17 Dekabr 2024 09:50
618
MEDİA

Media savadlılığının artırılması günümüzün ən aktual mövzuları sırasındadır - Ekspert

Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. Analitik mərkəzlər qeyd edirlər ki, indi hər gün dünyada təsəvvür edilməz səviyyədə, təqribən 2,5 kvintilyon bayt həcmində məlumat yaradılır və yayılır. İnsanlar hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görür və dinləyirlər. Həmçinin cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Yəni, xəbər, məlumat emalı günümüzün ayrılmaz bir parçasıdır.

Bu sözləri mətbuata açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Media eksperti təəssüflə qeyd edib ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərdən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. Bu baxımdan “saxta xəbər”i, “dezinformasiya”nı “dünya üçün yeni fəlakət” adlandırırlar.

“Bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması zərurəti yaranır. İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin hamısı “media savadlılığı” proqramında ifadə olunur”, - deyə Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Qanunun 10-cu maddəsi ölkə vətəndaşlarının media savadlılığının artırılması yönündə öhdəlikləri müəyyən edir. Buna uyğun olaraq, müxtəlif proqramlar icra olunur, tədbirlər gerçəkləşdirilir.

“Əlamətdar haldır ki, Medianın İnkişafı Agentliyi media savadlılığının artırılması yönündə işlərin səmərəliliyini təmin etmək üçün xüsusi proqram və internet informasiya resursu hazırlayıb. 2023-cü ildə Agentlik tərəfindən “Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhfəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq “Media Savadlılığı” Həftəsi qismində kampaniyalar təşkil edir. Agentliyin media savadlılığının artırılması üzrə proqramları bu cür sistemli şəkildə təşkil etməsi vətəndaşların mövzuya marağını artırır. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır”, - deyə ekspert əlavə edib.