adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Mart 2023 14:06
2161
MÜSAHİBƏ

Mayor Azər Həmid:" Ermənilərin öz artilleriyası ilə mövqelərini vurmaq, zövqverici məqam idi"

Əziz oxucularımız, bu gün sizi bir qəhrəmanımızla tanış edəcəyik. Düzünü deyim, çox təəssüf etdim ki, indiyə qədər onunla heç kim maraqlanmayıb. İnternet üzərindən axtarış etdim onun haqqında 1 cümləlik belə bir yazıya rast gəlmədim!

Tanıdıqca siz də onunla qürur duyacağınıza, fəxr edəcəyinizə əminəm!Aprel döyüşlərinin və vətən müharibəsinin iştirakçısı mayor, qazi Azər Həmidlə söhbətimizə başlayırıq.

-Cənab mayor, söhbətə başlamamışdan əvvəl özünüz haqqında qısa bir məlumat verin...


- 1983-cü ildə Ucar rayonunun Müsüslü kəndində anadan olmuşam. Orta təhsilimi də rayonda almışam. Nizamlı-intizamlı, əlaçı şagird idim.

- Ağlınız kəsəndən, dünyanı anlayandan gördünüz ki, Azərbaycanın Qarabağ adlı böyük bir problemi var. Müharibələr, ölüm, qan, təcavüz, köçkünçülük...Dünyanın belə bir zamanında necə oldu ki, hərb sahəsini, hərbçi olmağı seçdiniz?

-Düzü bilmirəm, hərb məni seçdi, yoxsa, mən hərb sahəsini seçdim. Hələ uşaq yaşlarımdan ən çox sevdiyim oyun “düşmən-düşmən” oyunu olub . 2 dəstəyə ayrılıb, gizlənirdik. Bir-birimizi görəndə məftildən düzəltiyimiz “tapaça”ilə “atəş”açırdıq. Kim birinci “tak” dedisə o “düşmən”i “öldürmüş” olurdu. Elə o vaxtdan başladım belə oyunlarda “komandir” olmağa (gülür). Böyüdükcə, silahlara meyilləndim, onların təyinatı, təsnifatı haqqında materiallar tapıb oxuyurdum. Həmyaşıdlarım məndən fərqli olaraq sürücülüyə, avtomobil idarə etməyə həvəsli idilər. Mən böyüdükcə mənimlə bərabər “komandir”liyimdə içimdə böyüdü.

- Valideynləriniz “dünyadan qan axan” bir zamanda hərbçi olmağınıza mane olmadılar?

- Məktəbdə əlaçı olmuşam, nizam-intizamım yerində olub. Bununla yanaşı ailəmizin də təsərrüfat işlərinə kömək edirdim, nə iş buyursalar, “yox” demirdim. Valideynlərimin gözündə “ağıllı bala” imici qazanmışdım. Mən “hərbçi olacağam” deyəndə istəyimə qarşı çıxmadılar. Hətta xeyir-dua verdilər ki, uğur olsun.



-Təhsil illəri başladı...

- 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə oxudum. 2001- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin “Yerüstü Artilleriya” ixtisasına daxil oldum. 2005-də məzun oldum . “İnzibati İdarəetmə Mühəndisi”isə mülki ixtisasım idi. 2006-cı ildə hərbi xidmətə başladım.

- Hansı bölgələrdə?

-Qazax rayonundan Ağdam rayonuna qədər bütün cəbhə boyu xidmət etmişəm. 16 il...

-Heç elə olub ki, bu sahəni seçdiyinizə görə, peşmançılıq keçirəsiniz?
 

- Bilirsiniz, vətənin əsgəri olan, zabit olmağı seçənlər bilir, “zabit şərəfi” deyə bir termin var, (mən o “zabit şərəfi”nə hiss deyirəm)Hansısa bir sənətdən imtina eləmək təbii bir prosesdir, amma bu sahəni atmaq zabit şərəfinə uyğun deyil! İçindəki o şərəf hissi buna imkan vermir. Əlavə onu da deyim ki, hərbdən getmək, elə bir erməninin qabağından qaçmaq kimi birşeydi. Adım kimi əminəm ki, Azərbaycan ordusunun heç bir zabiti bu sahədən uzaqlaşmaz və uzaqlaşmayıb. Yaralanana qədər, şəhid olan saniyəyə qədər bütün şərəfi ilə erməninin qarşısında vüqarla durub. Sizə maraqlı bir şey deyim: xidmətə başladığım gündən , ermənilərin hər zaman təxribatlar törətdiyinin , atəşkəsi pozduğunun, mövqelərimizə, əsgərlərimizə atəş açıb sonra qaçıb getdiyini görürdüm. Bir dəfə ortaya çıxıb axıra qədər döyüşdüklərini, mübarizə apardıqlarını görmədim. Sicovul kimi qəflətən görünürdülər, atəş açıb qaçırdılar.


- Deyirsiniz ki, düşmən zabitində zabit şərəfinə rast gəlmədiniz...



-Sahəmizlə bağlı tarixi mənbələr oxuyurdum, ermənilərlə bağlı əyani vəsaitlər mütaliə edirdim. Faşist Njdedən tutmuş general-terrorist Andranik Ozanyan, Amazasp Srvantsyan, Stepan Lalayan, Gavriyil Karaoğlanov qarşı tərəfin kişiləri ilə vuruşmağı deyil, qadınları, uşaqları, qocaları, xəstələri kütləvi şəkildə məhv etməyi qarşısına məqsəd qoyublar. Onlardan sonrakı nəsil də: Ohonyan da, Samvel Karapetyan da, Monte Melkonyan da, Valeri Balasanyan da, Pavlik Manukyan da eyni işə imza atıblar. Xocalı soyqırımı dediyimə misaldı.”Zabit şərəfi” bu toplumun yetişdirmələrində yoxdu. Heç eşitmisinizmi, bir azərbaycanlı yaxud hərbçisi ermənilərin uşağına , qadınına, xəstəsinə, qocasına əl qaldırsın? Yox, olmayıb. Sonralar analiz elədim ki, “zabit şərəfi” zabit olandan sonra adama verilmir. Şərəf insanın genində, damalarında, qanında olmalıdır. Qənaətim: Şərəf bu topluma məxsus deyil!8 yaşında, çəmənlikdən çiçək toplayan uşağa snayper tuşlayacaq, onu qətl edəcək dərəcədə şərəfsiz!

-Atəşkəs dövründə siçovul kimi qəflətən görünüb, qəflətən əsgərlərimizi atəş açıb qaçan erməni əsgərləri o illərdə də Azərbaycan vətəndaşlarının qəzəbini, hiddətini qazanmışdı.

- Bəli, dünyanın hər yerində tərəfkeşləri, himayədarları olduğuna görə, belə namərdlikləri çox olurdu. Hər gün arzu edirdik ki, müharibə olsun, xalqımıza dərd üstündən dərd verən bu vəhşilərin dərsini verək.

- Elə o arada Aprel müharibəsi başladı...

- Hərb tariximizə “Dördgünlük müharibə” kimi düşən bu döyüşlərdə Azərbaycan artilleriyasının gücünü düşmən tərəf kifayət qədər anladı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olundu. Ordumuzun üstünlüyü danılmazdı. Bizim briqadamızın da bu döyüşdə xususi xidməti olması artilleriyaçılara qürur verirdi. Çox təəsüf ki, 5-ci gün atəşkəs elan olundu. Hesab edirəm işimizi sona çatdıra bilmədik.

- Amma çox gözləmədiniz...

- 4 il azdır?

- Müharibənin başlandığını necə bildiniz?

- Tovuz döyüşlərindən sonra müharibəyə ciddi hazırlıq gedirdi. Ordu təlimlərə başlamışdı. Xüsusən artilleriya qurğularının mövqelərinin bərkidilməsi, kamflyajı diqqətlə aparılırdı. Elə ilk zərbə artilleriya ilə başladı. Mən müharibəyə Talış-Suqovuşan tərəfdən artilleriya rəisinin baş köməkçisi olaraq başladım. İnanırsınız, sanki yerlə göy birləşirdi. Deməli, sentyabrın 27-dən 28-nə keçən gecə saat 2-3 radələrində düşmənin 5 avtomobil texnikası Ağ Uçuq deyilən yerdən Talışkənd istiqamətində əks hücum təşkil etmək üçün şəxsi heyət aparırdı. Artilleriya divizionunun və minaatan batareyaların topladılmış atəşləri ilə gəlməklərinə peşiman elədik. Gecə qayıda bilmədilər. 28-də- səhər saat 10 radələrində sağ qalanlar qaçıb geri çəkilməyə cəhd elədilər. Artilleriya bölmələrimizin sərrast atəşləri ilə onların 1 UAZ markalı avtomobilini, içində alay komandiri və onun qərargah rəisi olmaqla, şəxsi heyətlə dolu 1 kamaz avtomobilini, həmçinin 100-dən çox piyada qaçan hərbçilərini məhv etdik.



- Ən yaddaqalan döyüşünüz...

- Oktyabrın 5-də düşmənin tərk etmədiyi mövqelərinə girməyi planlaşdırdıq. Orada “ D-30 haubitsa”larını (Maksimum atəş məsafəsi 15.4 km-dir) məhv etməli idik. Mənimlə bərabər kapitan Əhmədov Rəşid, gizir Rzayev Daşqın, gizir Baxşəliyev Cahid, MAHHXHQ Abdullayev Rəvan, əsgər Eldarov Eldar olmaqla getdik. Düşmənin 5-6 əsgəri vardı topların yanında, onlar da bizi görən kimi heç bir güllə atmadan qaçdılar. “ D-30 haubitsa”ların yönünü çevirdik erməni mövqelərinə tərəf. Öz toplarından öz mövqelərinə 10 mərmi atəş açdıq, düşmən çaşqınlıq içindəydi. Elə bilirdilər atəş bizim ordunun mövqelərindən açılır. Onlar başa düşəndə ki, onlara atəş öz mövqelərindən açılır, artıq onlar üçün gec idi.

Hadisə ermənilərə elə ağır təsir bağışlamışdı ki, oktyabr ayının 15-də Ağdərədən Suqovuşana əks hücum planlamışdılar. Mən duyuq düşdüm. Bizim qüvvələr Suqovuşanda yaşayış binalarının arasında oturub dincəlirdilər. Həmin vaxtı hamı arxayın oturmuşdu. Birdən “BUSSOL”dan (məsafəni yaxınlaşdıran cihazdı) baxanda onların hücuma keçdiyini gördüm. Bizim artilleriya bölmələrini rabitəylə çağırıb düşmənin zirehli texnikalarının kalonunun 1-ci və axırıncı 6-cı tankını dəqiq atəşlə vurduq. Bundan sonra digər vasitələrlə qaçmağa cəhd eləyən qüvvələrini məhv etdik. Hər dəfə zərbələrimiz hədəfə dəyəndə heyətimizin sevinc bağırtıları göyə qalxırdı. Neçə illərdi, bu günü gözləyirdik, xocalıllıların üzünə baxmağa cəsarətimiz çatmırdı. İndi içi heyətlə dolu Kamazı vuranda, düşmən əsgərini məhv edəndə sevincdən səsim oraları götürürdü. Onsuzda işimiz elə idi ki, səs bizə lazım olurdu. ( Gülür) Amma Azərbaycan Ordusunun üstünlüyü bizi həvəsləndirirdi. Qışdırırdım: Bu Kamaz Xocalının hayıfı, bu vurduğumuz əsgər ermənilərin snayperlə vurub öldürdüyü 8 yaşlı uşağın qisası, bu 2 yaşlı Zəhranın qisası, bu Şuşa səmasında qız-gəlinlə dolu vertalyotu partlatmağınızın qisası...


- Harda yaralandınız?

- Suqovuşanda, 16 oktyabr da...

- Hospitalda neçə gün yatdınız?

