adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Iyun 2022 12:08
991
ƏDƏBİYYAT

KÖHNƏ BAKI... - Əhməd Orucoğlu yazır

 

Bakının Zərgərpalan küçəsində tacir Məşədi Abdullanı böyükdən kiçiyə hamı tanıyırıdı. Məşədinin dilində anadangəlmə bir balaca qüsur var idi. O, “S” hərfini “D” kimi tələffüz edirdi. Sapa dap, suya du deyirdi. Arvadı Səkinəni Dəkinə, qapıqonşusu Süleymanı Düleyman çağırırdı. Məhəllənin uşaqları Süleymanı görcək, Düleyman-Düleyman deyib qışqırırdılar. Bu Süleymanı yaman əsəbləşdirirdi, bilmirdi acığını Məşədi Abdulladan necə çıxsın. Günlərin bir günü Süleymanın başına nənəsinin şahlıq quşu qondu. Süleymanı polisə işə götürdülər. Bir neçə gündən sonra Süleyman Məşədi Abdullanın dükanının qapısını kəsdirdi. Məşədi Abdulla Süleymanı görcək, ayağa durdu:

-Xoş gəlmisən, Düleyman.

Süleyman “Düleyman” sözünü eşitcək, dişi bağırsağını kəsdi:

-Məşədi, tələsirəm, işim çoxdur. Məni qaradovoy göndərib. On qızıl onluq verməlisən.

Qızıl onluq sözünü eşitcək, Məşədinin dizləri əsdi:

-Ay dağ olmuş, qaradovoy məni tanımır, dən ki, məni yaxşı tanıyırdan. Mənim heç nədlimdə on qızıl onluq olmayıb.

-Ay Məşədi, mən desəm ki, Məşədi kasıbın biridir, qaradovoy mənə inanmayacaq. Sən belə elə, heç olmasa bir qızıl onluq tap, ver aparım verim, bəlkə səndən əl çəkdi.

-Rəhmətliyin oğlu, itirmişəm ki, tapım?! Məndə qızıl onluq nə gəzir? Axşam gəl, görüm kimdən əlborcu alıram.

Axşam düşən kimi Süleyman dükanın qapısını ağzını kəsdirdi:

-Hə Məşədi, nə deyirsən?

-Düleyman, gəl içəri. Bax bu qızıl onluğu Kəbləyi Dəbdəlidən borc almışam. Yalan deyirəmdə, oğlum Dəmədin toyunu görməyim.

Süleyman Məşədinin Səbzəlini Dəbdəli, Səmədi Dəməd deməyinə bığaltı güldü. Süleyman qızıl onluğu alıb getdi. Gecə ilan vuran yatdı, Məşədi Abdulla yatmadı. Səhər gözünü açanda Süleymanı dükanının qapısının ağzında görəndə, ürəyi düşdü:

-Düleyman, xeyir ola?

Süleyman gülə-gülə dedi:

-Xeyirdir Məşədi, bəxtin gətirib, qaradovoy bir həftəlik Tiflisə gedib, deyirlər bəlkə heç gəlmədi, vəzifəsini böyütdülər elə orda qaldı. Özün yaxşı bilirsən ki, bizim nəslə haram düşmür, al qızıl onluğu.

Məşədinin gözünə işıq gəldi:

-Çox dağ ol, qonşuluqda əksik olmayadan. Nə lazım oldu gəl dükandan apar. Oğlum Dəmədin canı üçün, məhəllədə heç kimə nidyə mal vermirəm, amma dənə verərəm.

Məşədi Abdulla o gündən xeyirdə, şərdə, harda oldu o ki, var Süleymanı təriflədi. Süleymanı Koroğluya, Qaçaq Nəbiyə bənzətdi. Bir həftədən sonra Süleyman yenidən Məşədinin dükanının qapısını kəsdirdi:

-Məşədi, vəziyyət ağırdır. Qaradovoy Tiflisdən qayıdıb. Gələn kimi səni soruşdu. Ver o qızıl onluğu aparım verim, mənim də canım qurtarsın, sənin də.

Məşədi naəlac qalıb qızıl onluğu gətirib Süleymana verdi:

-Düleyman, oğlum Dəmədin canı üçün, neçə gündür gedirəm Kəblə Dəbdəlini evdə tapmıram ki, onluğu ona qaytarım. Yaxşı ki, qaytarmamışam.

Süleyman qızıl onluğun bir o üzünə, bir bu üzünə baxıb, Məşədinin yaxasından yapışdı:

-Sən mənə kələk gəlirsən? Sənə verdiyim qızıl onluğa nişan qoymuşdum. Get qızıl kisəsini gətir, tünbətün oğlu, tünbətün, nə qədər ki, səni sürüyə-sürüyə qaradovoyun yanına aparmamışam.

Məşədi Abdulla naəlac qalıb, gedib evdən qızıl kisəsini gətirib, Süleymana verdi. Süleyman qızıl kisəsini havada atıb-tutdu.

-Məşədi, yadında saxla, Süleymana heç kim kələk gələ bilməz-deyib, gülə-gülə getdi.

Məşədi onun dalınca baxıb, dərindən bir ah çəkdi:

-Eh Düleymana qalmayan dünya, dən Düleymana da qalmaz.