MƏİŞ KİŞİ QƏDİR RÜSTƏMOVU NECƏ PƏRT ELƏDİ? - Aqil ABBAS yazır

AQİL ABBAS
2314 | 2024-09-14 22:00

Məiş kişi Qarabağın ən məşhur  ovçularından  biri idi,  necə deyərlər, quşu gözündən vururdu. Özü də gözü tox ovçu idi. Heç vaxt lazım olandan  artıq ov eləməzdi. Hər ovdan  qayıdanda da məhlədəki  bütün uşaqları yığıb onlara quş ətindən kabab verərdi. 

Bütün nəvələri də Birinci Qarabağ Müharibəsində könüllü olaraq cəbhədə  vuruşurdu. Şəhid olanları  oldu, qazi olanları  oldu.

Milli Qəhrəman Fred Asifin  və 16 yaşında döyüşlərdə  ağır  yaralanan və bu gün də ayağında 4 santimetrlik  qəlpə gəzdirən Hacı Elməddin  Sərdarın babası idi. 

 

Bir gün yenə ovdan gəlib məhlədəki uşaqlara kabab yedirdən zaman darvaza açılır, Qədir Rüstəmov əlində bir qoşalülə girir həyətə.
Qədir peşəkar balıq  ovçusu idi, amma həvəskar quş ovçusu. 

 Məiş kişi onu süfrəyə dəvət edir:

-   Xoş gəlmisən, Qədir, gəl sən də bir tikə ov əti ye. 

Qədir görür ki, hamısı çolma-çocuqdu kabab yeyənlər, gülüb deyir:

- Məiş dayı, mən deyəsən, bir az böyümüşəm axı... Sənə bir işim düşüb ona görə gəlmişəm.

- Buyur.

Qədir əlindəki tüfəngi verir Məiş kişiyə və deyir:

- Bu tüfəngi mənə təzə bağışlayıblar, amma əyri atır.  İstədim ki, bunu düzəldəsən. 

Məiş kişi tüfəngi alır, sökür, diqqətlə lüləsinə baxır və deyir:

- Qədir, bu tüfəngdə heç bir əyrilik yoxdu.

Qədir:

- Məiş dayı, vallah, nə qədər  atıram hamısı əyri gedir, vura  bilmirəm. Bir yaxşı bax.

Məiş kişi bir də tüfəngi sökür, bir də diqqətlə yoxlayır və yenidən  yığıb deyir: 

- Qədir, mən sənə deyirəm ki, bu tüfəngdə əyrilik yoxdu, təmiz tüfəngdi. 

Qədir yenə  razılaşmır. 

Məiş kişi:

- Üstündə  patronun vaar? Çıxart birini  ver mənə.

Qədir cibindən bir patron çıxarıb verir Məiş kişiyə. Məiş kişi tüfəngi doldurur və baxır Xan qızı Natəvanın İmarətdə əkdiyi çinarların başına.  Ən uca çinarın başında təxminən 60-70 metr məsafədə  bir quş görür  və tüfəngi qaldırmaqla  quşu vurur. Və sonra silahı qaytarıb verir Qədir Rüstəmova və gülüb deyir:

- Qədir, nə vaxt məndən xanəndə olsa, səndən də ovçu olar. 

TƏQVİM / ARXİV