adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 May 2024 09:00
1183
ƏDƏBİYYAT

Məhəmməd Füzulinin 530 illiyi keçirilib - FOTOLAR

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı da bu məqsədlə Kürdəmir Peşə Liseyində ədəbi-bədii yubiley tədbiri keçirmişdir. 

Görkəmli bəstəkar Cahangir Cahangirovun  bəstələdiyi “Füzuli kantatası”   nın sədaları ilə başlayan tədbiri giriş sözü ilə açan N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı  məslis iştirakçılarını salamlamış, dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini yüksək formada öz əsərlərində əks etdirən, Yaxın Şərq xalqlarının bədii idrakının zirvəsi olan, XVI əsr ədəbiyyatının möhtəşəm abidələrini yaradan Məhəmməd Füzulinin hyat və yaradıcılığı haqqında məclis iştirakçılara geniş məlumat vermişdir. 

Tədbirdə Peşə liseyinin direktoru Nurlan Abdullayev çıxış edərək tədbirin qonaqlarını salamladı və dahi şairin yubileyinin liseyin tələbələrinin iştirakı ilə  keçirilməsinin gənclərin milli-mənəvi sərvətlərimizə, klassik irsimizə olan marağını artıracağına əminliyini vurğuladı.

Tədbirdə yazıçı- publisist Əlisəfa Azayev Məhəmməd Füzulinin aforizmlərindən, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli dahi şairin 500 illik yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsini milli-mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğundan, Füzuli irsinin geniş təbliğ olunmasından bəhs etmişlər.

Peşə liseyinin tələbələri Füzuli yaradıcılığından nümunələr səsləndirmişlər. Tədbirin musiqili qonaqları ustad xanəndə Səfalı Əliyev, tarizan Adil Rəhimovun müşaiyyəti ilə şairin qəzəlləri əsasında muğam parçaları ifa etmişdir. Tədbirdə, eyni zamanda, görkəmli bəstəkar Cahangir Cahangirovun “Füzuli kantatası” səsləndirilmiş, şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunmuşdur.