Mən necə "xristian" oldum?

CƏLİL CAVANŞİR
51394 | 2013-10-31 00:58
"Yehova şahidləri" adlı sektanın mahiyyətini anlamaq üçün "dinimi dəyişmək" istəyinə düşməli oldum. Azərbaycanda fəaliyyət göstərən, hələ də növbəti dəfə qeydiyyata alınmağını gözləyən "Yehova şahidləri"nin üzvləri ilə əlaqə yarada bildim. Bir günlük də olsa, "Yehova şahidi" olmağa qərar verdim. Ancaq əvvəlcə az da olsa, bu sektanın yaranması və tarixi haqqında.

"Müqəddəs kitab tədqiqatçıları"

Yehova şahidləri (Jehovah:::s Witnesses) dünyanın 236-dan artıq ölkəsində fəaliyyət göstərən, xristian təmayüllü dini təşkilatdır. Təşkilat 1931-ci ilə qədər "Müqəddəs Kitab tədqiqatçıları" adlanıb. Bu gün də bu dini təşkilatın üzvləri özlərini "Müqəddəs kitabın tədqiqatçıları"nda hesab edirlər. Hər bir təşkilat üzvü və ya yeni qəbul edilən üzv "Müqəddəs kitabı" oxumaq, təhlil etmək və təbliğ etmək zorundadır. Əslində, bu məcburiyyət birbaşa tapşırıq və ya göstəriş deyil. Sadəcə, bu təşkilata qoşulan insan getdiyi yolu təbliğ etməyi özünə vacib bilir.
Bu təşkilatı protestant yönümlü, paraxristian yönlü hesab edənlər var. Teoloqların böyük əksəriyyətinə görə "Yehova şahidləri" sektadır. Ancaq bunu qəbul etməyənlər də var. Hər halda, tanış olduğum qədər bu dini təşkilatı sekta (təriqət) hesab etmək daha doğrudur. 2009-cu ilin statistik məlumatlarına görə dünyada bu sektaya inanan 7 milyondan artıq insan var.

Tarixi

"Yehovanın şahidləri"nin tarixi XIX əsrin 70-ci illərində ABŞ-da Çarlz Teyz Rassel tərəfindən əsası qoyulan "Müqəddəs Kitab tədqiqatçıları" ("Bible Students") hərəkatından başlayır. Onların əsas inancları - Üç Üqnumu inkar etməkdir. "Şahidlər" hesab edir ki, 1878-ci ildən İsa Məsih göylərdə padşahlıq edir və buna görə də onlar gözləyirdilər ki, 1914-cü ildə Har-Megidon (ing. Armageddon) başlayacaq. Müqəddəs Kitab tədqiqatçılarının çoxları bu ilə ümid bəsləyirdilər. Gözlənilən hadisələrin baş vermədiyini görəndə, Müqəddəs Kitab tədqiqatçıları düşünməyə başladılar ki, Har-Megidon 1914-cü ilin hadisələrini görən insanların həyatda olduqları zaman baş verəcək.
Bu sektanın başçısı Rasseli yalançı, əxlaqsız və saxtakar hesab edənlər də az deyil.
1931-ci ildə Müqəddəs Kitab tədqiqatçıları müasir - "Yehovanın şahidləri" adını qəbul ediblər. 1935-ci ildə məsihçilərin iki sinfi haqqında təlim qəbul olunmuşdur. Bu təlimə əsasən, məsihçilərin bir hissəsi - 144.000 nəfər - ölümündən sonra "ruhani bədəndə" göylər həyatına dirildiləcəklər və Məsihlə birgə, əvvəlcə göylərdə, böyük məşəqqətdən və Har-Megidondan sonra isə Yer üzünü idarə edəcəklər. Başqa məsihçilər - "böyük izdihama" (sayı məhdud deyil) yenilənmiş Yer üzündə həyat sürəcəklər.
Azərbaycanda "Yehova şahidləri" ilk dəfə 2002-ci ildə qeydiyyatdan keçib və 2010-cu ildən növbəti dəfə qeydiyyatdan keçmək üçün növbə gözləyir.

