24 Iyul 2024 10:29
562
MEDİA

"Layihəmizin keyfiyyətli icrası dövlətin yanında olmaq borcumuzun sübutudur"

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrasına artıq 2 aydır   başlayıb.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova saytımıza  bildirir ki, layihə Bakı şəhərində icra ediləcək. Behbudova səbəb olaraq qeyd etdi ki,  itkin düşmüş ailələrin üzvləri Bakı şəhərində daha çox yaşayırlar:" Layihənin məqsədi BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması və itkin düşmüş şəxslərin fundamental hüquqlarının qorumasıdır. Layihə Ermənistanın azərbaycanlılara qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş kimi qeydə alınan Azərbaycan Respublikası vətəndaşları haqqında, məlumatların daha çox həcmdə və məhz itkin düşənlərin ailə üzvlərini birləşdirən, onlar tərəfindən yaradılan ictimai birlik tərəfindən göstərilməsini, BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) mexanizmindən səmərəli istifadə olunması gözlənilir".

Məlumat üçün bildirək ki, BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupu ilə kommunikasiyanın qurulması bütün şəxslərin məcburi itkin düşməsindən müdafiəsi haqqında Bəyannamənin həyata keçirilməsində maneələrin aradan qaldırılmasında dövlətlərə kömək etməklə qabaqlayıcı rol oynayır. Hazırlanaraq ğöndərilmiş muraciətlər BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun itkin düşmüş azərbaycanlılar haqqında məlumatlandırmanın miqyasını artırılacaq.

BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupuna(ZQİİQ) müraciətlər göndəriləcək və müraciət forması ingilis dilində yazılacaq. Burada məqsəd eyni zamanda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemlərin xüsusilədə itkin düşmüş şəxslər məsələsinin Beynəlxalq İctimaiyyətin diqqətinə çatdırılmasıdır.

Burda əlavə məlumat Ermənistanin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3890 nəfər itkin düşmüş səxs kimi Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qeydiyyata alınıb. Onlardan 3171 nəfərini hərbiçilər, 719 nəfərini mülki şəxslər, 3623 nəfərini kişilər, 267 nəfərini qadınlar təşkil edir. İtkin düşən mülki şəxslər arasında 71 nəfər uşaq, 326 nəfər qoca var.

Birliyin sədri ondu da vurğuladı ki, hazırda azad edilmiş ərazilərdə surətli və keyfiyyətli şəkildə bərpa quruculuq işləri davam etdirilir:"  Bu zaman yolların, kommunikasiya xətlərinin çəkilməsi zamanı qazıntı işləri aparılır. Həmin ərazilərdə  insan qalıqları aşkar edilir. Rəsmi mənbələr bildirir ki,  Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarından ibarət qrup hadisə yerinə ezam olunmaqla işlərin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edirlər. Buna misal olaraq Xocalı rayonu ərazisində 2024-cü ilin fevral, mart və aprel aylarında kütləvi məzarlıqların aşkar edilməsini misal göstərmək olar. 2024-cü ilin iyul ayına olan məlumata görə, hazırda 76 itkin şəhidin qalıqları tapılaraq dəfn edilib. Bu çətin və məsuliyyətli işdə dövlətin yanında olmaq hamımızın borcudur".

 "“İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsi keyfiyyətlə yerinə yetirilir. Təşkilatın veb saytı (itkin.az) layihə çərçivəsində təkmilləşdiriləcək və görülən işlərin davamlılığı təmin ediləcəkdir. Veb səhifədə ayrıca itkin düşmüş şəxslərlə bağlı bölmələr də genişlənəcək. Layihə çərçivəsində görülmuş işlər, yazılmış müraciətlər həmin bölmədə öz əksini tapacaqdır. Təşkilat layihənin icrası zamanı bu layihənin davamı olaraq müxtəlif layihələrlə digər donor təşkilatlara müraciət edəcək" - deyə birliyin sədri Könül xanım fikrini yekunlaşdırdı.

 Əntiqə Rəşid