KAPİTAN İMRAN QURBANOV - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
3211 | 2023-10-18 10:23

Müharibədən yazanda heyrətə gəlirəm. Qarışıq hisslər yaşayıram: dərd, sevinc, çarəsizlik, qürur... Bir də qorxu... Müharibənin dəhşətləri qorxudur. “Onlar necə olub” hissi qorxudur. Necə olub onlar? İlk hücuma keçən tank batalyonundakı igidlər necə olub? Bu mexanikləşdirilmiş batalyonun komandiri talış balası kapitan Şahnur Hüseynov döyüşə getməyə bilərdi. Onun haqqında müharibə ilində yazmışdım. Rəhbərlik etdiyi 3 bölüklə Ohanyan səddini yaran qəhrəmanımızdan yazanda bölüklərdən birinin komandirinin İmran Qurbanov olduğunu bilmirdim amma. İlk azad etdikləri Füzulinin Qaraxanbəyli kəndinin qələbə müjdəsini verənlər onlar olub: batalyon komandiri Şahnur Şahin oğlu Hüseynov və müavinləri kapitan İmran Qurbanov, Səddam Fəzail oğlu Musayev.

Döyüş zamanı 3 dəfə yaralanan, ikisində döyüşdən çıxmayan, 3-cü dəfə ağır yaralanmadan sonra gözlərini hərbi hospitalda açan Səddama “möcüzədi sağ qalmanız” deyirəm. Onunla danışmağım da möcüzədi: Elədi, sağ qalmağım möcüzədi. Ən böyük möcüzə səddi yarmağımız oldu. İlk döyüş həlledici idi.Düşmənə kürək çevirə bilməzdik. İlk qələbə xəbərini biz verdik. İlk döyüş önəmliydi. Düşmən güclü müqavimət göstərsə də, döyüş tapşırığını yerinə yetirdik. Amma nə komandir, nə də İmran dayanmadı. İrəli getdilər. İlk gündə bir-neçə kənd azad olundu. İmran çox səriştəli, çox savadlı, qorxmaz zabit idi. Füzulinin , Cəbrayılın ilk azad olunan kəndləri onların igidliyidir.

Ölümün üstünə gedib qələbə çalmaq varmış. Kapitan Şahnur Hüseynovun rəhbərliyi ilə hücuma keçən181 hərbi hissənin 2- ci mexanikləşdirilmiş batalyonu Ohanyan səddini yarır. Böyük Qələbəyə yol açır. Əslində onlar öndə getməyə bilərdilər, döyüşü idarə etmək idi onların vəzifəsi. Hər bölüyün komandiri vardı: Zaur Zeynalov, Güloğlan Qədimov, Orxan Xankişiyev. “Hərbinin öz qanunları var” düşünsək də, elə hərbiçi olmaq da ürək istər. Savaşın önündə getmək kimi ürək istər. Onlar getdilər.

İmran Qurbanov 23 may 1989-cu ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya gəlmişdi. 1996-2003-cü illərdə Ramanadakı Fikrət Tağıyev adına 72 nömrəli  riyaziyyat təmayüllü liseydə təhsil alıb. Hamı kimi məktəbli ömrü yaşayıb İmran. Hər birimizin  tərcümeyi – halı eyni səpgidə başlayır. Böyüdükcə bu tərcümeyi-halı özümüz yazırıq. Fərqli olur yazdıqlarımız-yaşadıqlarımız. Hamı kimi təhsilə başlasa da həyatını fərqli görür. İncəsənətə marağı olsa da, musiqi məktəbinə getsə də, gözəl tar çalsa da hərbiçi olmağa qərar verir.2003-cü ildə C. Naxçıvanski adına hərbi liseyə sənəd verirvə imtahanlarda ən yüksək bal toplayanlardan biri olur iki bacının yeganə qardaşı.

Anası Sədaqət xanımurbanova BDU-nin məzunudu. 28 il kimya-biologiya müəllimi işləyib: Hərbini sevirdi. Naxçıvanskiyə daxil olanda necə sevinirdi! Həmişə “mən Qarabağı azad edəcəyəm”-deyərdi.

Sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyanın tələbəsi olur. Bununla da kifayətlənmir İmran Qurbanov. Sevib seçdiyi peşənin əsil peşəkarı olmaq istəyən  İmran 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris mərkəzində də təhsil alır. Burda “Zabit ixtisas kursu”nu leytenant rütbəsi ilə başa vurur. 2011-ci ildə leytenant İmran Qurbanov Füzuli rayonunda taqım komandiri kimi xidmətə başlayır. 9 il burada öz vəzifə borcunu yerinə yetirir.  Bu illərdə “Tank taqımının komandiri, Tank bölüyünün komandiri, “Mexanikləşdirilmiş tabor (BMP-2) komandirinin müavini vəzifələrində olur.Tərcümeyi halına məsuliyyətli, savadlı, peşəkar zabit kimi ən gözəl sözlər yazılır qəhrəmanımın. İmran Qurbanov24 iyun 2014-cü ildə Silahlı qüvvələrin baş qərargah rəisinin əmri ilə Baş leytenant, 2019-cu ildə kapitan rütbəsinə yüksəlir.

2016-cı ildə aprel döyüşlərində də öz igidliyi, hərbiçi məharəti ilə seçilir İmran.

