Mərkəzi Asiya ölkələri ilə perspektivli körpü
Prezident İlham Əliyev: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır”
Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əlaqələrinin tarixi qədim dövrlərə gedib çıxır. Qədimdən bu vaxta kimi Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Qərblə əlaqələrin yaradılmasında körpü olub. Ayrıca Mərkəzi Asiya ölkələri ilə Azərbaycanı eyni soy kök bağlayır. Həmçinin bu regionun bir çox ölkələri ilə adət-ənənə birliyimiz var. Prezident İlham Əliyev cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışında məhz bu tarixi və mədəni əlaqələrə toxunub: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir”.
Tarixən Mərkəzi Asiya ölkələrinin ticarət marşrutu Azərbaycandan keçib. Qədim İpək Yolu bu baxımdan əyani nümunədir. Diqqət çəkən məqam isə cənab Prezidentin çıxışında “Rəqəmsal İpək Yolu” layihəsini vurğulamasıdır. Dövlətimizin başçısının “Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir” deməsi Mərkəzi Asiya ölkələri arasında virtual bağlılığın və ticarətin daha da güclənəcəyindən xəbər verir.
Bu gün də Azərbaycan Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu oynayır. Cənab Prezidentin dediyi kimi, daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. “Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan istər avtomobil yolu, istərsə də dəmiryolu qovşağı baxımdan bu imkanlara sahibdir. Bu haqda da cənab Prezident danışaraq qeyd edib ki, nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur: “Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.
Ayrıca dəniz limanı baxımından da Azərbaycan bu region üçün əlverişli imkanlara sahib ölkədir. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir: “Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”.
Bütün bunlarla yanaşı, Azərbaycan geosiyasi və iqtisadi baxımdan da Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş ölkədir. Azərbaycanın iqtisadi baxımdan artan gücü Mərkəzi Asiya ölkələrini də cəlb edir. Bu baxımdan bu region ölkələri Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlıqda maraqlıdırlar. Və buna görə də əksər Mərkəzi Asiya ölkələri Azərbaycanla ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün təklif və təşəbbüslərlə çıxış edirlər. Əlbəttə ki, Azərbaycan bu çağırışlara ölkələrarası münasibətlər səviyyəsində hər zaman müsbət reaksiya verir. Elə Prezident İlham Əliyev də bir daha çıxışında Mərkəzi Asiya ölkələri üçün perspektivli layihələri xatırladıb: “Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır”.
Cənab Prezidentin Düşənbədəki çıxışından göründüyü kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən formada əməkdaşlığa açıqdır. Azərbaycan hər zaman olduğu kimi ölkələrarası münasibətlərdə etibarlı tərəfdaşlığa üstünlük verir. Bu, Azərbaycanın dünyadan artıq ən önəmli üstünlüyüdür. Çünki, bir çox dünya liderləri öz çıxışlarında Azərbaycanın etibarlı strateji tərəfdaş ölkə olmasını xüsusi vurğulayırlar. Bununla ölkəmizin məhz Prezident İlham Əliyevin simasında dünyada çox böyük müsbət imici formalaşıb.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının
müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent