16 Oktyabr 2024 17:03
103
SİYASƏT

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

 

Oktyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında növbəti iclası keçirilib.

Bu barədə Adalet.az-a MM-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda birinci oxunuşda müzakirəyə çıxarılan “Minatəmizləmə haqqında” yeni qanun layihəsi (birinci oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri Arzu Nağıyev məlumat verib.

“Minatəmizləmə haqqında” yeni qanun layihəsini müzakirəyə təqdim edərkən komitə sədri Azərbaycanın dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edib. O deyib ki, ərazimizin təxminən 12 faizi Ermənistan tərəfindən mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Vurğulanıb ki, Ermənistan minalardan təkcə hərbi məqsədlər üçün deyil, mina terroru həyata keçirmək üçün də geniş şəkildə istifadə edib. Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməməsi məsələsinə diqqət çəkən komitə sədri 44 günlük Vətən müharibəsi başa çatandan indiyədək əksəriyyəti mülki şəxs olan 370-ə yaxın vətəndaşımızın minaların qurbanı olmasından danışıb.

Arzu Nağıyev qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və 1998-ci ildə yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA bu istiqamətdə böyük işlər görüb.
Müzakirəyə çıxarılan yeni qanun layihəsinin də minatəmizləmə prosesinə ciddi təkan verəcəyini deyən komitə sədri layihənin strukturu, sənəddə təsbit olunan tənzimləmələr barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi 3 fəsil 14 maddədən ibarətdir. 1-ci fəsildə istifadə olunan əsas anlayışların mənaları, qanunun tətbiq dairəsi müəyyən edilib. 2-ci fəsildə mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tələblər, təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinin xüsusiyyətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət və s. məsələlər öz əksini tapıb. 3-cü fəsildə isə yekun müddəalar müəyyən olunub.

Gündəliyin 2-ci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Arzu Nağıyev bildirib ki, layihə “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gəlir və uyğunlaşdırma məqsədi ilə hazırlanıb.

Qanun layihələrinin müzakirəsində komitə üzvləri Aqil Abbasov, Hikmət Məmmədov, Gülşən Paşayeva, Elman Məmmədov, Qaya Məmmədov, Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Səbinə Salmanova, Samir Vəliyev, Erkin Qədirli, Ramid Namazov, Kamal Cəfərov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Kəmalə Paşayeva çıxış ediblər, təqdim olunan sənədlər barədə fikirlərini və qeydlərini bildiriblər, suallarını səsləndiriblər.

Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov müzakirədə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.

İclasda müzakirə edilən qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nicat Novruzoğlu