adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 17:00
83
DÜNYA
A- A+

Kir Starmer istefa verməkdən imtina etdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Böyük Mançester qraflığının meri Endi Bernem parlamentin İcmalar Palatasına (aşağı palata) keçirilən əlavə seçkidə qələbə qazandıqdan sonra könüllü olaraq istefa verməyəcək.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Əgər (iqtidarda olan Leyboristlər Partiyasının rəhbərliyi uğrunda) rəqabət yaranarsa, mən bu prosesə qatılacağam. Namizədliyimi yenidən irəli sürəcəyəm. Dəfələrlə qeyd etmişəm ki, geri çəkilmək niyyətində deyiləm", - deyə jurnalistlərə açıqlama verən Starmer qeyd edib.

İyunun 18-də Şimali İngiltərənin Meykerfild bölgəsində İcmalar Palatasına keçirilən əlavə seçki Bernemin qələbəsi ilə başa çatıb. Ehtimal edilir ki, o, artıq Leyboristlər Partiyasının sol qanadının inamını itirmiş Starmerə qarşı əsas rəqib kimi çıxış edə bilər.

Partiya rəhbərinin dəyişdirilməsi prosesinə start vermək məqsədilə Bernem fraksiya təmsilçilərinin 20 faizinin (hazırkı vəziyyətdə 81 deputat) səsini toplamalıdır. Bunun ardınca partiya üzvləri üstünlük verdikləri namizəd üçün səsverməyə qatılırlar. Leyboristlərin hazırda iqtidar partiyası olduğunu nəzərə alsaq, daxili seçkidə qalib gələcəyi təqdirdə Bernem birbaşa olaraq baş nazir vəzifəsinə yiyələnəcək. Artıq İcmalar Palatasındakı 100-ə yaxın leyborist deputat açıq formada Starmerin istefasını tələb edib.

Qaydalara əsasən, Leyboristlərin sədri postunu yalnız parlament üzvü tuta bilər. Məhz bu səbəbdən Bernem əvvəlcə İcmalar Palatasına seçki yolu ilə daxil olmalı idi ki, ardınca partiya rəhbərinin və müvafiq olaraq dövlətin baş nazirinin əvəzlənməsi prosedurunu başlada bilsin.

Xatırladaq ki, Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilən yerli özünüidarə orqanlarına seçkidən sonra alovlanıb. Onların nəticələrinə görə Leyboristlər Partiyası ilk dəfə olaraq Uels parlamentindəki üstünlüyü əldən verib. İngiltərənin müxtəlif qanunverici orqanlarına leyboristlər əvvəlkindən 1.4 min nəfər az nümayəndə keçiriblər. Starmer seçkidəki məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb, lakin leyboristlərin lideri və baş nazir postlarından getməkdən imtina edib.