Daim fərqlənən İmran Beyləqana tabor komandirinin müavini kimi göndərilir.

Xidmət müddətində “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” ,”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli  medalları ilə təltif olunur.

2020-ci ilin sentyabrında İkinci Qarabağ savaşı...

27 sentyabrda tabor komandirinin müavini olan İmran Qurbanov Şahnur Hüseynovun rəhbərlik etdiyi ilk hücuma keçən taborda idi. Öz qrupu ilə birlikdə döyüşə başlayır. Füzuli kəndinin Qaraxanbəyli uğrunda döyüş tapşırığını yerinə yetirir. 5-6 postu ələ keçirir. Düşmənin xeyli canlı qüvvəsini məhv edirlər. Qrupdan bir-neçə yaralı qalır. Bütün qrup üzvləri, Şahnur və İmran da şəhid olur. Şahnur Hüseynov öz doğma elində Astaranın Ərçivan qəsəbəsində dəfn olunur.İmransatapılmır.

-İlk günlərdə hücuma keçmək, döyüşmək daha çətin olub deyir Caamal Maqsud oğlu Quliyev.

1996-cı ildə həqiqi hərbi xidmətdən sonra 1997-ci ildə “Gizirlər kursu”nu bitirib. 21 il Milli Orduda vətənə xidmət edib. 706 nömrəli hərbi hissənin əlahiddə tank bölüyünün baş texniki baş gizir 2016-cı il döyüşlərində yaralanan vətən qazisi Camal Quliyevin söylədikləri:Ömrümüz boyu çox adamlar tanıyırıq, ünsiyyətdə oluruq, bir yerdə işləyirik... Amma İmran kimi adamlar az olur. Çox aylarımız, illərimiz birlikdə keçib. Onu kursant olduğu vaxtdan tanıyırdım. Sonra Füzulidə xidmət zamanı da birlikdə olduq. 706 nömrəli hissədə birlikdə xidmət keçmişik. Bir yerdə olurduq həmişə. Peşəkarlığı, təmkini, cəsurluğu həsəd doğururdu. Bölük komandiri idi. Amma özü elə bir bölüyü əvəz edə bilərdi.

Mən Azərbaycanı hədsiz sevirəm. Vətənimə çox bağlıyam. Amma hərbiçi olmağa qərar verənlər məndə fərqli duyğular yaradır. Mənə elə gəlir ki, onlar vətəni daha çox sevənlərdi.

“İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunan, dövlətinə, bayrağına sədaqətlə xidmət edən kapitan İmran Qurbanov “Azərbaycan Bayrağı “ ordeninə layiq görülüb.

Füzulinin azad olunması uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olan İmranın nəşi qələbədən sonra datapılmır. Komandiri Şahnur atası Şahin Hüseynovun yuxusuna gəlir. Şahin Hüseynov özü də hərbiçidi. Sovet Ordusunda xidmət edən Şahin Hüseynov Birinci Qarabağ savaşı zamanı Belqraddan vətənə dönür. Füzulidə hərbi xidmətinə davam edir: İmran Qurbanovla 2012-2015-ci illərdə eyni hərbi hissədə xidmət etmişəm. 047 nömrəli hərbi hissədə tağım və bölük komandiri olub. Gənc olmasına baxmayaraq seçilən zabitlərdən idi. İnsan kimi də səmimiliyi, dürüstlüyü, saflığı ilə fərqlənirdi. Övladım kimi əziz idi. Nə çətinliyi olsa, mənimlə bölüşərdi. Sonra 706 nömrəli hərbi hissəyə göndərildi, amma zəngləşirdik.  2020-ci ildə oğlum Şahnurla 181-də xidmət edib. Bir gün zəng etdi ki, məni Şahnura müavin təyin ediblər. Çox sevinirdik. Bir-birinə tapşırmışdım onları. Şahnur şəhid olanda İmranın şəhid olduğundan xəbərsiz idim. Bir müddət sonra Şahnur yuxuma gəldi,“İmranı niyə götürmürsüz, o, Xocavənd tərəfdədi” – dedi. O günlərdə Səddam da bizə gəlmişdi. Şahnur onun da yuxusuna gəlirmiş. “Yuxuda məni boğur, İmranın yerini göstərir, niyə tapmadığımızı soruşur-dedi Səddam. Demə, qələbədən sonra da İmran tapılmırdı. Onun ölüm xəbəri də məni çox sarsıtdı. Elə bil Şahnuru ikinci dəfə itirdim.”

İnanılmaz kimidir, amma həqiqətdir. Ağıl lazımdı qavrasın. Ürək lazımdı dözsün. Nə böyük ürəkləri varmış bu igidlərin...  Dekabrın 11-də ruhu narahat Şahnurun dediyi yerdə-Xocavənd yaxınlığında tapılır İmran. İndi o, İkinci Fəxri Xiyabanda döyüş dostlarının yanındadır.

Düşünürsən: bu boyda ürək sahibləri ilə bir torpaqda yaşamışıq, eyni havanı udmuşuq, amma onlardan xəbərsiz olmuşuq. Bir də düşünürsən ki, belə oğulları olan xalqın övladı olmaq nə böyük xoşbəxtlikdi.

 

TƏQVİM / ARXİV