaydı. Hamıya yaxşılıq etmək istəyirdi. Orta təhsilini başa vurandan sonra ali təhsil almaq istəyirdi. Sonra qərar verdi ki, əsgər gedim, gələndən sonra oxuyaram. Həqiqi hərbi xidmətini Qusarda keçirdi . O zamandan  fərqlənmişdi. Komandirləri də razı idi, tərifləyirdilər həmişə. Fəxri-fərmanlar almışdı. Müharibədə olduğunu da demədi, “təlimdəyik” dedi. Torpaqların azad olunmasını çox istəyirdi. Mübariz İbrahimov onun üçün nümunəydi. Qarabağ hadisələri, Xocalı faciəsi ilə barışa bilmirdi. Elə bil bu savaşa hazırlaşırdı. Dostları da qəhrəmanlıqlarından çox danışır.

Həsən Ələkbər oğlu Quliyev 44 günlük savaşın iştirakçısıdır: Bir var müharibə haqqında eşidirsən, filmlərə baxırsan, bir də var müharibədəsən. Elə olurdu addım-addım irəliləyirdik. Ölümün gözünə baxa-baxa qorxmursan heç. 21 oktyabr ağır gün idi.  “X” təpəsini almalıydıq. Axşam 9-10 arası yola çıxdıq. Hava dumanlı idi. 5 addım irəlini görmək olmurdu. Bir-birimizin çiynindən tutub irəliləyidik. İstiqamətdən yayınmışdıq. Yolumuzu tapmalıydıq. Tapşırığı yerinə yetirməliydik. Durmadan yol gedirdik. Səhərə yaxın bir az dincəlmək qərara alındı. Bir ev tapdıq. Ermənilər D30 topu ilə bizi vurmağa başladı. Ağır döyüş oldu. Yaralılarımız, şəhidlərimiz oldu. Qubadan  olan yaxın dostum Əliyev Həmzə də, Qurbanəli də həmin gün şəhid oldu. Özümə gələ bilmirdim. Orda bir günün döyüş dostunu on ilin dostundan daha yaxşı tanıyırsan, daha doğma olur. Susuzluqdan əziyyət çəkəndə  son bir udum suyunu sənə verən Qurbanəli kimi döyüş dostunu necə unutmaq olar? Onları itirmək çox ağırdı. Qalib olmağımız bu ağrıları yaşamağa kömək edir.Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

 Qurbanəli Quluzadə Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəxsi şücaəti və igidliyinə görə  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 Oğul gedib. Can gedib. Oğul yarası ağlayır. Can yarası ağrıyır. Göz yaşının, bu ağrının məlhəmi əsir torpaqların azadlıq nəfəsidir. Təltifləri düşünürsən: Cəbrayılın, Qubadlının, Füzulinin, Xocavəndin, Şuşanın azadlığına görə. “Vətən uğrunda” “İgidliyə görə” təltif olunmaq  ləyaqətli, məğrur olmaqdı, uca olmaq, ucada olmaqdı. Belə yaşamaq da var.  Qurbanəlilər də ləyaqəti, məğrurluğu ilə ucadılar. Ucadadılar!


 Aprel,2024