Kuklaçılar beynəlxalq festivala gedir

Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalına gedir. Budəfəki ünvan dost Qazaxıstan Respublikasıdır.
Belə ki, 20-26 may 2025-ci il tarixlərində qardaş ölkənin Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalı baş tutacaq.
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Almatı Dövlət Akademik Koreya Musiqili Komediya Teatrı bazasında artıq yeddincisi reallaşacaq festival nəinki türkdilli ölkələrdə ümumilikdə beynəlxalq teatr mühitində böyük nüfuza malikdir.
Festivalın münsiflər heyətində Qazaxıstan və qonşu ölkələrdən teatr mütəxəssisləri ilə yanaşı, dünya kukla teatrı sferasında seçilən peşəkarlar təmsil olunurlar.
Tədbirin tarixinə nəzər salsaq, öncəki illərdə hər dəfə müxtəlif ölkələrdən 15-dən artıq teatr və onlarla teatr mütəxəssisinin təmsil olunduğunu görürük.
Nominasiyalı festivalda qaliblər “Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor işi”, “Ən yaxşı rəssam işi” və “Ən yaxşı musiqi tərtibatı” üzrə təltif olunacaqlar.
Nüfuzlu teatr bayramında ölkəmiz Azərbaycan Dövlət Kukla Teatrı repertuarında özünə möhkəm yer tutan “Melisa” tamaşası ilə iştirak edəcək.
Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.
Birhissəli uşaq tamaşasında obrazları Səriyyə Mansurova, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.
Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt tükənməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır.
İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağı günü gözləyir. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.
Melisa (gəlincik) və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. O, təkcə gəlincik deyil, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. Tamaşaçını inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər...
Xatırladaq ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə 10 nəfərdən ibarət heyət bu beynəlxalq səfərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edəcək.
Digər Xəbərlər

Bu gün IX Muğam Televiziya Müsabiqəsi başlayır

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTOLAR

GƏNCLƏRLƏ GÖRÜŞ

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR + YENİLƏNİB

Bakı Xoreoqrafiya Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

Onlara Prezidentin mükafatı veriləcək
