(Nəzakət Məmmədlinin şeirləri haqqında)
Nəzakət Məmmədli müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biridir, qadın şairlərimiz arasında öz fərdi dəst-xətti, yazı manerası və poetik düşüncə tərzi ilə seçilə bilir. Onun poeziyasında həyatın, yaşadığımız zamanın ahəngini, bir qadın dünyasının sevincini, qəmini, dünyaya, insanlara, təbiətə sevgisini və təbii ki, azərbaycançılıq duyğularını, vətəndaşlıq mövqeyini hiss edir, görürük. O, həm də fəal publisist və ictimaiyyətçidir, yaddaşımızın abidəsi olan «Azərbaycan Respublikası Xatirə Kitabı»nın baş redaktorudur, Azərbaycan oxucuları arasında populyarlıq qazanan «Yada düşdü» jurnalının da baş redaktorudur. Təbii ki, Nəzakət Məmmədlinin həm poeziyası, həm də jurnalist və naşirlik fəaliyyəti tənqidçi və ədəbiyyatşünasların, qələm yoldaşlarının diqqətini cəlb etmiş, onun yaradıcılığı və şeirlər kitabları haqqında məqalələr, resenziyalar çap edilmişdir. Bu sətirlərin müəllifinin də həmçinin… Bir neçə gün əvvəl isə biz Nəzakət Məmmədlinin yaradıcılığı ilə bağlı iki kitabla tanış olduq. Yazıçı, elmlər doktoru Allahverdi Eminovun «Nəzakət Məmmədlinin yaradıcılıq yolu» və şair, tədqiqatçı Hikmət Məlikzadənin «Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları» kitabları Nəzakət xanıma ədəbi ictimaiyyətin daha geniş çevrədə maraq göstərdiyini sübut edir.
Nəzakət Məmmədli “Köhnəliyin xiffət” şeirlər kitabı ilə oxucuların görüşünə gəlib. Bu onun yeddinci kitabıdır. Şair Rəfail Tağızadə kitaba “Təbəssümün gizlətdikləri”adlı ön söz yazıb.
Nəzakət Məmmədlinin ilk şeirlər kitabı “Ömrüm” adlanır. O kitaba ünlü şairimiz Musa Yaqub ön söz yazıb. Musa müəllim o zaman gənc şairə xeyir-dua verib: “Nəzakətin şeirlərini həqqi hislərin, yaşanmış duyğuların sözlə şəkilmiş ifadəsi adlandırmaq olar... Çox yaxşı haldır ki Nəzakətin şeirləri saxtalıqdan, pafosdan, quru ehkamlardan, cansıxıcı motivlərdən uzaqdır, təbiidir. Bu da onun ruhunun icəliyindən, bədii zövqünün rənga-rəngliyindən xəbər verir”.
Nəzakət Məmmədli ustad şairin bu xeyr-duasını heç vaxt unutmayıb və yeni şeirlər kitabında da bir şair kimi poetik inkişafda olduğunu sübuta yetirir.
Nəzakətin şeirləri bir qadın – ana qəlbinin kövrək, zərif duyğularını ifadə edir. Onun bir çox şeirlərində sən kədər hiss ilə qarşılaşırsan.
Ancaq biz Nəzakəti sırf kədər şairi kimi təqdim etmək fikrində deyilik. Kədər var onun şeirlərində, amma bu kədər qaranlığa, işıqsızlığa, pessimizmə aparıb çıxarmır. Hər bir kədər, qəm həm həyatın, gerçəkliyin, yaşadığın mühitin özündən doğur, həm də şəxsi yaşantılarından. Bunlar təbii ki, insan həyatında izlər buraxır, amma şair bu qəmlərin içində gərək itib-batmasın, üzünü işığa tutsun. Məsələn, biz Azərbaycan uğrunda şəhid gedən oğullarımızı dönə-dönə yad edirik, onları unutmuruq, ancaq bu şəhidliyi qəhrəmanlıq kimi dərk edirik. «Şəhidim» şeirində olduğu kimi:
Yaman narahatdır ruhum, bilirəm,
Durur qisa günün hələ, şəhidim.
Torpaq qan içində, düşmən əlində,
Dağın göz dağıdır elə, şəhidim.
Yalana dönüğdü mənim gerçəyim,
Solub düymə-düymə gülüm-çiçəyim.
Analar açmayıb qara ləçəyin,
Göz yaşı dönübdür selə, şəhidim.
Nə qədər ağrın var, ağrınla varam,
Yaramdı köksünün altdakı yaran.
Sən göydən enəsən, mən burdan duram,
Gələ zəfər günü gələ, şəhidim.
Nəzakətin «Vətən, bizi bağışlama», «Haqqa qovuşduran şəhid zirvəsi», «Yurd həsrəti», «Həsrətəm», «Zabit anasıyam mən!» şeirlərində ifadə olunan həqiqət budur ki, yurd itkisindən doğan həsrət sona yetməlidir, yoxsa Vətən bizi bağışlamaz, bəsdir daha analar şəhid balalarının qəbrinə layla çalırlar. Axı, yüz il əkilməyən torpağımızın köksündə sızlayan kotan dərdi var», axı, «Qarabağ qalıbdı boynu bükülü Yatmış vicdanların qeyrət dərdi var».
Onun yeni şeirlər kitabında vətənpərvərlik mövzusu mən deyərdim ki, birinci sırada durur. Baxın:
Torpaq deyil, Vətəndir bu,
Çınqılı, daşı doğmadı
Atamnan, babamdan qalıb,
Alın qırışı doğmadı.
Səssiz haraylar görünür,
Uca saraylar görünün,
Çox illər, aylar görünür,
Gözünün yaşı doğmadı.
Könlünə Qarabağ düşüb,
Baxmaqdan gözə ağ düşüb,
Ümüddən yüz yarpaq düşüb,
Payızı, qışı doğmadı.
Nəzakətin Qarabağla, müharibə ilə, şəhidlərlə bağlı şeirləri də onun vətənpərvərlik hisslərinin poetik ifadələridir. (öncə bu şeirlərin adlarını çəkdik). O, şəhid analarına da bir neçə şeir həsr edib, müharibədə həlak olan döyüşçülərə də. Amma Şuşa azad ediləndən sonar yazdığı şeirlər də bir Azərbaycan qadınının sevincini qürur hissini ifadə edir. Baxın:
Gedirəm Şuşaya zəfər yoluyla,
Sevinc yaşıdır gözümün yaşı.
Həsrət ağrısına məlhəm olubdur,
Sağalıb Vətənin sinə dağları.
Üzü xınalanıb şəhid qanıyla,
Tanrı dualıdır Şuşa dağları.
Gedirəm bir misra muşduluq alam,
Öpüm, Xan qızının gözündən öpüm.
Boyun çox ucadır, deyirəm əsgər,
Anayam, bir əyil, üzündən öpüm.
Nəzakət həm də gözəl təbiət şeirlərinin müəllifidir.
Ümumiyyətlə, Nəzakət xanımın şeirlərində təbiətlə insan bir vəhdət kimi diqqəti cəlb edir. Vaxtilə, biz onun «Payız» şeirini təqdir etmişdik. Bu şeirdə payızla insan ömrü arasında bir assosiasiya yaradılırdı: «Düşüb yol gedirəm tale boyunca, Hər yanda önümə çıxır bu payız. Bacımın ağaran telindən düşür, Anamın qəbrindən baxır bu payız». Onun yeni yazdığı «Yağış» şeiri də həmin yolun davamıdır: «Yağ, ey yağış, aramla yağ…Səndən qaçıb çətir altda gizlənsinlər. Sevgi dolu pıçıltında Gülə-gülə ərisinlər…Selə dönüb fəlakəti gətirmə sən. Aramla yağ, qoy nazlansın yasəmənlər, Gəlişinlə bayram etsin göy süsənlər. Səndən alsın ilhamını Şəlalələr, dağ çayları».
Onun şeir kitablarında bir sıra ithaf şeirləri də var və əlbəttə, onların hər biri onun şəxsən tanıdığı, ünsiyyət bağladığı insanlara həsr edilib. Ancaq bu ithaf şeirlərini sadəcə «ithaf» (mədh) kimi qəbul etmək olmaz.Anasına və bacısına həsr etdiyi şeirlər daha təsirlidir. Xüsusilə, «Darıxıram, ay ana» şeiri. Bu şeirdə bir Ana obrazı yaradılıb ki, təkcə bir ananın yox, ümumən bütün anaların ümumiləşmiş surətini görürük:
Əllərinə toxunsam. Dərdim çıxar yadımdan,
Dönüb uşaq olaram, yüyürərəm üstünə.
Sənə heyran olaram, sənə qurban olaram,
Düşərəm mən analı günlərimin sehrinə.
Necə həsrət qalmışam əllərinin mehrinə,
Öpərəm, oxşayaram tellərindən birbəbir,
Ətirli nəfəsinlə mənə dünyanı gətir.
O xoş, o gözəl anlar düşər yenə yadıma,
Darıxıram, ay ana.
Bir istedadlı şair-jurnalist vardı-Alim Məhərrəmli. Təəssüf ki, həyatdan vaxtsız getdi. Şeirləri təzə-təzə geniş oxucu auditoriyasına yol tapırdı. Hiss olunurdu ki, axtarışlar aparır və bu axtarışlar əksər hallarda uğurla başa çatırdı. Amma qəfil ölüm onu bizim sıralarımızdan ayırdı. Nəzakət xanım bu ölümü sakit qarşılamadı, dost və qardaş bildiyi Alimin ölümünə nisgilli bir şeir həsr elədi:
Dünya çox incidə bilərdi səni,
Bəlkə düz etmisən, çıxıb getmisən.
Qısa bir ömürlə sınadı səni,
Yoxsa bu dünyanı yıxıb getmisən?
Havanı çaldılar, düşdün oyuna,
Fələk yaman saldı səni toruna.
Oynayan olmayıb yoxsa toyuna.
Bu dərd ürəyini sıxıb, getmisən.
Alim Məhərrəmlini yaxşı tanıyanlar bu şeirdə onun nakam ömrünün obrazını görəcəklər.
Nəzakət xanımın ömür qatarı, daha doğrusu poeziya qatarı dayanmayıb, yol gedir və fikrimizcə, gələn şeir kitablarında bu qatarın daha sürəkli, sürətli gedişinin şahidi olacayıq. Qoy həmişə bu misralar gözləri qarşısından çəkilməsin:
Zamanı incidiö, qovan dünyanı
Qorusun gözəllik, məhəbbət, istək.
Nə olar, dünyanı möcüzə bilək,
Nə olar, həyatı möcüzə bilək.
Bu möcüzəni biz onun yeni şeirlərində də görəcəyik