10 May 2025 12:08
106
ƏDƏBİYYAT

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ 

“Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 8-də paytaxtdakı 336 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin bu dəfəki qonağı millət vəkili, yazıçı Aqil Abbas olub.

Tədbir dövlət himni ilə başlayıb, ardınca şəhidlərin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Sonra isə millət vəkilinin çıxışı ilə  tədbir davam edib. O, bu görüşə millət vəkili kimi yox, daha çox yazıçı kimi gəldiyini söyləyib:

“İlk olaraq diqqətimi çəkən bilirsiniz nə oldu? Burda Dövlət himni səslənən zaman məktəbəlilər himni özləri oxudular. Bu çox gözəldir. Burdan sizin səsinizi eşitdim. Buna görə sizə və müəllimlərinizə təşəkkür edirəm. Mən də müəllim işləmişəm. Bilirəm ki, müəllim çox əziyyətli peşədir. Müəllim işləyəndə gördüm ki, əsəblərim üçün bu peşə mənə uyğun deyil. Həm də mən yazıçı idim, jurnalist idim axı. Qəzeti də çox sevirdim. Ona görə bu sahəyə üz tutdum.  İndicə jurnalist xanıma dedim ki, mən bura yazıçı kimi gəlmişəm, millət vəkili kimi yox. Demək olar ki, 30-a yaxın kitabım çap olunub. Kitablarımdan gətirmişəm ki, şagirdlərə hədiyyə edim. Kim əlaçıdırsa, ona kitab verilsin. Nəzərə almaq lazımdır ki, 300 şagirdə kitab gətirə bilmərəm. Bir-ikisini məktəbin kitabxanasına qoysunlar. İstəyənlər ordan götürüb oxusun. Sizin suallarınıza cavab verməyə gəlmişəm. Bir sözlə, sizinlə söhbətləşməyə gəlmişəm. Nə istəsəniz soruşa bilərsiniz. Sizə səmimi cavab verəcəm. Fikirləşib danışmıram, ürəyimdə nə var, onu deyirəm”.

Məktəbin 10-cu sinif şagirdi Aysel Xəlilovanın “Cıdır düzündən baxanda vətən necə görünür” sualını özünəməxsus cavablandıran yazıçı, həm də həmin şagirdə o səfalı yerlərə getməyi arzulayıb:

“Cıdır düzündə olmaq xoşbəxtlikdir. Ordan da baxanda vətən əl içi kimi görünür. İndi oralar laləli, nərgizli bir cənnətdir. Şuşalısan, hə? Qismət olsun, o yerlərə gedəsən. Orada yaşayasan, onda nə demək istədiyimi anlayarsan”.

Digər 10-cu sinif şagirdinin “Ümummilli lider Heydər Əliyev siyasətinin cizgilərini sözlə necə izah edərsiniz” sualına yazıçı  belə cavab verib:
“Heydər Əliyev gəldi və Azərbaycan dövlətini qurub-yaratdı. Özünün gözəl bir sözü vardı: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. İndi Azərbaycan dünyaya günəş kimi doğub. Və bu qələbələrimiz- 2020-ci il qələbəmiz Heydər Əliyevin qurduğu ordunun, apardığı siyasətin nəticəsidir. Heydər Əliyev həmişə deyirdi ki, biz Qarabağı azad edəcəyik. Ağdamlılar, şuşalılar, laçınlılar- hamınz öz evinizə gedəcəksiniz. Bizim bu arzumuzu Heydər Əliyevin  siyasətini davam etdirən Cənab Prezident İlham Əliyev həyata keçirdi.”

Məktəbli Aytac Həsənova isə “Ağcəbədidə doğulub, Ağdamda yaşamısınız. Yəqin ki, işğaldan sonra Ağdama getmisiniz. Xatirələrinizdəki Ağdamla, yenidən qurulan Ağdam arasında fərq nədir” sualı ilə yazıçıya üz tutub:

“Mən əslində elə Ağdamda doğulmuşam. Bizim kənd –Bayat kəndi zamanında Ağdamın kəndi olub. Sonra rayonları böləndə olub Ağcəbədinin kəndi. Amma 3-cü sinifə keçəndə Ağdam köçdük. O vaxt Ağcəbədi kənd idi, amma Ağdam şəhər idi. Ona görə də atam Ağdamda yaşamağı seçdi. Ağdamda 10 orta məktəb, rus məktəbi ,kino-teatr , mədəniyyət evi, musiqi məktəbi, dörd texnikom vardı. Və şəhər də abad idi. Ağdam bizim kəndə çox yaxın idi, amma Ağcəbədi ilə aramızda 32km məsafə var.  O Ağdamın bir başqa ətri var. Yeni qurulan Ağdamın da başqa ətri olacaq.”

Məktəblilərdən birinin “Dolu” romanı ilə bağlı sualına cavab verən yazıçı, eyni adlı filmin davamının olacağını söyləyib:

“Dolu” romanında da, eyni adlı filmdə də  məğlub olmuş bir xalqın taleyin yazmışam, amma  sonda qələbəsin yazmışam ki, piyada gedirlər Ağdama. Şəhidlər komandirə qoşulurlar gedirlər Ağdama. Yəni şəhidlər ölməyiblər. İlk məqsədim bunu millətə çatdırmaq olub. Və filmdən 8 il sonra həmin yol ilə biz piyada Ağdama getdik. Yəni mənim yazdıqlarım həqiqət oldu. Əsərin yox, amma filmin davamın yazmışam. Mədəniyyət Nazirliyinə  təqdim etmişəm. Yəqin ki, film çəkiləcək”.

10-cu sinif şagirdi Quliyev Arif  yaşıdlarından fərqli olaraq yazıçıya futbolla bağlı sual ünvanlayıb: Mayın 31-də Çempionlar Liqasının final qarşılaşması olacaq. Bütün futbolsevərlər bu oyunu maraqla gözləyir. Niyə “Qarabağ” axıra  qədər bütün mərhələlərdə irəliləyə bilmir”
“Bu gün “Qarabağ”ın “Şamaxı”, “Səbail”lə oyanyıb, sabah “Bayer”lə oynamağı mümkün deyil. Gərək komanda o qədər güclü olsun ki, gedib Avropada oynaya bilsin. Digər komandaların da Avropada oyun münayiş etdirməsi üçün kifayət qədər güclü olmağı vacibdir.

Zamanında futbolçular elə olub ki, maaş ala bilməyiblər, ancaq həvəslə oyun oynayıblar. “Qarabağ” 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. “Qarabağ” komandası 12 dəfə Çempion olub. Bu qələbənin 11-i komandanın baş məşqçisi Qurban Qurbanovun zəhmətidir. O, komanda ilə məsuliyyətlə məşğul olur”.

Yazıçı kitablarından məktəblilərə imzalı şəkildə hədiyyə edib. Məktəbin şagirdi Aysel Tarıverdiyeva “ Sarı gəlin” mahnısını ifa edib.

Sonda müəllim və şagirdlər millət vəkili ilə xatirə şəkli çəkdirib.

Əntiqə Kərimzadə