"Şahid"lərlə ilk tanışlıq

"Yehova şahidləri" ilə tanış olmaq üçün yaradılan beynəlxalq sayta məktub yazdım və Müqəddəs kitab haqqında məlumat almaq istədiyimi bildirdim. Məktub yazılandan bir həftə sonra E. adlı bir nəfər mənə zəng eləyib, "Yehova şahidləri"nin saytına hansı məqsədlə məktub yazdığımı öyrəndi. Dedim ki, ateistəm, ancaq sizin din məni çoxdandı ki, cəlb edir. Çox nəzakətlə danışan E. məni "Əhmədli" metrostansiyası yaxınlığında görüşə dəvət elədi. Görüşə bir gün qalmış S. adlı başqa bir "Yehova şahidi" mənə zəng edib, görüşmək istədiyini bildirdi. Bu dəfə yeri mən təyin elədim: "Elmlər Akademiyası" metrostansiyasının qarşısı.
Saat 15:00 təyin elədiyimiz görüşə təxminən 20 dəqiqə əvvəl gəldim və bir saat "Yehova şahidləri"ni soyuqda, küləyin qabağında gözləməli oldum.
Nəhayət, metronun qarşısında iki "şahid"lə görüş baş tutur. Özünü S. kimi təqdim edən "şahid" gəncdir, səliqəli və ziyalı görkəmi var. Digər "şahid" 65-70 yaşlarında, eynəkli və buxara papaqlı ağsaqqal bir kişidir. Maraqlıdır ki, bu "şahid"in adı Miridir. Bir-birlərinə və mənə "qardaş" deyə müraciət edirlər. Fürsətdən istifadə edib, gənc "şahid"lə zarafat etməyə cəhd edirəm: "Halal olsun, seyidi də xristian eləməyi bacarmısınız".
Hava küləkli və soyuq olsa da, "qardaşlar" məni Hüseyn Cavid parkına dəvət edirlər. Parkda bizdən başqa oturan yoxdur. Soyuqdan dişi-dişinə dəyməsinə baxmayaraq, S. çantasından "Əbədi həyata aparan BİLİK" adlı bir kitab çıxarıb təbliğata başlayır. Əziyyətli təbliğat prosesi və mənim nəzakət xatirinə verdiyim suallar soyuq havada heç birimizi məmnun eləmir. "Qardaşlar" da hərəkət olmadığını görüb onları parkdakı "Çay evi"nə dəvət edirəm. Artıq söhbətimizə çay süfrəsi arxasında davam edirik. Siqaret sümürə-sümürə gənc S. qardaşın söhbətlərini dinləyərəm.
İlk sualım "Yehova şahidləri"nin nə üçün əsgərliyə getməməsi, müharibədən yayınması ilə bağlıdır. Mən sakitcə Qarabağ problemindən və onun fəsadlarından, vətənin müqəddəsliyindən danışıram. S. eyni təmkinlə cavab verir: ""Yehova şahidləri" müharibəyə, zorakılığa, insan ölümünə qarşıdır. Ona görə də bizim üzvlərimiz hərbi xidmətdən və müharibədən imtina edir. Bu dünyanın hər yerində belədir. Ermənistanda da bizim din qardaşlarımız müharibədə iştirak etmir, hərbi xidmətdən imtina edir. Buna görə onlarda da, bizdə də həbs olunanlar var. Bu siyasi bir məsələ deyil, biz hərbi xidmətdən və müharibədə iştirak etməkdən dini inancımıza görə imtina edirik. Biz heç vaxt müharibədə iştirak etməyəcəyik".
Miri qardaşla, S. qardaş bir-birinin sözünü kəsə-kəsə, mənim suallarıma ətraflı cavab verməyə çalışırlar. Hərdən İslam haqqında bilgilərimdən istifadə edib "qardaşları" divara qısnasam da, tezbazar missiyam yadıma düşür və onlara geniş danışmaq üçün şərait yaradıram. Halal-haram, Qiyamət, intihar, müharibə və sair haqqında ciddi suallar verib, "qardaşların" izahatına qulaq asıram. Hərdən solaxay suallarım S.-ni çaşdırsa da, Miri qardaş toxdaqdır. Ancaq təbliğat işi daha yaxşı natiq olan S. qardaşa tapşırıldığından ağsaqqal səbrli davranır. Əhalinin kasıb və imkansız kütləsini daha çox təbliğata cəlb etməkləri ilə bağlı maraqlanıram. S. sakit-sakit gülümsünür. "Bunun heç bir başqa səbəbi yoxdur. Dini kitabda bu barədə ayələr var. Varlı insanlar dünya malına aldanıb və onların müqəddəs işlə məşğul olmağa vaxtları yoxdur. Kasıbların Allah haqqında düşünməyə daha çox vaxtı var. İsa, təbliğatı kasıblar arasında aparmağı tövsiyə edib".
Söhbət qızışdıqca qardaşlar daha şövqlə və inamla danışırlar, mənim məntiqli suallarımdan müvazinətlərini itirsələr də, hazırlıqlı olmaları hiss olunur. Rasselin frıldaqçılığı, Har-Megidonla bağlı yanlış öncəgörmələrlə bağlı verdiyim sualların altından ustalıqla sivişib çıxırlar.
İslama qarşı mövqeləri birmənalıdır. "Bizdən olmayanlar xilas ola bilməyəcəklər".
Azərbaycanda heç kəs onlara mane olmur. Hətta klublarının hansısa polis şöbəsinə yaxın olduğunu öyrənirəm. Ancaq bir saatlıq söhbətimizdən yalnız əsas və maraqlı məqamlarını sizinlə bölüşürəm.