- Nə hospital? (Gülür) . Ayağımdan yaralanmışdım, amma mərmi ayağımı da aparsaydı hospitala gedəsi deyildim. Qalibiyyətimizdən aldığım zövqü heç nəyə dəyişə bilməzdim. Yaramı sarıtdırıb, yenidən savaşa girdim. Zövq alırdım zövq...(gülür)

- Siz danışdıqca o günləri yaşayırsınız, sevinciniz simanıza vurur, inanırsınız, sizinlə bərabər mən də özümü orda hiss edirəm, sevinciniz mənə də sirayət edir. O, təkrarolunmaz anları yaşayıram, zövq alıram. “Zövq verən” məqamlardan birini də danışın....

- Hələ yaralanmamışdan əvvəl 10 oktyabrda- gecə saat 2-3 radələri idi. Gecə görmə cihazı ilə ətrafı nəzərdən keçirirdim. Bizim mövqelərə lap yaxın yerdə - 530 nömrəli yüksəklik istiqamətində hərəkətlənmə hiss etdim. Səhv etməmişdim. Təxminən 100-dən çox piyada düşmən qüvvələri və muzdlu döyüşçülər hücuma keçmək üçün irəliləyirdi. Bunu görməyimlə ani qərarla hücum əməliyyatı planladım: Düşmən 530 nömrəli yüksəkliyə cəmi 1-2 dəqiqəyə çatır,bu 1 dəqiqə müddətində kordinantları dəqiqləşdirdim, atəş xəttini planladım:ATƏŞ əmrini verdim. (gülür)

- Nə oldu orda?

-Təsəvvür edin: düşmən hesab edir ki, onlar aşkar edilməyib və rahat gəlib döyüş planını həyata keçirib, xoşbəxt olacaqlar! Elə bu dəm artilleriyamızın yağdırdığı “yağış”a düşürlər. Salamat qalma ehtimal sıfır... Həmin atəş Tərtər- Suqovşan cəbhəsində düşmənin belini qırdı. Sonra uğur üstündən uğur!Döyüşlərdəki fəaliyyətimə və maneələri peşəkarcasına dəf etdiyimə görə adım 3 dəfə “Azərbaycan Bayrağı” ordeninə görə nazirliyə getdi, amma bu günə qədər nə bir cavab var, nə bir göstəriş… Artıq 3 ildir gözüm yoldadır…

- Burda maraqlı fotolar da var..

-Baxın, o günlərimin hamısı mənə çox əzizdir. Fotolar  Suqovuşan tərəfdə çəkilib. Su anbarının sağ sahilidir . Burda briqadanın rəisi olaraq silahdaşlarımı qorumaq boynumun borcu idi.Bu fotoddakı igidləri görürsünüz? Hər biri üçün canımı qurban verərəm...


- Əlimdən gəldiyi qədər xalqımın qisasını aldım. Torpaqlarımızın böyük bir hissəsi artıq bizim nəzarətimizdədir. Böyük bir qələbə yaşadıq! “Suqovuşanın azad olunmasına görə” və “ İgidliyə görə “medalları ilə təltif edilmişəm. Səhhətim, yaralarım imkan vermir ki, davam edim. 2022-ci ilin yanvar ayından öz istəyimlə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışam. Amma hələ də dostlarımı , silahdaşlarımı itirdiyimi qəbul edə bilmirəm. Yeganə təsəllim odur ki, dostlarım da, mən də bu müqəddəs yolda şəhid olmağı arzulamışıq!Şəhidlər isə heç zaman ölmür! Mənim üçün onlar həm qardaşlarım, həm əqidə yoldaşlarım, həm zabit həmkarlarım, həm də şəhidlərimdi. Ölən günə qədər heç birinin o nurlu simasını unutmayacağam.

- Cənab mayor, sizə uğurlar diləyirəm!

P.S. Allah sizin kimi igidlərimiz qorusun! Xoşbəxt olmağı haqq etmisiniz! Bir daha xoşbəxt olun!

Söhbətləşdi : Əntiqə Rəşid