Maraqlı adətlər

- Bizdəki "Yehova şahidləri" də, bayramları, ad günlərini bütpərəstlik hesab edir və heç bir bayram qeyd etmirlər.
- Yehova şahidi boşana bilməz. Müqəddəs Kitab yalnız zina etmiş bir qadını boşamağa icazə verir.
- Başqa dindən olanlarla evlənmək qəbuledilməzdir.
- İçkini sərxoş olana qədər içmək olmaz.
- Tənhalıq Allahın xoşuna gəlmir və tənha qalmaq qəbuledilməzdir.
- Yalnız Allahı mədh edən yazılar yazmaq düzgün hesab edilir. Bədii ədəbiyyat və yaradıcılıq məqbul görülmür.
- Bizdəki "Yehova şahidləri" də, hərbi xidmətə getmir və buna görə həbsə düşənlər var.
- İnsan öləndən sonra həyatının başqa yerdə davam etməsi inkar olunur.
- Ruhlar aləminin mövcudluğu inkar olunur, lakin hesab olunur ki, cinlər ölən insanların cildinə girərək özlərini onların yerinə qoyurlar.
- Qatillik və abort ən böyük cinayətdir.
- Siyasət qadağandır.
- Günah işləmiş "Yehova şahidi" təşkilatdan təcrid olunur və heç bir təşkilat üzvü onunla danışmır. "Yehova şahidləri"ndə heç bir cəza forması yoxdur. Onlar günahkara yox, günaha nifrət edirlər.

Missioner olmayan həmsöhbətlər

Həmsöhbətlərim bacarıqsız missioner deyillər. Təbliğatıyla məşğul olduqları sahəni pis bilmirlər. Ancaq dini biliyi və savadı olan şəxsə qarşı zəif arqumentləri onları xeyli sıxırdı. Lakin mən özümü o yerə qoymadan onlara danışmaq üçün xeyli şərait yaratdım.
Miri qardaş təqaüdçüdür. S. isə Slavyan Universitetinin tələbəsidir. Son kursda oxuyur. Söhbətimizi bitirib onlara təşəkkür edib, çay süfrəsinin hesabını ödəyirəm. "Qardaşlar" mənim hesabı ödəməyimə mane olmurlar. Görünür, onların təbliğat üçün pul xərcləməkləri sadəcə əfsanədir. Ancaq hər ikisi nəzakətlə təşəkkür etməyi unutmurlar. Ayrılanda S. qardaşın Ağdamdan olduğunu da öyrənirəm.
Sabah Qarabağ uğrunda müharibə başlanarsa, onunla eyni səngərdə ola bilmək ehtimalımız sıfırdır. Çünki onların Allahı intiqamı özü alacağını vəd edib. Bəlkə də erməni əsirliyində qohumları və həmyerliləri olan gənc bu "ilahi ədalətə" inanır. Hər halda, onların Allahı əllərindəki silahla məhv ediləcəkləri ilə onları möhkəm qorxudub.
Növbəti həftə üçün görüşməyi planlaşdırıb sağollaşırıq. Onların baxışlarından hələ də məni "haqq yola" çəkə biləcəklərinə sonsuz inam görürəm.

Cəlil Cavanşir

TƏQVİM / ARXİV